"Bir azərbaycanlının digər bir azərbaycanlı ilə rus dilində danışmasını anlamıram" - Millət vəkilindən SƏRT AÇIQLAMA
Təhsil işçilərinin sentyabr konfransında Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, nazir müşaviri Elnur Əliyev şagirdlərin yazılı cavablarında Türkiyə türkcəsinə və bəzi hallarda rus dilinə aid sözlərdən istifadə olunmasının müşahidə edildiyini bildirib.
Maraqlıdır, şagirdlərin yazılı və şifahi nitqində Türkiyə türkcəsinə və rus dilinə aid sözlərdən istifadə etməsinin qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Bu vərdişlərin ibtidai siniflərdən formalaşmaması üçün müəllimlər və valideynlər hansı istiqamətdə çalışmalıdırlar?
Mövzu ilə bağlı Redaktor.Az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, əslində, bu, ciddi problemdir:
“Təbii ki, indi kimsə deyə bilər ki, türk dili bizim doğma dilimizdir. Biz özümüzü türk dilləri qrupuna aid edirik. Amma bizim özümüzün doğma dilimiz var. Bizim özümüzün doğma, danışdığımız bir dil var. Bu mənada hesab edirəm ki, şagirdlərimizin üzərinə böyük bir vəzifə düşür. Onlar dilimizin saflığını qorumalıdırlar”.
Millət vəkilinin sözlərinə görə, burada əsas vəzifə ailələrin üzərinə düşür:
“Ailələrimiz öz övladları üçün nümunə olmalıdır. Azərbaycan ailəsi evdə Azərbaycan dilində danışmalıdır, rus dilində yox. Mən ümumiyyətlə, bir azərbaycanlının digər bir azərbaycanlı ilə rus dilində danışmasını anlamıram.
Hesab edirəm ki, bu, ilk növbədə, ailədən başlayan bir prosesdir. İkinci, çox vacib məqam isə ondan ibarətdir ki, biz bu istiqamətdə məktəbin rolunu gücləndirməliyik. Məktəblərimiz bu məsələdə öz rolunu oynamalıdır. Müəllimlərimizin üzərinə də böyük məsuliyyət düşür. Müəllimlərimiz uşaqlarla hansı dildə danışır, hansı dildə ünsiyyət qururlarsa, uşaqlar da həmin formada irəliyə doğru gedəcəklər. Bu mənada uşaqlarımızın yetişməsində valideynlərimizin üzərinə düşən vəzifə ilə yanaşı, müəllimlərimizin də üzərinə böyük məsuliyyət düşür. Müəllimlər özləri təmiz dildə danışmalıdırlar, dillərinin təmizliyinə önəm verməlidirlər və uşaqların da bu istiqamətdə, bu yöndə böyüməsi üçün öz töhfələrini verməlidirlər.
Çünki qeyd etdiyim kimi, bu, çox vacib bir məsələdir. Valideynlərlə yanaşı, müəllimlər də uşaqların bu istiqamətdə yetişməsi və düzgün formalaşması üçün əllərindən gələni əsirgəməməlidirlər. Çünki müəllim məktəbdə bu məsələləri qorumursa, buna önəm vermirsə, uşaq da necə danışıldığını görürsə, həmin formada olacaq. Ona görə işin mahiyyətini anlayıb öhdəliklərimizi anlamalıyıq”.
Xədicə BAXIŞLI