Redaktor seçimi
    İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ
Xəbər lenti
Reklam
Müəllim özü güclü oxucu deyilsə, şagirdə oxu vərdişi necə aşılayacaq? - Təhsilverənlərə ÇAĞIRIŞ

"Şagirdlərdə oxu bacarığının zəif olması yalnız Azərbaycan üçün deyil, bir çox ölkələrin təhsil sistemləri üçün aktual məsələdir. Amma bizdə bu məsələ xüsusilə diqqət tələb edir. Çünki oxu bacarığı sadəcə mətni səsləndirmək və ya oxumaq deyil, oxuduğunu anlamaq, əsas fikri müəyyənləşdirmək, nəticə çıxarmaq, məlumatı təhlil etmək və onu başqa situasiyada tətbiq etmək bacarığıdır".
Gender.Az-ın məlumatına görə, bu fikirləri Redator.Az-a şagirdlərin oxu bacarığı haqqında danışan təhsil eksperti Vüsət Əzizov bildirdi. O əlavə etdi ki, bu bacarığın inkişafı üçün ilk növbədə ibtidai siniflərdən başlayaraq oxu mədəniyyəti formalaşdırılmalıdır:
"Şagirdə yalnız dərslikdəki mətnləri oxutmaq kifayət etmir. Müxtəlif janrlarda kitablar, hekayələr, publisistik və informativ mətnlər oxudulmalı, daha sonra həmin mətn əsasında şagirdə düşündürücü suallar verilməlidir.
İkinci vacib məqam müəllimin öz oxu bacarığıdır. Müəllim şagirdə oxu vərdişi aşılamaq istəyirsə, özü də güclü oxu və mətn təhlili bacarığına malik olmalıdır. Bu baxımdan sertifikasiya imtahanında oxu bacarıqları ilə bağlı sualların yer alması müsbət addımdır. Çünki müəllimin mətnlə işləmək, informasiyanı anlamaq və təhlil etmək bacarığı birbaşa onun tədris metodikasına da təsir göstərir.
Digər tərəfdən, oxu bacarığının inkişafını yalnız Azərbaycan dili və ədəbiyyat müəlliminin üzərinə qoymaq düzgün deyil. Riyaziyyat, tarix, biologiya, fizika və digər fənlərdə də şagird mətnlə işləyir. Ona görə bütün fənlər üzrə oxuduğunu anlama və məlumatı təhlil etmə elementləri gücləndirilməlidir".
Ekspert hesab edir ki, oxu məsələsində valideyn amili də əhəmiyyətlidir.
"Evdə mütaliə mühiti olmayan uşağın məktəbdə oxuya marağını formalaşdırmaq daha çətin olur. Valideynlər uşağın yalnız dərs və testlərlə məşğul olmasına deyil, yaşına uyğun kitab oxumasına da vaxt ayırmalıdır. Ən əsası isə uşağı kitab oxumağa məcbur etmək əvəzinə, onda oxumağa maraq yaratmaq lazımdır. Bunun üçün məktəblərdə mütaliə klubları, kitab müzakirələri, oxu müsabiqələri və layihələr daha geniş tətbiq oluna bilər. Oxu bacarığına ayrıca bir mövzu kimi deyil, təhsilin bütün mərhələlərində formalaşdırılan fundamental bacarıq kimi yanaşmalıyıq. Çünki şagird oxuduğunu düzgün anlamırsa, onun digər fənlər üzrə yüksək nəticə göstərməsi də uzunmüddətli perspektivdə çətinləşir", - deyə V.Əzizov vurğuladı.

NURİYYƏ

Tarix: 11 sentyabr 2026
Baxış: 29

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş