Bakının Nizami rayonunda qadın keçmiş ərinə xəsarət yetirməkdə ittiham olunub.
Gender.az bildirir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, Tərtər rayon sakini, 1997-ci il təvəllüdlü Leyla keçmiş əri Mahir (adlar şərtidir – red.) ilə mübahisə edib.
İstintaq sənədlərinə görə, Leyla keçmiş ərinin yaşadığı ünvana gəlib və 3 azyaşlı övladını götürmək istəyib. Bu zaman Mahir etiraz edib və uşaqları vermək istəmədiyi üçün aralarında mübahisə baş verib.
Mübahisə zamanı Mahir Leylanı sinəsindən itələyərək evdən çıxarmaq istəyib. Bundan qəzəblənən Leyla qisas almaq niyyəti ilə Mahirin sifətinə əli ilə şillə vurub və dırnağı ilə sifətini cızıb.
Leylanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə təqsirləndirilən Leyla ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Mahirlə rəsmi nikahı olmasa da, 7 il ailəli olub, həmin birlikdən 3 övladı var:
“5 ildir ki, Mahirdən ayrılmışam və 3 övladım isə mənimlə birlikdə yaşayır. Məlum hadisədən əvvəl kirayədə qaldığım evi dəyişdiyim üçün övladlarımı Mahirin yaşadığı ünvana apardım”.
Leyla qeyd edib ki, məlum hadisə günü Mahirin anasına telefonla zəng edib və uşaqlarını götürmək istədiyini bildirib:
“Anası etiraz etmədi və mən uşaqlarımı götürmək məqsədilə Mahirin yaşadığı ünvana getdim. Qapını döydüm, lakin qapını açan olmadı. Təkrar qapını döydükdə qapı özü-özünə açıldı. Mən Mahirdən uşaqlarımı mənə verməsini istədim. Lakin Mahir uşaqları verməyəcəyini bildirdi. Mahir mənim kirayədə qaldığım evdə pişik olduğunu bəhanə edərək uşaqları verməkdən imtina etdi. Mahir məni sinəmdən itələyərək qapıdan çıxarmaq istədi. Bu zaman özümü müdafiə etmək üçün əl atdıqda dırnağım onun üzünü cızdı. Mən ona şillə vurmamışam”.
İş üzrə zərərçəkmiş Mahirin sözlərinə görə, Leyla kirayədə qaldığı evi dəyişdiyini bildirərək uşaqların onun yanında qalmalarını istəyib və onları onun yaşadığı ünvana gətirib:
“Məlum hadisə günü Leyla uşaqlarla görüntülü danışan zaman onun yeni kirayə tutduğu mənzildə pişik olduğunu gördüm. Uşaqları pişik olan evə aparmasına narazılıq etdim və evin şəraiti gigiyenik olmadığı üçün uşaqları ona verməyəcəyimi dedim. Mobil telefonla danışarkən Leyla ilə aramızda sözlü mübahisə yarandı, onun nömrəsini blokladım”.
Mahir qeyd edib ki, həmin gün saat təxminən 22 radələrində Leyla onun yaşadığı ünvana gəlib və uşaqları götürmək istədiyini bildirib: “Mən etiraz etdim və bu zaman aramızda mübahisə yarandı. Mübahisə zamanı Leyla şillə ilə sifətimdən vurdu və dırnağı ilə sifətimə xəsarət yetirdi”.
Mahir ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışmadığını, dövlət ittihamçısının istədiyi cərimə cəzası ilə razı olduğunu, Leylanın uşaqlarının anası olduğunu nəzərə alaraq ona ən yüngül cəzanın verilməsini istəyib.
Nizami Rayon Məhkəməsinin hökmü ilə Leyla 1000 manat miqdarında cərimə edilib.