Xəbər lenti
Reklam
Ərdoğan və Quterreş niyə Ukraynadan əliboş qayıtdılar? – Tərəflərin anlaşa bilməməsinin səbəbləri
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Vladimir Zelenski və Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş arasında görüş baş tutub. Mətbuata qapalı keçirilən üçtərəfli görüş Potoçki sarayında 40 dəqiqə davam edib və görüşdə Türkiyə tərəfdən xarici işlər naziri Mövlud Çavuşoğlu, MİT rəhbəri Hakan Fidan və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın da iştirak edib.
Ərdoğan və Putin arasındakı Soçidə keçirilən görüşün saatlarla davam etdiyini nəzərə alsaq, Lvovda baş tutan görüşün cəmi 40 dəqiqə baş tutması diqqət çəkir.
Ukrayna Prezidenti Vladimir Zelenski üçtərəfli görüşdən sonra deyib ki, Rusiya ilə dialoq yalnız onların Ukrayna ərazisindən tamamilə çıxarılacağı təqdirdə mümkün ola bilər.
Görüşün həm qısa keçməsi, həm də Zelenskinin görüş sonrası bu fikirləri deməsi onun Rusiya ilə bağlı məsələdə qəti qərarda olması və heç bir halda Kremlə güzəştə getməyəcəyindən xəbər verir.
Prinsip etiabrilə, Zelenskinin bu mövqeyi haqlı və yerindədir. İstənilən halda müharibə nə qədər uzanırsa uzansın, bu mövqedən geri çəkilmək olmaz. Rusiyaya qarşı istənilən bir güzəşt qarşısı alınmaz fəsadlara gətirib çıxara bilər.
Aydın məsələdir ki, həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həm də BMT Baş katibi Antonio Quterreş çətin bir missiyanı öz öhdələrinə götürüblər - Onlar Rusiya-Ukrayna müharibəsini dayandırmağa çalışırlar. Bu ikilinin Ukrayna səfərinin əsas mahiyyəti də bundan ibarətdir.
Ərdoğan və Quterreş Rusiya ilə Ukrayna arasında taxıl razılaşmasını təmin edərək tərəflər arasında razılığa gəlinə biləcəyini göstərdilər. Məhz bundan da cəsarətlənərək prosesin siyasi aspektindən də uğur qazanmağa çalışırlar.
İndiki məqamda Rusiya və Ukraynanı ortaq məxrəcə gətirmək çox çətindir. Düzdür, bir daha qeyd edim ki, Ərdoğan və Quterreş taxıl razılaşmasını təmin etdi, lakin unutmamaq lazımdır ki, bu, dünya miqyasında problemdən çıxış yolu üçün atılan addım idi və bu məsələyə görə həm Ukrayna, həm də Rusiya sanksiyalara məruz qala bilərdi. Yəni imzalanan taxıl razılaşması bir seçim deyil, bir məcburiyyət idi.
Rusiya Ukraynadakı işğalçı müharibəni davam etdirir. Ukrayna tərəfi də öz növbəsində Rusiya ilə dialoqun yalnız onların Ukrayna ərazisindən tamamilə çıxarılacağı təqdirdə mümkün ola biləcəyini deyir. Tərəflərin geri addım atmaması isə prosesi dalana dirəyir.
Ərdoğan və Qutereşin Rusiya və Ukraynanı barışdırmaq istəmələrinin başqa səbəbləri də var. Quterreş rəhbərlik etdiyi təşkilatın nüfuzunu artırmağı planlaşdırır. Aydın məsələdir ki, BMT dünyanın ən böyük təşkilatı olsa da, dünyadakı siyasi proseslərə təsir imkanı çox aşağıdır. Bunu Quterreş də yaxşı bilir və hazırda Ukrayna ilə Rusiyanı danışıqlar masasına çəkib sülhü təmin edərək BMT prestijini artırmağı düşünür.
O ki qaldı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, deyə bilərəm ki, Ərdoğan da öz növbəsində həm geosiyasi prestijini artırmaq, həm də qarşıdan gələn prezident seçkisi öncəsində reytinqini yüksəltməyə çalışır.

Turan Rzayev

Gender.az

Tarix: 19 avqust 2022
Baxış: 392

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş