Casus Reyssin son reysi – O, Fransadan İsveçrəyə qaçsa da, Stalinin edam əmri yerinə yetirilib
O, qərbi Avropada sovet kəşfiyyat şəbəkəsinin yaradıcılarından biri olub. İqnati Reyss 17 il ərzində keçirdiyi əməliyyatlarda, Moskvanın tapşırıqlarının icrasında bir dəfə də olsun kiçik səhvə belə yol verməyib, xidməti vəzifəsinə sədaqəti ilə fərqlənib. Reyssin sədaqət “nümunə”lərindən biri də uzun illər boyu xidmət etdiyi orqanda baş verən haqsızlıqlara, günahsız insanların məhv edilməsinə göz yumması olub. Sonda isə onun özünün də aradan götürülməsinə hökm verilib. Bu hökmün icrasını İosif Stalin “İqnati Reyss və ailə üzvləri ən qısa müddətdə məhv edilməlidir” göstərişi ilə birbaşa “NKVD”-nin rəhbəri Nikolay Yejova həvalə edib.
Maraqlıdır, İqnati Reyss hansı səbədən sovet liderinin amansız qəzəbinə tuş gəlib, Stalin “sədaqətli” kəşfiyyatçının aradan götürülməsi haqqında niyə təcili qərar verib?
1899-cu ildə Ternopolda anadan olan İqnati orta təhsilini Lvovda alıb. İlk əmək fəaliyyətinə dəmiryolu stansiyasında fəhlə kimi başlayıb. 1920-ci ildə Reyss Moskvaya köçüb, Fövqəadə Komissiyada (FK - ÇK) xidmətə başayıb.
Cəmi iki il ərzində Reyss son dərəcə çevik, mürəkkəb situasiyalarda düzgün qərar verməyi bacaran, çətin məqamlarda çıxış yolu tapa bilən kəşfiyyatçı kimi tanınıb. 1922-ci ildə ona qərbi Avropa ölkələrində kəşfiyyat və agentura şəbəkəsinin yaradılması işi tapşırılıb. O, xüsusilə Berlində, Londonda, Vyanada, Amsterdamda geniş şəbəkənin yaradılmasına nail olaraq Moskvanı ən məxfi informasiyalarla təmin edə bilib.
1930-1932-ci illərdə Reyss fəaliyyyətini Moskvada Kominterndə davam etdirib, Polşa seksiyasına rəhbərlik edib. 1932-ci ildə o, rəhbərliyin qərarı ilə Parisə göndərilib, Fransanın paytaxtında Reyss sahibkarlıq fəaliyyəti altında, bir neçə mağazaya sahib olan iş adamı statutusunda kəşfiyyatla məşğul olub.
1937-ci ildə xarici ölkələrdə fəaliyyət göstərən xüsusi xidmət orqanları əmkdaşlarının işi Kremldə müzakirə ediləndə, Stalin bu qapalı iclasdakı çıxışında kəşfiyyat və agentura şəbəkələrinin fəaliyyətini sərt tənqid edib. Bu tənqid Nikolay Yejov üçün bir növ proqram xarakteri daşıyıb. Məhz həmin iclasdan sonra xaricdəki xüsusi xidmət orqanları əməkdaşlarının bir çoxları Moskvaya geri çağrılıb və onlar ən yaxşı halda 5-10 il müddətinə sürgünə göndəriliblər.
Reyss həmkarlarına qarşı olan bu münasibətdən, həbslərdən, sürgünlərdən tam məlumatlı olub. O, yaxşı tanıdığı insanların həbsə atılmasını, güllələnməsini qəbul edə bilməyib.
1937-ci ilin iyun ayında Reyss Moskvadan teleqram alıb. Teleqramda onun təcili SSRİ-yə qayıtmağı göstərilib. Əsas kimi qeyd edilib ki, Reyss növbəti tapşırıqları rəhbərlikdən əyani şəkildə almalıdır.
Sözsüz ki, kəşfiyyatçı Reyss bu “əsas”ın hiylə olduğunu dərhal anlayıb və həmin günlərdə o, Meksikada məskunlaşan Lev Trotskidən də məktub alıb. Trotski Reyssə Moskvadakı vəziyyəti anladıb, ona həbs ediləcəyini bildirib. Qeyd edək ki, Trotski ilə Reyss arasında hələ 1920-ci illərdən olduqca yaxın münasibətlər qurulub.
17 iyul 1937-ci ildə Reyss Fransanın aparıcı kütləvi informasiya vasitələrində sovet rejiminə və Stalinin əleyhinə geniş məqalə ilə çıxış edib. Bu açıqlamalar böyük səs-küyə səbəb olub. Reyssin aşağıdakı fikirləri isə Stalinin qəzəbinə daha çox səbəb olub:
“Biz SSRİ deyəndə sosializm cəmiyyətini göz önünə gətiririk. Amma belə bir düşüncə ilə hamımız yanılırıq. Sosializm o vaxt qələbə çalacaq ki, insanlar həm kapitalizmdən, həm də eyni zamanda Stalin rejimindən xilas olacaq. Hələ ki sosializm qələbə çalmayıb. Hələ ki diktatura, qorxu, xof rejimi hökm sürərək kütləvi insan qırğınlarına səbəb olur...”
Bu çıxışdan bir gün sonra Stalin Yejova Reyssin və ailə üzvlərinin fiziki məhv edilməsi ilə bağlı göstəriş verib. Elə bu çıxışdan bir gün sonra da Reyss Fransanın tərk edərək İsveçrəyə keçib.
Reyssin öldürülməsi üçün bir qrup “NKVD” əməkdaşı Fransaya ezam edilib. Onlar Reyssin İsveçrəyə qaçdığını biləndən sonra həmin ölkədəki agentura şəbəkəsini işə salıblar.
4 sentyabr 1937-ci ildə Reyssin meyidi Lozanna yaxınlığında aşkar edilib. Onun harada öldürüldüyünü dəqiqləşdirmək mümkün olmayıb. Reyss öldürüldükdən sonra maşınla şəhər ətrafına gətirilərək kimsəsiz və boş bir əraziyə atılıb. Həmin maşında Reyssin qan izləri aşkar edilib.
Mətbuatda qətl hadisəsi haqqında çoxsaylı informasiyalar gedib. Bu informasiyalarda qətlə yetirilənin Çexoslovakiya vətəndaşı Hans Eberxard olduğu göstərilib. Onun üstündən məhz bu adama məxsus olan sənəd çıxıb. Stalinin göstərişi ilə İsveçrədəki sovet kəşfiyyatçıları bu səhvi düzəltdiriblər. Qətlə yetrilən şəxsin məhz Reyss olduğu haqqında yeni informasiyalar dərc edilib. Stalin bunu qəsdən edib ki, digər xüsusi xidmət orqanlarının əməkdaşları da bilsinlər ki, SSRİ-dən üz döndərən digər həmkarlarının aqibəti də belə olacaq.
Sonralar Reyssin kimlər tərəfindən qətlə yetirildiyi aydın olub. Kəşfiyyaçını “NKVD”-nin agentləri olan Boris Afanasyev və Vladimir Pravdin aradan götürüblər. Onlar Reyssə 12 dəfə atəş açıblar, güllələrdən 7-si onun bədəninin ayrı-ayrı nahiyələrinə, 5-i isə üzünə dəyib. Reyss açılan atəşlərdən tanınmaz hala düşüb.
Reyssin ailəsi isə İsveçrə hökumətinin köməkliyi ilə Amerikaya köçüb.
İlham Cəmiloğlu, Musavat.com