Bəzi köhnə məscidlərdə qiblənin yanlış müəyyən edildiyi iddia olunur. İllər əvvəl İçərişəhərdə yerləşən Ləzgi məscidində qiblə istiqamətində dəyişiklik edilib. Daha sonra isə sələfilərin ibadət etdiyi Göy məsciddə də eyni dəyişiklik tətbiq olunanda bu məsələ müəyyən narazılıqlara səbəb olub. Məlumatlara görə, imamın mehrabda düzgün istiqamətdə namaz qılmadığı bildirilir. Bu məsələlər iddiları gücləndirib.
Demokrat.az-a məsələ ilə bağlı açıqlama verən transpersonal psixoloq İlqar Kərimov illər əvvəl qiblə məsələlərinin ara-sıra gündəmə gəldiyini, lakin o qədər də aktual olmadığını bildirib.
Onun sözlərinə görə, bu cür məsələlər ciddi ixtilaf olmadan müzakirə edilirdi:
“Çünki qiblə Günəşin çıxdığı və batdığı istiqamətlər arasında müəyyən edilə bilər. Müəyyən şəxslərin riyazi araşdırmaları daha yüksək dəqiqlik tələb etdiyi üçün belə iddialar irəli sürülə bilir. Bir sıra şəxs isə qiblə məsələsini bəzi məzhəb nümayəndələrinin qeyri-dəqiqliyi, məsuliyyətsizliyi və ya elmsizliyi ilə əlaqələndirir. İllər boyu bir istiqamətdə ibadət edən şəxslərin hisslərinə bu cür müzakirələr müəyyən qədər toxuna bilər. Lakin sonradan məlum olarsa ki, dəqiqlikdə problem var, bu aradan qaldırılmalıdır. Çünki həm sünni, həm də şiə məzhəbləri qiblənin Kəbə olduğunu qəbul edir”.
İlqar Kərimov əlavə edib ki, bəzi məzhəb nümayəndələrinin Kəbə istiqamətinə namaz qıldıqdan sonra üzlərini başqa ziyarətgahlara çevirərək salam göndərmələrinə görə də bu iddiaların bir qismi ortaya çıxa bilər:
“Bu isə qəlblərin hara bağlı olduğunu da əks etdirir. Kimi üçün Kəbə kifayətdir, artığını bidət adlandırır, kimi üçün isə şəriətin tələb etdiyi kifayət etmir, namazdan sonra əlavə əməllər edirlər və bunu irfani, qəlbi məsələlərdən hesab edirlər və s. Ləzgi məscidində də, Göy məsciddə də qiblə korreksiya olunubsa, burada bir problem yoxdur. Əslində sələfilər dini məsələlərdə dəqiqliyi sevir və bunu, ifrat araşdırmalara getmədən, vacib sayırlar. Qibləmiz birdir. Məkkədəki Kəbə, Məscidül-Həram. Ləzgi məscidinə gəlincə isə, təbii ki, istəyim budur ki, bu tarixi məscid hər zaman açıq qalsın və oyunbazların siyasətinin qurbanı olmasın”.