"Şokalad vermə trendi müəllimlərin obyektivliyinə təsir edə bilər" - Elnur Hacıyev
Son günlər yeni trend yaranıb: tələbələr müəllimlərinə şokalad və digər şirniyyatları sürpriz edirlər. Müəllimlər də gözləmədikləri bu situasiyaya olduqca xoş təəssüratla cavab verirlər. Bununla bağlı bir neçə video sosial şəbəkələrdə yayılıb.
Bəs bu cür trendlər müəllim-tələbə münasibətlərinə, təhsilin keyfiyyətinə necə təsir edir?
Mövzu ilə əlaqədar təhsil eksperti Elnur Hacıyev Redaktor.Az-a bildirdi ki, belə trendlər müəllimlə tələbə arasında emosional yaxınlıq yaradır və hörməti artırır:
"Belə trendlərin təsiri həm müsbət, həm də mənfi tərəfləri ilə qarşı-qarşıya gəlir. Müsbət tərəfdən bu cür davranışlar müəllimlər və tələbələr arasında yaxınlıq, təşəkkür və qarşılıqlı hörmət hisslərinin güclənməsinə səbəb ola bilər. Müəllimlər tələbələrin kiçik diqqətini yüksək qiymətləndirir, bu da onların motivasiyasını artıra bilər. Digər tərəfdən belə davranışların bəzi hallarda süni təəssürat yaratma ehtimalı da var. Bu cür jestlər yalnız "xoş görünmək" məqsədilə edilməməlidir, çünki səmimiyyətdən uzaqlaşa bilər və müəllimlərin obyektivliyinə təsir edə bilər".
Ekspert hesab edir ki, bu cür trendlər tələbələrin müəllimlərlə daha rahat ünsiyyət qurmasına və onlara daha açıq yanaşmasına imkan verir. Onun sözlərinə görə, tələbə-müəllim münasibətlərində səmimiyyətin artması təhsil prosesinə də müsbət təsir göstərə bilər.
"Ancaq mənfi tərəfdən bu vəziyyətlər təhsilin obyektivliyini, ədalətini və keyfiyyətini təhlükə altına qoymamalıdır. Müəllimlər və təhsil işçiləri, bu cür davranışlara qarşı diqqətli olmalı, təhsil mühitinin obyektivliyini qorumağa və şagirdlər arasında bərabər münasibətləri təmin etməyə çalışmalıdırlar. Hədiyyə vermək əvəzinə, tələbələrə təhsil sahəsindəki müvəffəqiyyətlərində dəstək vermək daha faydalı olar. Əgər bu cür trendlər balanslı və səmimi şəkildə davam edərsə, təhsil mühitinə pozitiv enerji gətirər. Ümumilikdə, bu trendlər təhsil sistemində emosional zənginliyi artırmaqda müsbət təsir göstərə bilər", - deyə Elnur Hacıyev bildirdi.
Sevinc İBRAHİMZADƏ