Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Qəbir ziyarəti

Sual: İslam dini baxımından qəbir ziyarətləri necə olmalıdır? İnsanlar qəbir üstünə getdikləri vaxt hansı məsələlərə diqqət yetirməlidirlər?
Cavab: Muhəmməd peyğəmbər qəbir üstünə getməyi tövsiyə edib. O, bu barədə belə buyurub:
Qəbirləri ziyarət edin, bu, sizə axirəti (o biri dünyanı) xatırladar. ((İbn Macə, Sünən, Cənaiz, 47.))
Qəbir və türbələri ziyarət edərkən İslamın əsl məğzi, eləcə də tövhid (tək allahlılıq, monoteizm) anlayışı ilə ziddiyyət təşkil edən, etiqad baxımından zərərli olan davranış və tutumlardan uzaq durmaq lazımdır. Çünki dinimizdə qəbirlərin ziyarət edilməsiylə əlaqədar bəzi prinsiplər var.
Bu prinsiplərə əsasən qəbir ziyarəti vaxtı aşağıdakı hallara qətiyyən yol verməmək lazımdır:
1 - Türbələrdəki ölüləri fövqəlbəşər varlıqlar hesab etmək və onlar haqqında: "Bu şəxslər Allahın sevimli bəndələridir. Allah onların sözünü qəbul edər və xətirlərinə dəyməz", - deyib onları Allahla özləri arasında vasitəçi etməyə çalışmaq;
2 - Qəbir üstünə getməyi dini bir borc kimi qəbul etmək;
3 - Qəbirlərə əski parçası və qatma bağlamaq, orada şam, çıraq və sairə yandırmaq;
4 - Türbə, pir və qəbirlərdə yatan ölülərə nəzir etmək;
5 - Belə yerlərdə qurban kəsmək;
6 - Konfet, şəkər, noğul, nabat və bunlara oxşar şeylər paylayıb kömək diləmək;
7 - Qəbir üstündə ucadan ağlayıb səs-küy salmaq;
8 - Qəbirlərin ətrafındakı dəmir və daşları öpmək, onları qucaqlayıb ağlamaq.
Belə şeylər tövhid dini olan İslamın hökmlərinə heç cür uyğun gəlməyən şeylərdir. Ölülərdən nəsə ummaq və onlardan bir şey gözləmək şirk, başqa sözlə, Allaha şərik qoşmaqdır. Şirk isə Allah Təalanın heç vaxt bağışlamayacağını bildirdiyi yeganə günahdır. Qurani-Kərimdə bu barədə belə deyilir:
"Allah Ona şərik qoşulmasını əsla bağışlamaz, onun xaricindəkiləri (günahları) istədiyi şəxs üçün bağışlayar. Kim Allaha şərik qoşsa, doğru yoldan tamamilə çıxar". ((Nisa, 4/116.))
Qəbir üstünə gedib ölüləri ziyarət edən insan axirəti yada salmalı, dünyanın müvəqqəti olduğunu və bir gün özünün də öləcəyini fikirləşməlidir. Qəbrin yanına gələndə: "Ey möminlər yurdunun sakinləri! Sizə salam olsun! İnşallah biz də sizin cərgənizə qoşulacağıq. Allah bizdən və sizdən ölmüş və ölməmiş olanlara rəhmət etsin. Allahdan bizə və sizə mərhəmət diləyirik. Ey Allahım! Bunlara rəhmət et, bağışla onları. Onları Cəhənnəm əzabından qoru və Cənnətinə qoy", - deyib dua etmək də olar.
QEYD: Pirlər, türbə, ocaq və ziyarətgahlarla əlaqədar bir tədqiqat işi ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür. \\Milli.Az

Tarix: 26 noyabr 2022
Baxış: 257

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş