Dəniz və okean canlılarının nəhəng ölçülərə çatmasının əsas səbəbi suyun yaratdığı üzmə qüvvəsidir. Bu qüvvə bədənin böyük çəkisini dəstəkləyir və cazibə qüvvəsinin təsirini azaldır.
Gender.az “qaynarinfo.az”a istinadla xəbər verir ki, bu barədə "Discoverwildlife" nəşri yazır.
Məlumata görə, su mühitində yaşayan heyvanlar yerüstü canlılar kimi bədəni daşımaq üçün qalın və ağır sümüklərə ehtiyac duymur. Bu da onların daha iri ölçülərə çatmasını asanlaşdırır.
Digər mühüm faktor termotənzimləmədir. Heyvan nə qədər böyükdürsə, onun səth sahəsi ilə kütləsi arasındakı nisbət bir o qədər azalır. Bu xüsusiyyət xüsusilə soyuq qütb sularında və okeanın dərin, qaranlıq qatlarında bədənin istiliyini qorumağa kömək edir.
Dərin okean zonalarında canlıların metabolizmi xeyli yavaşıyır. Bu isə onların çox yavaş, lakin uzunmüddətli böyüməsinə şərait yaradır. Bəzi növlər onilliklər, hətta əsrlər boyu böyüməyə davam edə bilir. Nəticədə nəhəng kalmarlar, Qrenlandiya köpəkbalıqları və digər dərin dəniz canlıları formalaşır.
Okean ekosistemində enerji mənbələri də böyük rol oynayır. Açıq okean çox vaxt "dəniz səhrası" kimi təsvir olunsa da, bəzi bölgələrdə plankton və krill kimi enerji ilə zəngin orqanizmlərin kütləvi toplanması müşahidə olunur. Bu zonalar dərinlikdən qidalanan böyük canlılar üçün "enerji oazisləri" rolunu oynayır.
Xüsusilə balinalar kimi filtrasiya ilə qidalanan növlər bu zəngin resurslardan istifadə edərək nəhəng bədən ölçülərini qoruyur.
Alimlər qeyd edirlər ki, bu amillər təkcə indiki dövrdə deyil, təxminən yarım milyard il əvvəl mürəkkəb həyatın yaranmasından bəri dəniz ekosistemlərinin inkişafına təsir göstərib və tarix boyu bir çox nəhəng növlərin yaranıb yox olmasına səbəb olub.