Xəbər lenti
Reklam
"İndi bərbər və aşpaz diplomlulardan çox qazanır"

Gənclərin ixtisası üzrə işləməməsi bu gün aktual sosial və iqtisadi məsələlərdən biridir. Bu vəziyyətin səbəbi təkcə fərdi seçimlər deyil, bir neçə amilin birlikdə təsiridir. Təhsil dövründə düzgün peşə yönləndirilməsinin olmaması bu problemin əsas mənbələrindən biridir. Eyni zamanda əmək bazarının tələbləri ilə universitetlərdə verilən biliklər arasında uyğunsuzluq mövcuddur. Nəticədə bir çox gənc aldığı ixtisas üzrə deyil, başqa sahələrdə çalışmağa məcbur qalır.

Məsələ ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu Demokrat.az-a bildirib ki, bunun tək səbəbi uğursuz seçim deyil, problem daha dərindir və bir neçə amilin üst-üstə düşməsi nəticəsində yaranır:

"Əsas problemlərdən biri ixtisas seçiminin düşünülmədən edilməsidir. Bir çox gənc ixtisası özü seçmir, valideyn təzyiqi, “adı var”, “balım bura çatır”, “hamı ora gedir” prinsipi ilə seçim edir. Nəticədə insan diplom alır, amma o sahəni sevmir. Çünki həmin sahə nə uğursuz sahədir, nə də bu şəxsin bilik və bacarıqlarına uyğun deyil.

Digər səbəb əmək bazarı ilə təhsilin uyğunsuzluğudur. Universitetlərdə bəzi ixtisaslar hələ də köhnə proqramlarla tədris olunur, bazarda isə tamamilə başqa bacarıqlar tələb edilir. Diplom var, amma praktiki bacarıq yoxdur".

Ekspert deyib ki, gənclərdə sadəcə diplom almaq düşüncəsi də bu problemlərdən biridir:

"Bəzi gənclər üçün məqsəd peşə sahibi olmaq yox, sadəcə ali təhsil almaq olur. Ona görə də 4 il sonra nə edəcəyini bilmədən məzun olurlar. Maaş və şərait problemi də buna təsir edən amillərdəndir. Bəzən insan öz ixtisasını sevir, amma həmin sahədə maaş çox aşağı olur və məcbur qalaraq başqa sahəyə keçir.

Azərbaycanda ən böyük problemlərdən biri peşə yönləndirilməsinin zəif olmasıdır. Məktəbdə uşaqların maraq və bacarıqları düzgün analiz edilmir. Halbuki hər şagird üçün universitet yeganə yol deyil. Kimisi texniki peşədə, kimisi sənətdə, kimisi də biznesdə daha uğurlu ola bilər.

Digər bir səbəb isə cəmiyyətin yanlış baxışıdır. Uzun illər “yalnız universitet oxuyan uğurludur” düşüncəsi formalaşıb. Nəticədə peşə təhsili ikinci plana atılıb. Halbuki indi yaxşı ustanın və texniki bacarığı olan şəxsin gəliri bir çox diplomlu şəxsdən yüksək ola bilir. Məsələn, bərbər, aşpaz, maşın təmirçisi və s.

Əslində problem uğursuz seçimdən daha çox, özünü tanımadan verilən qərarlardır. İnsan nəyi bacardığını, nəyi sevdiyini və əmək bazarının nə tələb etdiyini bilmədən seçim etdikdə, diplomla iş arasında ciddi bir uçurum yaranır",- deyə o qeyd edib. 

Əfsanə Kamal
Tarix: 20 may 2026
Baxış: 22

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş