Azərbaycanlı zəvvarların ilk qrupu iki gün əvvəl vətənə dönüb, digər qayıdış isə iyulun 11-dək davam edəcək. İslam dininin müqəddəs ziyarəti sayılan Həcc mərasiminə ölkəmizdən zaman-zaman məşhur simalar da qatılıb. Bu müqəddəs ocağa getmək arzusunda olanlar isə kifayət qədərdir.
Bu il Azərbaycandan Həcc ziyarətinə gedənlər arasında “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev də var. O, zəvvarların ilk qrupu ilə Səudiyyə Ərəbistanına gedib, ziyarətini başa vuraraq geri qayıdıb.
Vaxtilə Həcc ziyarətində olan məmurların və deputatların siyahısı araşdırılıb:
Həcc ziyarərində olanlar arasında Daşkəsən rayon icra başçısı Əhəd Abıyev var. İcra başçısı açıqlamalarından birində, Həcc ziyarətinə getsə də, ona "həci" deyə müraciət edilməsini sevmədiyini qeyd etmişdi. Hətta müqəddəs ziyarətə getdiyi halda məclisdə badə qaldırması ilə bağlı icra başçısının qalmaqallı açıqlaması da gündəm olmuşdu:
“İçki məclislərində iştirak edirəm, içki stolunda da əyləşirəm. Yoldaşlar içir, sağlıqlar deyirlər. Düzdür, içmirəm, amma badəni qaldırıram. Deyilən sağlıqlara şərik oluram. Badəni qaldırmaq o demək deyil ki, içki içirsən. Bu, bir mikrofondur, qaldırırıb sağlığını və sözünü deyirsən. İçki içmək isə məcburi deyil. Mən ibadətimi qəlbən, daxilən edirəm. Reklam üçün etmirəm. Bu ibadətimi mən öz daxil aləmimdə edirəm. Allahla öz aramızda. Reklam və şou yaratmaq naminə ibadət etmirəm”, - deyə icra başçısı vurğulamışdı.
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının keçmiş sədri, 1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifəsində çalışan Tağı Əhmədov da Səudiyyə Ərəbistanında - Həcc ziyarətində olub.
Sabiq millət vəkili Gülər Əhmədova da müqəddəs Kəbəni ziyarət edib.
Hacı olanlar arasında Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev də var. Bir müddət öncə o, şəhid ailəsi ilə bağlı yaranmış qalmaqala münasibət bildirərkən "Mən Həci adamam, elə şey etmərəm",- demişdi.
Sabiq deputat Qalib Salahzadə 32 dəfə müqəddəs Həcc ziyarətinə gedib. Hacı Qalib Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin qudasıdır.
Sabiq millət vəkili Hadı Rəcəbli də hacıdır. O, hələ 2012-ci ildə yerli mətbuata verdiyi açıqlamada bunları deyib: "Kəbə evinə təkrar getməyi düşünürəm. Hazırda Həccə getməyi planlaşdırmıram. Allah ömür verər, məqam olarsa, Həcc ziyarətinə bir dəfə də gedərəm".
Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 1 440 zəvvar gedib. Onların arasında yalnız bir tanınmış sima – “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev olub.
Bu il bir nəfərlik ziyarət paketinin qiyməti 5 750 ABŞ dolları təşkil edib.
Mənbə: Bizim.Media