Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Qəbul imtahanının nəticəsi AÇIQLANDI – LİNK

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 26 may 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.
Bu barədə Gender.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
İmtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.
Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 48 978 abituriyentdən (II qrup üzrə 23 874 nəfər, III qrup üzrə 25 104 nəfər) 1994 nəfər (II qrup üzrə 1 259 nəfər, III qrup üzrə 735 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 16 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 394.0 bal toplayan Bakı şəhər Humanitar fənlər təmayüllü məktəb-liseyin məzunu Əliyev Turan Anar oğlu göstərib. O, imtahanın birinci mərhələsində 281.7 bal toplayıb. Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 693.9 bal toplayan Xırdalan şəhər 2 saylı orta məktəbin məzunu Novruzova Şəbnəm Ramin qızı göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 393.9 bal toplayıb.
Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 397.0 bal toplayan Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu Hacıyeva Zeynəb Hünər qızı göstərib. O, imtahanın birinci mərhələsində 290.0 bal toplayıb. Hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 692.5 bal toplayan M.Ələkbərov adına Tovuz şəhər məktəbinin məzunu Məhərrəmzadə İlahə Rəşad qızı göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 392.5 bal toplayıb.
Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 13 iyun saat 10:00-dan 15 iyun saat 17:00‑dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:
• Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;
• İmtahan iştirakçılarının müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
• İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.
Bundan sonra abituriyentlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.
Cavab kartında təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.
Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.
Müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi tarixləri haqqında əlavə məlumat veriləcək.
Xatırladaq ki, I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat iyunun 17-dək davam edəcək. İmtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=133) daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçə bilərlər.

Tarix: 11 iyun 2024
Baxış: 102

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş