Hesablama Palatası tərəfindən Mədəniyyət Nazirliyi və Kino Agentliyində yoxlama aparılıb.
Hesablama Palatasından Gender.Az-a verilən məlumata görə, audit Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi (bundan sonra Nazirlik) və Kino Agentliyi publik hüquqi şəxs (bundan sonra Agentlik) tərəfindən dövlət sifarişi ilə filmlərin çəkilməsi və kino tədbirlərinin keçirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinin, eləcə də kinostudiyalar tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının hüquqi aktlara uyğunluğunun qiymətləndirilməsi məqsədini daşıyıb, 2022-ci ili və 2023-cü ilin 01 avqust tarixinədək olan dövrü əhatə edib.
Auditlə Nazirlik və Agentlikdən əlavə olaraq C.Cabbarlı adına "Azərbaycanfilm”, “Salnamə” və “Filming Azerbaijan” studiyaları, eləcə də, Azərbaycan Dövlət Film Fondu əhatə olunmuş, tabelikdə olan studiyalara auditlə əhatə olunan dövrdə dövlət vəsaiti ayrılmamış və icra edilməyib. Auditlə ümumilikdə 10,7 mln. manat vəsaiti əhatə edilib.
Hesablama Palatasının əvvəlki illərdə həyata keçirdiyi audit eyni predmet məsələləri əhatə etmiş, cari auditlə ötən nəzarət tədbirinin nəticələri üzrə tədbirlərin həyata keçirilmədiyi və nöqsanların aradan qaldırılmadığı müəyyən olunmuşdur. Belə ki, kinematoqrafiya sahəsində hüquqi aktların təkmilləşdirilməməsi ötən dövr ərzində də dövlət sifarişinin əhatə dairəsinin və filmlərin bu dairəyə uyğunluğunun qiymətləndirilməsi, həmçinin müsabiqələrin ədalətlilik və şəffaflıq prinsiplərinə uyğun keçirilməsi imkanlarını məhdudlaşdırıb.
Əvvəlki auditlə müəyyən edildiyi kimi, cari auditdə də dövlət vəsaitlərinə tələbat və icra göstəriciləri arasında kəskin fərqlər olmuş, filmlərin istehsalında ilkin olaraq özəl studiyaların iştirakı proqnozlaşdırılmasa da, il ərzində bu studiyalara 9 film ilə bağlı vəsait ödənilib, icra zamanı ilkin nəzərdə tutulandan 2,7 dəfə az sayda bədii film çəkilib, 1 filmə proqnozlaşdırılmış məbləğdən 34,8% daha çox vəsait sərf edilib.
Cari auditlə keçirilmiş müsabiqələrin nəticəsi kimi seçilmiş layihə və ssenarilər üzrə müqavilələrin bir çox hallarda bağlanılmadığı, növbəti illərdə isə yenidən analoji müsabiqələrin keçirildiyi müəyyən olunmuş, 2015-2020-ci illərdə 282,5 min manat məbləğində satın alınmış 20 ssenari üzrə film istehsal edilməmişdir.
2022-ci ili əhatə edən müsabiqə gecikdirmələrlə icra olunub, 2023-cü ildə isə auditin əhatə etdiyi dövrün sonunadək müqavilələr bağlanılmayıb və layihələrin icrası təmin olunmayıb, vəsaitin icra səviyyəsinin aşağı olması da məhz bu amillərlə bağlı olub.
Auditin əhatə etdiyi illərdə müsabiqələrdə iştirak etməyən filmlər də maliyyələşdirilib, 2 dövlət studiyasına 922,1 manat, digər studiyalar üzrə 6 filmə 3,5 mln. manat büdcə vəsaiti əvvəlki illərdə müsabiqədənkənar layihələr üzrə yönəldilib.
Seçilmiş ssenarilər üzrə çəkilməsinə qərar verilmiş bəzi filmlər müxtəlif səbəblərdən konservasiya edilmişdir ki, bu da maliyyələşdirilmiş hissə üzrə vəsaitin səmərəsiz xərclənməsinə yol açıb. Bu halların bəziləri üzrə, ümumiyyətlə, filmin istehsalının başlanılması barədə müvafiq əmr verilməyib, həmçinin film istehsalı işlərinin müvəqqəti dayandırılması və ya xitam verilməsi müvafiq əmrlə rəsmiləşdirilməyib. 2022-ci ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ilə bağlanmış 3, "Salnamə" studiyası ilə bağlanmış 1 müqavilənin icrası başa çatdırılmayıb, həmin müqavilələr üzrə 304,7 min manat vəsait ödənilib.
Əvvəlki auditdə olduğu kimi, bu auditlə də bir sıra hallarda bağlanılmış müqavilələrin icra müddəti bitdikdən sonra, filmin başa çatdırılmaması səbəbindən bir sıra hallarda əlavələr edilməklə müqavilənin icra müddətinin uzadıldığı, bəzi hallarda belə uzadılmaya rəğmən istehsalın başa çatdırılmadığı, auditin əhatə etdiyi dövrdə bu halların 3,0 mln. manata yaxın vəsaiti əhatə etdiyi müəyyən olunub.
Ümumiyyətlə, həm ötən, həm də cari auditin nəticələrinə əsaslanaraq filmlərin dövlət kinostudiyalarında istehsalının təmin edilməsində əsas məqsədin həmin kinostudiyaların saxlanılma məqsədi daşıdığını, filmlərin dəyərinin bu məqsəd üzrə müəyyənləşdirildiyini qeyd etmək olar.
Dövlət və özəl studiyalarda 2022-2023-cü illərdə istehsal olunan filmlərin müqavilə üzrə qeyd olunmuş parametrlərinin (həcmi, növü, formatı) Dövlət Film Fonduna təhvil verilmiş göstəriciləri ilə müqayisəsi bu ya digər istiqamətdə fərqlərin olduğunu göstərmişdir.
Dövlət sifarişlərinin yerinə yetirilməməsi səbəbindən bir sıra hallarda kinostudiyalarla bağlanılmış müqavilə çərçivəsində filmlərin istehsalına ayrılmış vəsaitin icra prosesində təyinatının dəyişdirilməsi hallarına yol verilmiş, bəzi hallarda isə müştərək maliyyələşmə üzrə öhdəliklər yerinə yetirilməmişdir ki, bu məqamlar da filmlərin ilkin dəyərinin artıq müəyyənləşdirildiyini qeyd etmək imkanı verir. Həmçinin bağlanılmış müqavilənin şərtləri pozularaq çəkilmiş filmin müstəsna yayım hüququnun Nazirliyin razılığı alınmadan üçüncü şəxsə verilməsi halı da müəyyən olunub.
Nazirlik tərəfindən tədbirlərin keçirilməsi ilə bağlı satınalmalarda ehtimal olunan qiymətin bir çox hallarda müəyyənləşdirilməməsi eyni xidmət üzrə fərqli qiymətlərin formalaşmasına səbəb olmuş, eləcə də müqavilələrin düzgün tərtib edilməməsi və qüvvədə olan normalara əməl olunmaması artıq xərclərə yol açıb. Bəzi hallarda təsdiqedici sənədlərin alınmaması vəsait-nəticə uyğunluğunun ədalətli müəyyənləşdirilməsinə şərait yaratmayıb, bir sıra hallarda tədbirlərin və müqavilələrin müddətlərinin uyğunlaşdırılmaması xidmətin dəyərinin daha uzun müddət üçün ödənilməsi ilə artıq vəsait icrasına səbəb olub.
Dövlət büdcəsindən filmlərin çəkilməsi və tədbirlərin keçirilməsi üçün ayrılmış vəsait hesabına xarici ölkələrdə və respublika daxilində keçirilən kino tədbirlərində iştirak etmək üçün bəzi hallarda xərclər təkrar maliyyələşdirilib, həmçinin xarici ölkələrdə fəaliyyət göstərən rejissorların dövlət sifarişi ilə çəkilməyən filmlərinin festivallarda iştirakının maliyyələşdirilməsinə vəsait ödənildiyi müəyyən olunub.
Qeyd edilib ki, dövlət sifarişi ilə çəkilmiş filmlərdən əldə edilmiş gəlirlərin kinostudiyaların daxilolmalarında kiçik paya malik olması, həmçinin filmlərin gecikdirmələrlə başa çatdırılması və ya konservasiya edilməsi kino istehsalı üzrə fəaliyyətin müasir çağırışlara uyğunlaşmadığı nəticəsini formalaşdırıb. Belə ki, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına filmlərin nümayiş hüququna görə vəsait əsasən sovetlər dövründə istehsal olunmuş filmlərin nümayişindən daxil olmuş, dövlət sifarişi ilə istehsal olunan filmlərin nümayişi ilə bağlı Nazirliyin tabeliyində olan “Nizami” Kino Mərkəzində 2022-ci ildə cəmi 8, 2023-cü ilin yanvar-iyul aylarında isə cəmi 14 milli film nümayiş etdirilib və bu filmlərin hamısı özəl kinostudiyalarda istehsal olunub.
Dövlət sifarişi əsasında 2022-2023-cü illərdə istehsalı başa çatdırılmış 15 bədii, sənədli və animasiya filmi beynəlxalq festivallarda iştirak etməmiş, 5 film isə müxtəlif festivallarda iştirak edərək 1 və ya daha çox mükafata layiq görülüb.
Ötən auditdə olduğu kimi, cari auditlə də müəllif qonorarları və sair ödənişləri tənzimləyən hüquqi aktların uzun illər əvvəl qəbul olunması və yenilənməməsinin bir sıra artıq və düzgün olmayan ödənişlərə səbəb olduğu müəyyənləşdirilib. Eləcə də, bu aktlarda yaradıcı heyət üzrə tərkibin konkret müəyyənləşdirilməməsi digər köməkçi heyət kimi ayrı-ayrı şəxslərlə müqavilələrin bağlanmasına da şərait yaratmışdır ki, nəticədə dövlət vəsaitlərinin təyinatı üzrə və düzgün istifadəsində risklər formalaşıb.
Bəzi hallarda filmlərin çəkilişində iştirak edən digər icraçılar tərəfindən hesabatlılığın təmin edilməməsi məqsəd-nəticə uyğunluğunun qiymətləndirilməsi imkanlarını məhdudlaşdırmış, eyni işlər üzrə təkrar ödəmələrin aparılması və filmlərin tam dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilməsi ilə nəticələnib.
Vergi qanunvericiliyinin tələblərinin gözlənilməməsi dövlət büdcəsinin gəlirləri ilə bağlı öhdəliyin tam yerinə yetirilməməsi ilə nəticələnmiş, eləcə də film istehsalı ilə bağlı bağlanan mülki-hüquqi müqavilələr üzrə ödəmələrin təsdiq olunmuş haqlara uyğun nəzərdə tutulmaması və aylıq ödəniş haqqı nəzərdə tutulmayan istiqamətlərə vəsait ödənilməsi məqsədli ayırmalara əlavə tələbat formalaşdırmışdır.
Kinostudiyaların zəruri və müasir avadanlıqlarla təchiz olunmaması film istehsalının keyfiyyətinə təsir edən əsas amillərdən biri olmuş, bu müəssisələr tərəfindən dövlət əmlakından səmərəli istifadə edilməmiş və hesabatlılıqda nöqsanlara yol verilmiş, mühasibat uçotunun müvafiq qaydada aparılması təmin olunmayıb. Qəbul edilmiş Kollegiya qərarında kinostudiyalar üzrə hesablanmamış və uçota alınmamış vergi və sosial ödənişlərin dəqiqləşdirilmiş vergi bəyannaməsinə daxil edilərək şəxsi hesablara işlənilməsi, bəzi istiqamətlər üzrə artıq ödənilmiş və hesabda qalmış vəsaitlərin bərpası, avadanlıqların uçota alınması nəzərə alınıb, aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin olma ehtimalı diqqətə alınaraq müvafiq materiallar Baş Prokurorluğa göndərilib.