Bütün dünyanı bürüyən pandemiyanın insanlar üzərində təkcə fiziki deyil, həm də psixoloji fəsadları artmaqdadır.
Virusun yeni yayılmağa başladığı dövrlərdə dünya ölkələrində boşanma sayı, məişət zorakılığı rekord həddə çatdı. Lakin bir müddət sonra insanlar virusa qalib gəlmək üçün həm də mənəvi bir savaşa girməli olduqlarını anladılar. Bizdə isə...
Sosial şəbəkələrdə, küçədə, marketlərdə vətəndaşlarımız bir-birinə düşmən kəsilib. Vətəndaşlarımızda polisə, hərbçilərə, həkimlərə, dövlət rəsmilərinə heyrət doğuracaq bir formada nifrət formalaşıb. Başa düşürəm ki, hər kəsin istirahət, səyahət, əyləncə planları suya düşüb, amma kondisionerli evimizdə oturarkən 40 dərəcə istidə küçələrdə vəzifə borcunu yerinə yetirən polis və hərbçilərimizi sosial şəbəkələrdə qınamaq nə qədər böyük ədalətsizlikdir?
Ağzımıza maska taxıb, şortiklə, rahat paltarda icazəmizi alıb marketə gedirkən saatlarla küçədə dayanıb, vətəndaşların sənədini yoxlayan şəxslərə bu cür birmənalı olmayan yanaşma eyib deyilmi? Sərhəddə keşiyimizdə duran hərbçilərimiz bizi düşmənlərdən qoruyursa, paytaxtda qalın formada, çəkmədə, ağızlarında maskada olan hərbçilərimiz bizi gözügörünməz başqa bir düşməndən qoruyur. Məgər onlar Murovdağdakı hərbçilərdən daha azmı əziyyət çəkir?
Saatlarla kombinzonda vətəndaşların keşiyində duran həkimlərimiz özləri məgər pandemiyaya qarşı olan müharibəmizdə savaşçı deyillər?
Aprel savaşını necə qazandığımızı xatırlayırsızmı? Biz bu savaşı təkcə əsgərlərimiz və müasir silah texnologiyalarımızla deyil, vətəndaş həmrəyliyi ilə, xalq olaraq düşmənə qarşı birlik nümayiş etdirməklə, bir-birimizi qorumaqla, bir-birimizə sevgi ilə qazandıq.
Cəmi 4 il öncəki savaşı yada salın: hamı eyni cür düşünürdü, hamı BİR idi, hamı bir-birinə sevgi aşılayır, bir-birinin başına dönürdü...
İndi də savaşdayıq. Bu dəfəki savaşdakı düşmənimiz bütün dünyanı cənginə alan pandemiyadır. Və onun bizim Apreldə qalib gəldiyimiz düşməndən daha təhlükəli, daha güclü olduğunu unutmuşuq.
Pandemiyaya qalib gələ bilmək üçün yeganə şansımız polisimizə, hərbçimizə, həkimlərimizə sahib çıxmaq, bir-birimizə arxa olmaq və ən əsası, bir-birimizə sevgi ilə yanaşmaqdır.
Gəlin sosial şəbəkələrdəki nifrət dolu paylaşımlarımızı silib ataq; gəlin bir-birimizə yalnız pozitiv enerji ötürək; gəlin bir-birimizə yalnız gülümsəyək; gəlin, bu çətin günlərdə vətəndaşa xidmət edən kəslərə – market satıcısından tutmuş sənədlərimizi yoxlayan hərbçilərə qədər, hər kəsə – heç olmasa bir təbəssüm bəxş edək, bircə kəlmə xoş söz deyək.
Gəlin onlara göstərək ki, çəkdikləri bu əziyyətin bizim üçün olduğunu başa düşürük və onların yanındayıq.
Biz pandemiyaya yalnız sevgi ilə qalib gələ biləcəyik.\\Axar