"Proses sadəcə “axşam repetitorluğu” kimi davam edəcək" - Əməkdar müəllimdən yeni qərara REAKSİYA

"Elm və təhsil naziri Emin Əmrullayevin müəllimlərin dərs yükünü 18-24 saata salmaq və qalan vaxtı məktəbdaxili fəaliyyətə yönəltmək barədə açıqlaması doğru istiqamətdir, çünki saathesabı sistem illərdir həm maaşları, həm də peşə nüfuzunu aşağı salıb".
Bu fikirləri Redaktor.Az-a keçmiş deputat, Əməkdar müəllim Sona Əliyeva elm və təhsil naziri Emin Əmrullayevin müəllimlərin dərs yükünün 18-24 saat olacağı ilə bağlı verdiyi açıqlamadan qeyd etdi.
Keçmiş deputatın fikrincə, bu qərarın real nəticəsi onun necə tətbiq olunacağından asılıdır:
"Bu model kağız üzərində “könüllü” olsa da, praktikada müəllimləri seçim qarşısında qoya bilər: ya tam ştat işləmək, ya da sistemdən kənarda qalmaq riski. Repetitorluğun azalması yalnız o halda mümkün olacaq ki, məktəblərdə əlavə məşğələ və fərdi dəstək üçün real şərait - kabinet, resurs, infrastruktur - yaradılsın. Əks halda proses sadəcə “axşam repetitorluğu” kimi davam edəcək".
Sona Əliyevanın fikrincə, sertifikasiyada yüksək bal mütləq yüksək pedaqoji keyfiyyət demək deyil:
"Sistemin yaxşı müəllimi rəqəmlə yox, sinifdəki real təsiri ilə ölçməyə ehtiyacı var. Mən hesab edirəm ki, bu addım doğru ola bilər, amma yalnız bir şərtlə: əvvəlcə müəllimin işləyə biləcəyi şərait, resurs və aydın iş bölgüsü yaradılmalıdır. Əks halda, bu islahat forma dəyişəcək, mahiyyət isə olduğu kimi qalacaq".
Aytəkin TOFİQQIZI
Tarix: 13 noyabr 2025
Baxış: 27
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş