Redaktor seçimi
    "Putin hədələdi, Finlandiya geri çəkildi – Nə baş verir?" - TURAN RZAYEV
Xəbər lenti
Reklam
Onun ölüm əmrini Rəsulzadə vermişdi? AXC-nin SİYASİ CİNAYƏTİ

LAYİHƏ: GİZLİNLƏR RESPUBLİKASI
 
Biri var tarix, biri də var keçmiş... Tarix bizə danışılanlardır, keçmiş isə olanlar... Ya siyasət, ya rəyasət, ya da cəhalət səbəbindən insanlar tarixə inanır.
 
Və tarix yeganə elmdir ki, onun rəsmi forması var. Rəsmi tarix keçmişdən çox fərqlənir. Gizlinlər Respublikası isə tarixdən yox, keçmişdən bəhs edir.
 
Onda rəsmi tarixin donuqluğu yoxdur, keçmişin hərəkəti var. Onda həqiqət yoxdur, həqiqətlər var. Onda idillik yoxdur, gerçək var. Onda səhvsiz insan yoxdur, qanlı-canlı insan var. Və Gizlinlər Respublikasında heç kim ideallaşdırılmır və heç kim itirilmir...
 
23 aylıq Cümhuriyyətimiz, bizi biz edən respublikamız haqda “Gizlinlər Cümhuriyyəti” silsiləsi qaranlıqlara tuşlanan fənər olacaq.
 
Silsilənin 4 iyunda başlamasının rəmzi mənası var. 4 iyun 1918-ci ildə Osmanlı ilə Cümhuriyyət arasında Batum sazişi imzalanıb. Keçmiş keçmir... Tarix təkrar olunur...
 
IV yazı
 
Əvvəlki yazılar...
 
1.Rəsulzadənin ifşa olmuş dəhşətli sirri
 
https://publika.az/az/news/maraqlitarix/397356
 
2. Ona Məmməd Əminin kim olduğunu Atatürk başa salacaqdı...
 
https://publika.az/az/news/maraqlitarix/397998
 
3. Beriya necə müsavatçı idi?
 
https://publika.az/az/news/maraqlitarix/397356
 
Mənim ona marağımın xüsusi bir səbəbi var, çünki onun adı şəxsiyyət vəsiqəmdə yazılıbdır.
 
Doğulduğum və böyüdüyüm şəhər onun adıyla adlanırdı.
 
İndi şəhərin adı dəyişsə də onun adı şəxsiyyət vəsiqəmdən heç zaman silinməyəcək.
 
Tarixin gerçəkləri də belədir, hər nə qədər boyana belə, bir gün öz gerçək siluetini üzə çıxarır.
 
1984-cü ildə indi adı Şirvan olan şəhərin adı Əli Bayramlı idi və bu da bir tarixdir ki, mən məhz Azərbaycan Sovet Sosialist Respublikasınn Əli Bayramlı şəhərində anadan olmuşam.
 
II Yekaterinanın əmri, keşişlərin xeyir-duası və 30 minlik ordu ilə Peterburqdan yola çıxıb Azərbaycana yürüş edən general Zubov Kür sahilindəki Çılpaqlı kəndinin adını çariçanın şərəfinə Yekaterinaserd adlandırdı. Bura 2 min rus kazakını köçürdən general ərazini Xəzərdən Kür çayına daxil ediləcək gəmilər üçün əlverişli liman hesab edirdi. Rus əhalinin və sənaye müəssisələrinin artması ilə böyüyən kənd Papanin adlı dəmiryol stansiyası olan qəsəbəyə çevrildi.
 
30 avqust 1930-cu ildə Əli Bayramlı rayonu təşkil edildi. Rayonun mərkəzi Zubovka qəsəbəsi idi. 1938-ci ildə Zubovka qəsəbəsinin də adı dəyişdirilərək Əli Bayramlı adlandırıldı. 1964-cü il yanvarın 4-də Əli Bayramlı rayonu ləğv edilərək onun tabeliyində olan 100-ə yaxın kənd Salyan, Sabirabad və Şamaxı rayonlarının tabeliyinə verildi. Əli Bayramlıya respublika tabeliyində şəhər statusu verildi.
 
Bəs görkəmli rus çariçası və şöhrətli rus generalından sonra şəhərə adını verən Əli Bayramov kim idi?
 
1899-cu ildə Lahıcda doğulan Əli Bayramov Bakıda dənizçilik məktəbində oxumuşdu. Ancaq o, hələ çarizm dövründə sol ideologiyaya rəğbət duyurdu. Azərbaycanlı ilk gəmi kapitanlarından olan Əli Bayramov müsavatçılar hakimiyyəti ələ aldıqdan sonra da gizli şəkildə əksinqilabi işlə məşğul idi.
 
Əliheydər Qarayev kimi silahdaşları parlamentdə təmsil olunarkən Əli Bayramov nəyə görə gizli fəaliyyətlə məşğul idi? Çünki o, qeyri-leqal işlərlə məşğul idi, gəmi kapitanı kimi Həştərxandan Bakıya silah-sursat, gizli ədəbiyyat gətirirdi. Belə bir şəxsin Cümhuriyyətin xüsusi xidmət orqanlarının diqqətindən kənarda qalması mümkünsüz idi. Əslində Əli Bayramov məxfi adam deyildi. O, 1920-ci ilin fevralında Azərbaycan kommunistlərinin I qurultayında Mərkəzi Komitənin üzvü seçilir. MK partiyanın ali orqanı idi.
 
Azərbaycan Xalq Cümhuriyyəti Hökumətini silahlı üsyan yolu ilə devirməyə, dövlət çevrilişi etməyə çağıran bəyannaməni Əli Bayramov da imzalamışdı. Silahlı üsyana hazırlıq və hakimiyyəti ələ keçirmək məqsədilə yaradılmış hərbi təşkilatın rəhbəri də məhz Əli Bayramov idi.
 
Tanrı Əlinin planına baxıb gülürdü...
 
Ancaq o, buna nail ola bilmədi. 1920-ci ilin Novruz günlərində “Azərbaycan” qəzetində Əli Bayramovun planını ifşa edən məqalə yayımlanır. O, axtarışa verilir, ancaq sorağı heç hardan gəlmir. 10 gün sonra meyiti tapılır. Əli Bayramov xüsusi vəhşiliklə öldürülmüşdü. Başı kəsildiyindən şəxsiyyəti müəyyən edilmirdi. Ancaq 10 gün sonra kimliyi bilinir. 31 yaşlı Bayramov 7 apreldə dəfn edilir. Üç həftə sonra Xalq Cümhuriyyəti süqut edəcəkdi. Ancaq parlamentdə bu üç həftənin ən qızğın müzakirə mövzusu Əli Bayramov olacaqdı.
 
Qarayev və Rəsulzadənin dueli
 
Parlamentin 1 aprel tarixli iclası. Əliheydər Qarayev ittiham edir: “Bu gün biz ciddi surətdə Qırmızı Ordu ilə danışığa girişməliyik. Fəqət, bu danışığı bu hökumət bacarmayacaqdır. Çünki onun əli Əli Bayramovun qanına boyanıb.
 
(Məclisdə təkrar səslər və gurultular... Yalandır, Böhtan deyirsən, İsbat et... Səslər eşidilir)
 
Daxili işlər naziri, Moskva Universiteti hüquq fakültəsinin məzunu, hələ 24 yaşı tamam olmayan Mustafa bəy Vəkilov, onun müavini isə Şəfi bəy Rüstəmbəyovdur. (Şəfi bəy haqqında “Gizlinlər Respublikası”nın “Rəsulzadənin ifşa olmuş dəhşətli sirri” adlı birinci məqaləyə baxa bilərsiniz) İzahat üçün söz nazir müavini Şəfi bəyə verilir.
 
Şəfi bəyin çıxışından Əli Bayramovun imzaladığı bəyannamədən hökumətin xəbərdar olduğunu görürük: “Daxiliyyə naziri burada yox ikən Qarayev Əli Bayramov barəsində bir çox sözlər danışdı. Bu xüsusda sizə bir neçə məlumat vermək istəyirəm. Bir neçə gün bundan əvvəl polis bir sövdələşmə və üsyan qaldırmaq planını kəşf etdi. Bu üsyanda hökuməti yıxmaq, parlamanı dağıtmaq, burada Şura hökuməti elan etmək istənilirdi. O zaqovora imza edənlərin biri Əli Bayramovdur. Habelə o kağızlarda parlament üzvü Əliheydər Qarayev cənablarının da imzası vardır.
 
(Yerdən səslər: ar olsun, eyb olsun, rədd olsun xain!)
 
Polisə əmr olunmuşdur ki, o adəmlər tutulsun. Polis axtarır, lakin tapa bilmirdi. Bu aralıq xəbər çıxdı ki, Əli Bayramov yoxdur. Bu xüsusda rəsmi bir xəbər yoxdur. Lakin orada-burada şayiələr çıxır ki, onu bir qoçu tutub polisə verib, polis isə onu boğmuşdur. Bu xəbəri eşidən kimi nazir qorodonaçəlnikə əmr verdi ki, bu xəbər rəsmi bir hala salınsın, bu məsələni tapıb açsın. Bu iş müddəiyi-ümumiyə verilmişdir.
 
Keçən gün mən Əli Bayramovun anasını və arvadını öz kabinəmə çağırdım. Orada general-qubernator və parlament üzvlərindən bir neçə nəfər də vardı. Onlardan Əli Bayramovun harda olduğunu və kimlər tərəfindən tutulduğunu sordum. Bunların heç biri kənardakı şayiələrdən başqa bir söz demədilər. Dedilər ki, biz qoçulardan qorxuruq. Bu məlumatların həpsi müddəiyi-ümumiyə (prokurora) verilmişdir. Kimin müqəssir olduğu meydana çıxarsa, o xüsusdan məhkəmə kəndi qərarını verər, müqəssir də cəzalanar və elə bir şey bilmədən hökumət Əli Bayramovu öldürmüş demək böhtandır, iftiradı. Mən buna ciddi surətdə etiraz edirəm. Hər kəsin bu xüsusda məlumatı varsa, kənarda deyil, gəlib rəsmi surətdə bizə deməlidir.
 
Arayışdan sonra Qarabağ hadisələri ilə bağlı çıxış üçün söz Məhəmməd Əmin Rəsulzadəyə verilir. Stenoqramçılar onun əsəbi olduğunu qeyd edir. Rəsulzadə sözü Əliheydər Qarayevin üstünə gətirir:
 
-“Əfəndilər! Üsyan çığıranın adı Əliheydərmi olsun, ya Vartazarmı olsun, ikisi də asidir. Qarabağdamı və Bakıdamı çıxışda bulunsun, ikisi də birdir. Bizə deyirlər ki, ermənilər ilə mübarizə edəmirsiniz, bu mübarizəni Azərbaycan davam etdirə bilməz. Qarabağ asilərini təfrik etmək üçün sovet Rusiyasının qırmızı ordularını buraya gətirməlisiniz... Bu nədir? Bunu söyləyən əcaba kimdir? Bunu deyən Azərbaycan xalqının nümayəndəsimidir və yaxud Məclisi- Məbusan üzvü sifətilə uya bizimlə Azərbaycan müqəddəratı məsələsində şərik görünən Rusiya vəkilidir.
 
Rəsulzadə Əli Bayramovdan da bəhs edir: “Sonra burada Əli Bayramov məsələsi çıxardılar. Madam ki, bunu meydanda isbat edəcək bir sənəd yoxdur, mən buna böhtan deyirəm. Əgər bu dedikləri isbat olaki həqiqətdə böylə vaqiə olubdur, onda əmin olunuz ki, hökuməti düşürmək istəyən şəxslərin əvvəlincisi mən olacağam, çünki hökumət kim olursa-olsun, onda saniyə yer yoxdur. Fəqət, bunu söyləyən siz, daşnakların Qarabağdakı xəyanətlərindən istifadə edib hökuməti yıxmaq istəyirsiniz. Olsun ki, fikrinizi yeritmək üçün Əli Bayramovu özünüz gizlədib hökümətə böhtan deyirsiniz”.
 
Daha sonra Qasım bəy Camalbəyov Əli Bayramov mövzusunda danışmaq istəsə də sədr ona imkan vermir. Ağa bəy Aşurovun çıxışındakı bir məqam xüsusi maraq doğurur: “Ev yanır, amma biz yığışıb gələcəkdə onun daşdanmı və ya ağacdanmı tikilməsini mübahisə edirik. Gəlin yanğını söndürək, sonra bunları danışarıq. Qarabağda Bakı alayına atılan erməni güllələri bizə atılır, çünki oradakıların biri oğlumuz, digəri qardaşımızdır. Habelə başqa alayımız da belədir. Bu gün küçədən bir əsgər anası və ya qardaşı məni saxlayıb sual etsə nə cavab verim. Əcəba ona deməliyəm ki, biz hələ Əli Bayramovun məsələsini həll edirik”.
 
1 aprel iclasında Əli Bayramovla bağlı müzakirələr bu qədərdir. Burda iki məqamı qeyd edib növbəti iclasa keçəcəyik. Birinci məqam ondan ibarətdir ki, 1 apreldə Əli Bayramovun aqibəti bəlli deyildi, qeyd edildiyi kimi tapılan meyitin ona aid olduğu 5 apreldə müəyyən edilmişdi. Növbəti iclas 8 aprelə təsadüf edir və Əli Bayramov bundan 1 gün qabaq dəfn edilmişdi.Digər məqam isə bundan ibarətdir ki, Əli Bayramovun qətli məsələsi kifayət qədər dolaşıq olduğuna görə oxucuların nəticə çıxarda, qənaət hasil edə bilməsi üçün parlamentdə gedən müzakirələri geniş şəkildə təqdim edirik.
 
Gərginlik artır, ittihamlar sərtləşir...
 
Cümhuriyyət parlamentinin 8 aprelə təsadüf edən 139-cu iclasının əvvəlində sədr - Məmməd Yusif Səfərov Əli Bayramovun qətli ilə bağlı hökumətə sorğu verildiyini elan edir. Daxili işlər nazirinin sorğuya cavabından əvvəl isə Əliheydər Qarayev çıxış edir:
 
- “Bu gün Azərbaycan zəhmətkeşlərini maraqlandıran mühüm bir məsələ varsa, o da Əli Bayramovun qətlidir. Əli Bayramovun evini martın dördündə axtarırlar, heç bir şey tapa bilmirlər. Yalnız bir aparat (Həmin aparatın telefon aparatı olduğu və Əli Bayramov rus kommunistləri ilə əlaqə saxlamaq üçün bu aparatdan istifadə etdiyi deyilir-Q.T.)  tapıb onu da götürürlər. Sonra haman gün anasını, külfətini və balaca uşağı həbs edirlər. Uşağı qardovoy uçastokunda, övrəti isə ikinci uçastokda saxlayırlar. Əli Bayramovu isə tapa bilməyirlər.
 
O vaxt polis müdiri məhəllə qoçularını çağırıb deyir ki, sizdən Mir Əliəkbər adında bir qoçunun tapılmasını istəmişdim, tapmadınız, Şimdi onun yerinə Əli Bayramovu tapmalısınız, Ayın 21-də saat 7-də Melniçni küçədə 1, 2 və Paralelni küçələrinin arasında Heydər və Hüseyn tərəfindən Əli Bayramov həbs edilir. Əli Bayramov qurtulmaq istər, döyüllər, tapançasını alırlar, faytonla polis müdirliyinə aparırlar. Biz lazımi tədbirlər görmək istəyirdik və bizə dedilər ki, siyasi məhbusların yeri göstərilməz və məxfi məhəldə mühakimə ediləcəkdir. Əli Bayramovun övrəti Ceyran xanım əlan Parlamentdə qulluqdadır. Gedir general-qubernatorun yanına deyir ki, uşağı buraxsın. General-qubernator cavabı da övrəti də həbs edib, uçastoka göndərir. Biz hər yerə müraciət etdikcə bir şey çıxmadı. Aslan bəy, Ağamalı oğlu telefonla danışdılar, fəqət hamı inkar etdilər ki, həbs edilməyib. Daxiliyyə nazirinin müavini Şəfi bəy özü də, burada həbs olunduğunu inkar etdi. Onun yoldaşları ölməyib, onu öldürənləri tapıb qanını alalar. Biz burada dedik ki, Əli Bayramovu öldürmüşsiniz. Bizə cəvabında dedilər ki, xainsiniz. Biz aprelin 4-də məlumat alırıq ki, Xatisov zavodu yanında, başsız bir meyit tapılmışdır, biz dayanmayıb 9-cu uçastokdan xəbər aldığ, dedilər ki, biz böylə bir meyit tapıb, bir qədər məsafədə də bir baş tapıb, anatomiçeski pokoya göndərmişik. Biz, anatomiçeski pokoydan xəbər bildik ki, göndəriblər qəbristana. Qəbristanda biz məzlum qətl olunmuş Əli Bayramovun meyitini tapdıq. Əli Bayramov martın 22-də gecə saat 2-də polis müdiriyyətindən yox olmuş və martın 23-də saat 6-da Xatisov zavodu yanında meyiti tapılmışdır. Biz hökumətdən sual edirik ki, görək hamı ideya sahiblərinin başına böylə hərəkətlər gəlir və ya bu barədə nə ediblər. Odur ki, biz hökumətin cəvabından sonra öz sözümüzü deyəcəyik”.
 
Daxili İşlər naziri Mustafa bəy Vəkilov hesabat verir: “Əfəndilər! Məsələ var ki, onun barəsində iki rəy ola bilməz. Orada ki, insafsızlıq və haqsızlıq olur, orada nə firqə, nə Parlamentdə ayrı fikir ola bilməz. Bu da məzlum Əli Bayramovun ölümü barəsindədir. Bu barədə camaat arasında bir çox danışıqlar olur ki, məəttəəssüf gələndən sonra mən bu işlə aşına oldum. Fəhlələr və əmələ bilməlidir ki, nəzarət ciddi surətdə çalışır ki, bu işin üstü açılsın və cinayəti edən nə rütbədə, nə qulluqda olursa-olsun öz cəzasına çatsın. Məlumunuzdur ki, bu iş silistdədir, iş açılandan sonra, ədliyyə nəzarəti və prokuror bu işi silist edərlər. Mən də Qarabağdan yenə dünən gəldiyim üçün, indi bu işi qurtaranadək, artıq məlumat verə bilmərəm. Ancaq bu iş nə qədər çirkin olsa da, nə qədər mən iş başında dururam çalışaram ki, bu iş açılsın və cani də öz cəzasına çatsın”.
 
Nazirdən sonra yenidən Əliheydər Qarayev söz alır. Bu çıxış son dərəcə sərtdir və onun ittihamlarının heç kim tərəfindən cavablandırılmaması da xüsusi maraq doğurur:
 
“Əfəndilər! Politiçeski, siyasi həbs və siyasi mübarizə aparmaq bu gün kommunistlərin bu qeyrilərini həbs üçün bir təşkilat lazımdır. Bu gün siz həbs etdiyiniz adamlar, Azərbaycan füqərasının ən gözəl və fəal üzvləridir ki, onları siz çirkin əllər ilə həbs edə bilməzsiniz. Quldurları tutmayıb onları həbs edirsiniz. Məmməd Həsən Hacınski də nazir olduqda deyirdi ki, Əli Bayramovu mən Xuduyevin əli ilə tutdurmam. Çünkü, Əli Bayramov mənlə firqə mübarizi olsa da, Xuduyevdən təmiz adamdır. Əfəndilər, məni həbs etmək lazım isə özünüz tutun, qoçuların əllərilə tutdurmayın. Bu gün siz liçno Qarayev və Əli Bayramov ilə mübarizə edirsiniz isə, mənim anam, bacım və xırda uşaqların nə təqsiri var ki, onların oğlunu məhbuslar ilə bir yerdə saxlayırsınız ki, oradakı qaradovoylar da onların namusuna təcavüz etsinlər. Bu gün mən sizinlə partiya və siyasi düşmənəm, lakin siz mənim ana və bacımı tutub apara bilməzsiniz. Buna heç bir insaf sahibi yol verməz. Bu gün neçə gündür ki, Ağababa uçastokda yatır, o naxoşun yanına hətta həkim də qoymurlar. Buna demək olar ki, hökuməti siyasi həbslər ilə mübarizə edə bilməyir. Mən elə bilirəm ki, Parlament hökumətin cavabını kafi hesab edə bilməz. Bu vaxta qədər Şəfi bəy qulaqlarına pambıq tıxadı. Ancaq daxiliyyə naziri yeni gəlib, dünəndən etibarən işi əlinə götürübdür. Əgər Əli Bayramovun yoldaşları meyid tapmasa idilər ola bilər ki, Əli Bayramov adında bir şəxs olduğunu inkar edə idilər. Azərbaycan füqərayi-kasibəsi öz liderlərinin belə faciəsinə bir surətdə qətlə yetirilməsinə razı ola bilməz”.
 
Qarayevin çıxışından sonra Əli Bayramov məsələsinin gələn iclasa keçirilməsi səsə qoyulur. 20 səsə qarşı 2 səslə məsələnin müzakirəsi gələn iclasa keçirilir.
 
15 apreldə keçirilən növbəti iclasda çıxış edən Ədliyyə naziri Xəlil bəy Xasməmmədov bəyanat ilə çıxış edərək hökuməti tərəfindən çox ciddi tədbirlər görüldüyünü, etibarlı müstəntiqlərin prosesə cəlb edildiyini, günahkarların cəzalandırılması üçün hökumətin heç nədən çəkinməyəcəyini bildirir. Sosialistlər fraksiyası və "İttihad" fraksiyası parlament komissiyası yaradılmasını və hər fraksiyadan bir nümayəndənin orda təmsil olunması ilə bağlı təklif verirlər. Təklif səsə qoyularaq qəbul edilir, ancaq Müsavat adından Rəsulzadə, bitərəflər adından isə Ağa bəy Aşurov komissiyanın yaranmasının əleyhinə olduqları üçün ora nümayəndə verməkdən imtina edirlər.
 
Parlamentdəki müzakirələr bundan ibarətdir. Hər diqqətli oxucunun müşahidə edəcəyi kimi parlamentdəki müzakirələri olduğu kimi diqqətə çatdırdıq və heç bir şərh vermədik. Hərçənd ortaya çıxan bəzi sualları da gözardı etmək mümkünsüzdür.
 
Əli Bayramov doğrudanmı həbs edilmişdi?
Doğrudanmı, onu hökumət ya da onun əlaltıları olan qoçular öldürmüşdü?
Niyə görə Əli Bayramov kimi siyasi bir fiqurun müəmmalı şəkildə yoxa çıxmasını Məmməd Əmin Rəsulzadə kommunistlərin oyunu hesab edirdi?
Müsavat və bitərəflər fraksiyası nəyə əsasən parlament komissiyasının əleyhinə oldular və ora nümayəndə vermədilər?
Göründüyü kimi, bütün bu suallara parlamentdəki müzakirələr fonunda cavab vermək mümkünsüzdür. Buna görə də dövrün digər mənbələrinə istinad etməyə ehtiyac var.
 
Ancaq hekayəmiz hələ bitməyib. Hakimiyyəti ələ keçirən bolşeviklər heç bir ay da gözləmədən Əli Bayramov üçün məhkəmə qurub 10 nəfəri güllələdilər... \\\Publika.az

Tarix: 22 iyun 2022
Baxış: 496

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}