Xəbər lenti
Reklam
Məktəblərdə telefon istifadəsinə yalnız bir halda icazə verilməlidir - TƏKLİF

Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, müasir dövrdə uşaqların rəqəmsal asılılığının hansı səviyyədə olduğu gündəlik həyatda əyani şəkildə görünür və bu səbəbdən müəyyən məhdudiyyətlərin tətbiqi bir nəzarət mexanizmi və müdafiə tədbiri kimi zəruridir.
Bəs hansı məhdudiyyətlərin tətbiqi öz effektini verə bilər?
Media eksperti Səbinə İzzətli Redaktor.az-a bildirdi ki, məhdudiyyətlər adətən qadağa şəklində olmur:
"Bu məsələ tənzimləmə və balans üzərində qurulmalıdır. Müzakirələr gedir ki, uşaqlara 16 yaşından sosial mediadan istifadə icazəsi verilməlidir. Bu, bir çox ölkələrdə artıq tətbiq olunub. Yaş düzgün seçildikdə, əlbəttə ki, sosial şəbəkələrdə də təhlükəsizlik filtrləri işləməyə başlayır. Yəni uşağa uyğun olmayan kontentin görülmə riski azalır. Eyni zamanda ekran vaxtına nəzarətdən söhbət gedə bilər. Əlbəttə ki, valideynlər buna ciddi nəzarət etməlidir. Hesab edirəm ki, gündəlik istifadə limiti qoymağı bacarmalıyıq. Bu o deməkdir ki, valideynlər də bu mövzuda maariflənməlidirlər".


Mütəxəssis vurğuladı ki, digər tənzimləmə isə təhsil ocaqlarında ola bilər:
"Burada media savadlılığı artırılmalıdır. Şagirdlər, gənclər və uşaqlar rəqəmsal asılılığın nə olduğunu, alqoritmlərin necə işlədiyini bilməli və bu barədə maarifləndirilməlidirlər. Tərəfdarıyam ki, bu təcrübə bəzi özəl məktəblərdə tətbiq olunur. Hesab edirəm ki, məktəbdə telefon ümumiyyətlə yığışdırılmalıdır. Yəni telefon istifadəsinə yalnız dərs prosesinə cəlb olunacağı halda icazə verilə bilər və mütləq şəkildə nəzarət olmalıdır. Sadaladığım yanaşmaları birlikdə tətbiq etmək daha effektiv ola bilər. Çünki qadağa daim maraq oyadır və tam mənası ilə qadağa da mümkün deyil. Uşaqlar müxtəlif yollarla istədikləri zərərli kontentlə üzləşə bilirlər. Evdə də valideynlər, əlbəttə ki, buna nəzarət etməli, ekran məhdudiyyəti qoymalıdırlar. Gündəlik ekran limiti olmalıdır və eyni zamanda bəzi filtrləri də tətbiq etməyi bacarmalıdırlar ki, uşaqlar həmin kanallara və platformalara daxil olub onlara lazım olmayan məzmunla tanış ola bilməsinlər".

Aytəkin TOFİQQIZI

Tarix: 10 iyun 2026
Baxış: 23

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş