Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Elmar Məmmədyarov: "Sülhməramlıların Qarabağda yerləşdirilməsində təhlükə görmürəm"
 
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Modern.az-ın suallarını cavablandırıb.
Həmin müsahibəni təqdim edirik:
– Elmar müəllim, bir neçə gün bundan qabaq ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıya gəldilər və Prezident İlham Əliyev onları qəbul etdi. Artıq Qarabağ münaqişəsi Minsk qrupunun köməkliyi olmadan həll edilib. Bundan sonra Minsk qrupunun fəaliyyəti necə olacaq?
– ATƏT-in Minsk qrupu hələ işləyir. Çünki onların mandatları var. Minsk qrupunun üzərinə düşən Madrid prinsipləri və digər məsələlər vardı ki, bunlar tam formada dəyişib. Bununla da Minsk qrupunun konteksi dəyişilib. Təbii ki, ATƏT-in Minsk qrupundan narazılıq vardı. O səbəbdən ki, 30 ilə yaxın müddətdə  ancaq sülhə çağırış edirdilər. Bundan əlavə, cəmi iki dəfə – 2005 və 2010-cu illərdə  ATƏT-in fəaliyyətdə olan faktaraşdıcı missiyasını yerinə yetiriblər. Ancaq ermənilərin bizim torpaqlardan çıxmalarını təmin edə bilmədilər. Bizim bundan sonra onlardan bir istəyimiz var. Ermənilərlə azərbaycanlıların sülh  şəraitində yaşamasını təmin etsinlər.

– Rusiya sülhməramlıları Qarabağda yerləşdirilib. Buna baxmayaraq, bir neçə gün öncə Hadrutda ermənilər tərəfindən terror həyata keçirildi. Və  Azərbaycan Xüsusi Xidmət Orqanları əks-hücum əməliyyatları aparmaq məcburiyyətində qaldı. Bölgədə sülhü bu cür təmin edəcəklər, yoxsa necə?
– Belə atışmalar olacaq. Çünki bütün ermənilər eyni fikirdə deyil. Onların arasında elə adamlar var ki, “ölümə hazırıq, amma hücum edək” fikrindədir. Ermənilərin xisləti budur. Rusiya olmur, digər ölkələrin sülhməramlıları olsun, fikri dəyişdirmək çətin olacaq. Buna baxmayaraq, biz o əraziləri təmizləməyi davam etdirməliyik. Başqa yolumuz yoxdur. Cənab prezidentin də dediyi kimi, əgər Azərbaycan vətəndaşlığını qəbul edirsinizsə, yaşayın. Əgər qəbul etmirsinizsə, canla-başla avtobusa oturub çıxıb gedin.
– Əhali arasında Rusiya sülhməramlıları ilə bağlı təşviş var. Bölgəyə ağır texnika yeridilib. Bundan başqa, Qarabağa sülhməramlı adı altında digər sahələrin adamları da yerləşdirilir. 1960 nəfər nəzərdə tutulsa da, əraziyə yerləşdirilən süıhməramlıların sayının 3000-ə yaxınlaşdığı iddia olunur. Bunu necə anlamaq olar?
– Məndə bölgəyə 3000-ə yaxın süıhməramlının yerləşdirilməsi barədə məlumat yoxdur. Bu barədə bir söz deyə bilmərəm. Rəsmi üçtərəfli bəyanata əsasən, 1960 hərbçi gəlib. Sənəddə ağır texnika barədə də məlumat var. Sülhməramlıların bölgəyə yerləşdirilməsində o qədər də təhlükə olduğunu görmürəm. Çünki bunların hamısı bəyanat çərçivəsində var. Faktiki olaraq bu bəyanat sülhməramlıların mandatını da müəyyənləşdirir. 5 ildən sonra mandat necə olacaq, onu zaman göstərəcək.
– Bildiyiniz kimi, bölgəyə Türkiyə hərbçiləri də yerləşdiriləcək. Türkiyə hərbçilərinin bu məsələdə iştirakını necə qiymətləndirirsiniz?
– Hamı deyir ki, Türkiyə Azərbaycana tam şəkildə dəstək verdi. Halbuki, Türkiyə təkcə Azərbaycana yox, beynəlxalq hüquqa dəstək verib. Həm Qərb, həm də Rusiya mediası yazır ki, Türkiyə Azərbaycanın tərəfini tutur. Türkiyə isə qanuni baxımdan beynəlxalq hüquqa üstünlük verir. Beynəlxalq hüquqda ilk növbədə BMT Təhlükəsizlik Şurasının qətnamələri var. Orada hər şey yazılıb. Erməni qoşunları çıxmalı və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Gördüyünüz kimi, beynəlxalq hüquq da Azərbaycanın tərəfindədir. Digər tərəfdən isə Türkiyə hərbçilərinin bölgəyə gəlməsi çox önəmlidir.
– Elmar müəllim, sonuncu sualımı verəcəm: 30 ilə yaxın müddətdə Azərbaycan diplomatiyası Qarabağla bağlı üzərinə düşən işi yerinə yetirdi. Bundan sonra Azərbaycan diplomatiyası xaricdə işini necə qurmalıdır? Çünki müharibə bitsə də, fərqli bir savaş başlayır.
– Zamanında işimizin 90%-i xaricdəki səfirlərimizlə birgə torpaqlarımızın işğaldan azad edilməsinə yönəlmişdi. İndi torpaqlarımız işğaldan azad edilib. Bu gün sülh baxımından çalışmalıyıq ki, stabillik yaradaq. Ən önəmli məsələ prosesləri izləməkdir. Tezliklə regionda stabillik olmalıdır. Təbii, bu heç də asan olmayacaq. Çünki ermənilərin beynini o qədər doldurublar ki, onu təmizləmək çətin olacaq. Hesab edirəm ki, buna da nail olacağıq.
Tarix: 14 dekabr 2020
Baxış: 358

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş