Bu ilin iyun ayının 11-də 100 min manat nizamnamə kapitalı olan “Olives Azerbaijan Food İndustry and Foreign Trade” MMC (VÖEN – 3105150311) adlı şirkət dövlət qeydiyyatına alınıb.
Yeni yaranan şirkətin hüquqi ünvanı Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi ev 6-cı km.-də yerləşir.
Şirkətin qanuni təmsilçisi Türkiyə vətəndaşı Erdinç Selvidir.
Məlumat üçün bildirək ki, Erdinç Selvi Böyük Britaniyada yerləşən “Diles Holding” adlı şirkətin təsisçisi və rəhbəridir. 1955-ci il təvəllüdlü Erdinç Selvi hazırda Londonda “86-90 Paul Street, London, EC2A 4NE” ünvanında qeydiyyatda olan aşağıdakı şirkətlərin direktoru vəzifəsini icra edir.
12 yanvar 2022-ci ildə qeydiyyata alınan “Natures England Fruit Juice And Food Industry Foreign Trade Ltd”;
11 yanvar 2022-ci ildə qeydiyyat alınan “Diles Airlines Europe Foreign Trade And Logistics Ltd”;
4 mart 2019-cu ildə qeydiyyata alınan “The Elegances Club London Textile Industry Foreign Trade Ltd”;
30 avqust 2018-ci ildə qeydiyyat alınan “Olives Britannia Foreign Trade Co Ltd”.
“Diles Holding”in rəsmi
veb-saytında qeyd olunur ki, şirkət Avropada, ABŞ-də yerli ofisləri və Türkiyə, Azərbaycanda istehsalat fabrikləri olan Londonda yerləşən korporativ müəssisədir. “Diles Holding” Azərbaycanda zeytun istehsalından başqa geyim biznesi ilə də məşğul olur. Holdinqə bağlı olan
“The Elegances Club Baku” premium qadın və kişi geyimlərinin dizayneri, istehsalçısı və topdansatışçısıdır.
Qeyd edək ki, “Diles Holding”in
saytında onlara məxsus “Olives Britannia” adlı brendin də olduğu bildirilir. Lakin, açıq internet resurslarda belə bir brend haqqında heç bir məlumat mövcud deyil.
Onu da bildirək ki, bu ilin ilk 5 ayı ərzində Azərbaycandan xarici ölkələrə 325,8 ton saflaşdırılmamış, əla növ birinci sıxma zeytun yağı ixrac olunub. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə Azərbaycandan xaricə bu məhsulun ixracı olmayıb. Bu il ixrac olunan zeytun yağının 1 litrinin orta gömrük dəyəri 5,8 dollar (9,9 manat) olub.
Azərbaycan zeytun yağını aşağıdakı ölkələrə satıb:
İspaniya – 110 ton
Rusiya – 82,2 ton
İsrail – 44 ton
Türkiyə – 38,5 ton
Kanada – 2,31 ton
Gürcüstan – 4,75 ton
Birləşmiş Ərəb Əmirlikləri – 44 ton
Xatırladaq ki, bu ilin iyun ayında Azərbaycanda zeytun yağının pərakəndə satış qiyməti 17 manat olub və ilin əvvəli ilə müqayisədə 1 manat və ya 6,3% bahalanıb.\\Yeniavaz.com