Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Yun çırpdığı üçün dəlixanaya salınan azərbaycanlı

Gender.Az Lent.Az-a istinadən Tahir Tahiroviçin "Yunçırpan" hekayəsini təqdim edir.
Azərbaycandan 10 il vardı ayrılmışdı Hikmət. Bu illər ərzində mühacir kimi çox əziyyət çəksə də savadlı və təhsilli olması Avstriyada özünə yer tutmasına imkan vermişdi.
Bayaqdan əli cibində Dunay sahili boyu gəzirdi. Çayın sakit axan qara sularına baxa-baxa doğma Arazı xatırlayırdı. Düzdür, Arazın suyu belə qara olmasa da yazın ortalarında eynən Dunay kimi gurlayıb çağlamağı da vardı. Hə, bir də uşaqlıq dostları Zeli və Qırıxla Arazda balıq tutardılar, yayda günün istisindən qaçıb çayda sərinlənərdilər...
Siqaretini söndürüb prospektə tərəf yollandı. Bayırda bir işi qalmamışdı, evə gedib dincəlmək istəyirdi. 
Hikmət saxtakarlıqla sənəd düzəldib "mühacir" adını qazanan həmyerlilərindən adətən uzaq gəzməyə çalışırdı. Bununla belə mühacirlərin məhkəmələrinə də həmişə özü getməyə məcburdu. Çünki alman və fransız dillərini səlis bilirdi. 
Yaxınlıqdakı marketdən pivə alıb evə qalxdı. Təzəcə televizoru yandırıb Miloş Formanın filminə baxırdı ki, qapı möhkəm döyüldü. Hikmət diskindi. Elə bil kimsə bu dəqiqə qapını yerindən qoparacaqdı. Avstriyada qapını bu cür yalnız həmyerliləri döyə bilərdi. Ona görə də oğlunu yolladı ki, qapını açsın.
Əjdər idi. Özünü təngnəfəs içəri salıb nəfəsi kəsilə-kəsilə dedi:
- Hikmət qardaş, kömək elə. Arvadı polislər apardı.
Tələm-tələsik geyinib Əjdərlə polis məntəqəsinə yollandı. Polis rəisi Rudi Fazbinder onu salamlayıb otağına dəvət elədi. Əjdərin həyat yoldaşı Tükəzbanın həbs olunmasının səbəbini soruşdu. Cənab Rudi bildirdi ki, onlarlıq bir iş yoxdu. Əjdərin yoldaşını qonşuları xanım Matera Hanpelin şikayəti əsasında tutub dəlixanaya təhvil veriblər: "Qalanını ordan öyrənin."
Dilxor olan Hikmət həmyerlisinə kömək üçün yenidən yola düzəldi. Dunay çayının sağ sahilində yerləşən psixiatriya mərkəzinə gəldi. Baş həkim Selena Müller təbəssümlə Hikməti salamladı. Hikmət Əjdərin həyat yoldaşı Tükəzbanı soruşdu. Həkim dedi, o, artıq müalicə üçün palataya yerləşdirilib. Onu da əlavə etdi ki, Tükəzban ən azı 3 ay orda qalmalıdır.
Hikmət həkimlə danışıb dedi ki, Tükəzbanın 55 yaşı var, ərinin də indiyə kimi həyat yoldaşından heç bir şikayəti olmayıb.
Arvadının və özünün adını eşidən Əjdər gözlərini tez-tez qırpıb, yazıq-yazıq Hikmətə baxırdı. Həkim sözünə davam etdi:
- Onların qonşusu Matera Hanpel bizə şikayət edib. Biz də öz növbəmizdə polislə birgə onu bura gətirdik.
Hikmət şikayətin səbəbini soruşdu.
Doktor:
- Xanım Hanpel bizə zəng vurub dedi ki, həyətimizdəki mühacir qadının başına hava gəlib. Qonşular, eləcə də cəmiyyət üçün təhlükəlidir. O, binanın həyətindəki çəmənliyə parça sərib və əlində uzun çubuqla yun çırpır.
Hikmət bütün vasitələrdən yararlanıb həkimə anlatmaq istədi ki, yun çırpmaq dəlilik əlaməti deyil, bunu onlarda bütün qadınlar edir.
Həkim Hikməti diqqətlə dinləyib sual verdi:
- Axı o yunu hardan tapıb yığıb və niyə onu döyür?
Hikmət həkimə başa saldı ki, yun Azərbaycandan döşəyin içində gəlib. Azərbaycanda Avstriyadan fərqli olaraq yun yorğan-döşəkdə yatırlar.
Həkim bu izahdan sonra ayağa qalxıb Əjdərə dedi ki, həyat yoldaşına başa sal, yunu həyətdə döyməsin. Hikmət həkimin dediklərini Əjdərə azərbaycanca başa saldı və təbii ki, həkimin döymək sözünü çırpmaq kimi çevirdi.
Tükəzbanı buraxdılar. Əjdər yol boyu arvadını danlayırdı ki, bir daha yunu həyətdə çırpmasın: "Dədən evindən gətirdiyin o çubuğunu da əlindən alıb qıracam."
Tükəzban evə çatar-çatmaz bayaqdan həyətin ortasında atılıb qalmış yun qalağına doğru getdi. Hikmət isə evə qayıtdı. Yenidən televizorun qarşısına keçib pivənin qapağını açmaq istəyirdi ki, qapı bayaqkı kimi yenə döyüldü. Qapını özü açdı. Əjdər bu dəfə ağlayırdı:
- Hikmət qardaş, arvadı yenə polislər apardı!
Hikmət polis idarəsinə çatanda cənab rəis Rudi Fazbinder elə qapıdanca əli ilə işarə etdi ki, gedin dəlixanaya, yenə ora apardıq. Yenidən dəlixanaya yollandılar.
Psixiatriya mərkəzinin baş həkimi xanım Selena Müller Hikməti görən kimi özü söhbətə başladı:
- Qüsura baxmayın, cənab Hikmət. Siz gedəndən 20 dəqiqə sonra qonşuları xanım Matera Hanpel yenidən zəng vurub şikayətləndi ki, bu dəlini niyə buraxmısız? Biz polislə birlikdə təkrar həyətə gedəsi olduq. O, yenə bir topa yunun içində oturmuşdu. Düzdür, bu dəfə əlində çubuq görünmürdü. Amma yunu əlinə alıb didirdi. Sizcə bu normaldırmı? Bəlkə sizinkilər üçün normaldır, bizim insanlar isə belə mənzərəyə öyrəşməyiblər. Unutmayaq ki, bura Avstriyadır, cənab Hikmət!
Baş həkimin bu qəti sözlərindən sonra Tükəzbanı bir daha buraxdırmaq mümkünsüz idi. Əjdər 3 ay arvadsız qalmalı olacaqdı. Bəs saxta sənədlə mühacir ünvanı alanda bilmirdi hara gəlir?
Arvadının dəlixanaya düşməsi ilə barışmaq istəməyən Əjdərin rəngi avazımışdı. Hikmət ona güc-bəla ilə izah elədi ki, heç nə eləmək mümkün deyil. Bundan sonra Əjdər büzüşüb elə bil yumağa döndü: "Gedib arvad üçün sovqatdan, döşəkdən zaddan düzəldim, xəstəxanada quru yerdə yatmasın..." Hikmət istədi yenə nəsə deyib Əjdəri başa salsın ki, heç nə lazım deyil, amma yorulmuşdu. Cibindən siqaret çıxarıb yandırdı, Dunayın sahili ilə yumaq kimi yomalanan Əjdərin dalınca göz atıb üzünü çaya çevirdi.
Bu vaxt həzin külək əsdi. Tükəzbanın yunları hardansa üzə çıxıb qar topası kimi göydə uçuşmağa başladı və uçub-uçub qağayı təki düz gəlib Dunay çayının üzünə qondu, bircə-bircə. Bir azdan Hikmətin dayandığı yerdən keçən yun topaları gülərüzlə həmyerlilərini salamlayacaqdılar.

Tarix: 02 mart 2023
Baxış: 337

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş