Dövlət Proqramının müsahibə mərhələsində qiymətləndirmə prosesi tam elektronlaşdırılıb.
Gender.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, ilk dəfə olaraq komissiya üzvlərinin namizədlərlə bağlı qiymətləndirmələri elektron sistem üzərindən həyata keçirilib.
"2022-2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində keçirilən müsahibə mərhələsində qiymətləndirmə prosesi ilk dəfə olaraq Xaricdə Təhsil İnformasiya Sistemi vasitəsilə aparılıb.
Yeni tətbiq edilən elektron qiymətləndirmə mexanizmi müsahibələrin daha şəffaf, operativ və etibarlı şəkildə qiymətləndirilməsinə imkan yaradıb. Sistem nəticələrin avtomatik emalını təmin etməklə yanaşı, insan faktorundan qaynaqlanan texniki səhvlərin minimuma endirilməsinə şərait yaradıb.
Bununla yanaşı, elektron qiymətləndirmə platforması bütün nəticələrin vahid məlumat bazasında toplanmasını təmin edərək, prosesin izlənilməsi və təhlilini daha səmərəli edib.
Bu yenilik Dövlət Proqramında rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi istiqamətində atılan növbəti addım kimi qiymətləndirilir", - deyə məlumatda bildirilir.