Xəbər verdiyimiz ki, dünən Rusiya prezidenti Vladimir Putin ölkəsində qismən səfərbərlik elan edib. Bundan sonra ölkədə müharibə əleyhdarları qismən səfərbərliyə qarşı ümum-Rusiya mitinqi elan ediblər.
Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, Putinin qismən səfərbərlik elan etməsi Ukrayna müharibəsində heç bir dəyişikliyə gətirib çıxarmayacaq:
“Rusiya prezidentinin imzaladığı qismən səfərbərliklə bağlı sərəncam dövlətin necə rəzil bir vəziyyətdə olmasının bariz göstəricisidir. Dünən hələ səfərbərliyin bir günü tamam olmamış, Rusiya bazarlarında, vağzallarında, sərhədlərində dəhşətli bir xaos yaşandı. Hətta iş o yerə çatıb ki, Moskvada etiraz aksiyaları başlayıb. Həmin aksiyalarda tutulan şəxslərə də hərbi komissarlıqdan göndəriş vərəqələri verilib. Putin dünən açıq şəkildə etiraf etdi ki, o, artıq Ukraynada müharibəni uduzub və son radikal addımlarını atıb. Çünki uzun müddət idi ki, Putinin səfərbərliklə bağlı sənəd imzalayıb, imzalamayacağı haqqında fikirlər səslənirdi. Daxildə də öz siyasətçiləri, politoloqları deyirdilər ki, Putin belə bir sənədi imzalamaz. Ona görə ki, imzalasa etiraf etmiş olacaq ki, Ukraynadakı hərbi əməliyyat deyil, müharibədir və öz acı etirafını etmiş olacaq. Artıq 7 ay tamam olacaq ki, Ukrayna ərazisində guya bunlar nəyisə həll edirdilər. Heç nəyə də nail olmadılar. İndi kritik bir duruma düşən Putin yenə nüvə silahını dilə gətirir".
Ekspert onu da qeyd etdi ki, Rusiya yaxın həftələrdə çox kritik dönəmə girəcək.
“Bir ay bundan qabaq ordunun sayının 137 min artırılması haqqında sərəncamı imzaladı. Dünən 300 min səfərbərlik resorsu ilə bağlı fikir səsləndirdi. Putin bu rəqəmlərlə, göstəricilərlə hara gedir? Ona görə mənim üçün gün kimi aydındır ki, Rusiya yaxın həftələrdə çox kritik dönəmə girəcək. Bu dönəmdən də böyük ehtimal Putin ya hakimiyyətdən qaçacaq, ya da ki, xoşa gəlməyən hadisələr baş verəcək. Qadınlar, cavanlar onun bu qərarına qəti etirazlarını bildirirlər. Ölkədə çox böyük ajiataj yaranıb. Bir vaxtlar guya Putini sosial sorğularda dəstəkləyən Rusiya cəmiyyəti bu günləri onu saymır və ölkədən qaçır. Deməli, bunların indiyə kimi həm işləri, həm də sorğuları saxta xarakter daşıyırmış. Mənim şəxsən düşüncəm ondan ibarətdir ki, əvvəla heç bu qədər insanı müharibəyə aparmaq üçün müasir tələblərə cavab verən silah-sursatla təmin etmə gücündə olmayacaqlar. Yəni bunlar yeddi ayın içində ordunun tam əksəriyyətini itiriblər. Ordu elə zərbələr alıb ki, hətta Şoyqu çaşqın vəziyyətdədir. O, unudub ki, bir hərbi hissədə beş-on min şəxsi heyyət olur. Bu isə dörd-beş ordu birləşməsi və diviziyası itirib. O, özünü nə sayır? Deyir ki, 5900 yüz itkimiz var. Bunun rəqəmləri də, dedikləri də yalandır. Ona görə də bu səfərbərlik yalnız Rusiyanın içərisini qarışdıracaq və ölkədə çox gərgin bir dönəm yaradacaq”,- deyə Üzeyir Cəfərov əlavə etdi.