Bu il Qarabağ əlilləri üçün nəzərdə tutulan avtomobillərin verilməsi hələ baş tutmayıb.
Ötən illər avtomobillərin verilməsinə aprel ayından başlanıldığından, budəfəki yubanma maraq doğurub.
Əmək və Əhalini Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıblı Cebhe.info-ya açıqlamasında bildirib ki, nəzərdə tutulan avtomobillər ilin sonuna qədər sahiblərinə veriləcək:
“Avtomobillərin may ayınadək təhvil verilməsi haqqında heç bir xəbər yoxdur. Avtomobillərin alınması üçün qanunvericiliyə uyğun olaraq prosedur hazırlanır. Proses hələ də davam edir, yaxın zamanlarda bitəcək və avtomobillər müharibə əlillərinə veriləcək”.
Mətbuat katibinin sözlərinə görə, bu il ərzində 600-dən çox avtomobilin Qarabağ əlillərinə verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, ötən il Qarabağ əlillərinə 265 avtomobil verilmişdi. Avtomobillərin117-si aprelin 9-da təqdim olunmuşdu.