Xəbər lenti
Reklam
"Ərim yatandan sonra onu polisə verdim"

Xırdalanda 46 yaşlı kişinin arvadına xəsarət yetirməsi ilə bağlı məhkəmə prosesi başa çatıb.

Gender.Az bildirir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Turan fərdi yaşayış evinə alkoqol sərxoşluğu vəziyyətində gəlib və həmin ünvanda onunla bərabər yaşayan arvadı
Züleyxanın (adlar şərtidir – red.) ona növbəti dəfə evə alkoqol sərxoşluğu vəziyyətində gecə saatlarında gəlməsinə görə irad bildirməsi zamanı onlar arasında həmin səbəblərdən ailə-daxili münaqişə zəminində mübahisə yaranıb. 

Bu narazılıqla bağlı mübahisə baş verən mübahisə zamanı o, arvadının üzərinə hücum edib, əl, yumruq zərbələri ilə onun müxtəlif nahiyələrinə,  təpik zərbələri ilə isə ayaq və bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr vurub. 

İş üzrə izahat verən Turan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, ad günü olan gün içkili olub və evə gəldikdən sonra yatmaq istəyib: “Bu zaman Züleyxa əlindəki küt alətlə məni vurmaq istəyən zaman özümü müdafiə etdim. Bunun nəticəsində barmağım arvadımın gözünə dəydi. Onu vurmamışam, heç bir xəsarət yetirməmişəm. Arvadım mənə şər atır”. 

İş üzrə zərərçəkmiş Züleyxanın sözlərinə görə, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır: “Turan ilə 2007-ci ildə ailə həyatı qurmuşam. Birgə nigahdan 2008, 2010, 2016-cı il təvəllüdlü üç övladımız var. Əvvəllər Turanla münasibətlərimiz yaxşı olsa da, son zamanlar spirtli içki qəbul etməsi üstündə aramızda mübahisələrimiz baş verir”. 

Zərərçəkmiş qeyd edib ki, sonuncu dəfə məlum hadisə günü, gecə saat 2 radələrində Turan yenə də növbəti dəfə spirtli içkinin təsiri altında yaşadığı evə gəlib:

“Mən də Turana həm sərxoş olduğu üçün, həm də evə gec saatlarında gəlməsinə görə sözlə irad bildirdim. Bu səbəbdən aramızda mübahisə baş verdi. Mübahisə zamanı Turan əsəbiləşərək üzərimə gəldi və əl, yumruq zərbələri ilə ağız, sifət, göz, təpiklə isə ayaq və bədənimin digər nahiyələrinə vuraraq məni döydü. Sonra isə yatdı. Mən də Turanın barəsində polis idarəsinə ərizə ilə müraciət etdim”.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə Turan 8 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində Abşeron rayonu hüdudlarını tərk etməsi, həmçinin bu müddətdə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı evi tərk etməsi qadağan olunub.

Bundan başqa, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Fariz Məlikli
Tarix: 18 may 2026
Baxış: 26

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş