Xəbər lenti
Reklam
Vətəndaşların NƏZƏRİNƏ: Heç bir ödəniş etmədən ev tikə bilərsiniz

Vətəndaşların öz hüquqlarını və qanunu bilməməsi tikinti ilə bağlı icra hakimiyyətinin qeyri-qanuni tələblərinin normal hala çevrilməsinə səbəb olur. Baxmayaraq ki, son zamanlar Şəhərsalma və Tikinti Məcəlləsinə edilmiş dəyişiliklər, dövlət başçısının müvafiq sərəncamları və tapşırıqları tikinti sahəsində qanunsuzluqların qarşısını almağa hədəflənsə də tikinti sahəsində icra hakimiyyəti orqanlarının hələdə özbaşınalığı davam etməkdədir.
Paytaxtın bəzi qəsəbələrində ev tikmək üçün vətəndaşlar icra hakimiyyətlərinə müəyyən miqdar pul ödəyirlər. Əks halda yarımtikilinin sökülməsi ilə hədələnirlər.
Bu nə dərəcədə qanunidir? İcra hakimiyyətlərinin bu formada vətəndaşdan pul alması doğrudur?Ümumiyyətlə, həyət evi tikən vətəndaş kiməsə pul ödənişi etməlidir icazə almaq üçün?
Hüquqşünas Ramil Süleymanov Referans.Az-a verdiyi açıqlamada vətəndaşların fərdi ev tikintisi zamanı keçməli olduqları proseslərdən danışıb. 
“Vətəndaşlar zaman-zaman fərdi həyət evlərinin tikilməsi ilə bağlı icra hakimiyyətlərinin tabeliyində olan Memarlıq və Şəhərsalma idarələrinə və ya icra hakimiyyətlərinin səlahiyyətli nümayəndələrinə müəyyən məbləğdə pulları ödəmək məcburiyyətində qalırlar. Qeyd edim ki, fərdi yaşayış evlərinin tikilməsi ilə əlaqədar vətəndaşlar birinci növbədə tikinti aparmaq istədikləri ərazidə mütləq şəkildə torpağın təyinatına fikir verməlidirlər. Həmin torpağın təyinatı mütləq fərdi yaşayış evləri üçün nəzərdə tutulmuş, yəni, yaşayış məntəqələri kateqoriyasında olmalıdır. Digər tərəfdən isə fərdi yaşayış evlərinin tikilməsinin icra olunduğu torpaq xüsusi mülkiyyətdə olmalıdır. Əgər torpaq icarə müqaviləsi əsasında vətəndaşlarda olarsa, bununla bağlı torpaq mülkiyyətçisi olan bələdiyyə və ya icra hakimiyyətindən fərdi yaşayış evinin tikintisinin aparılamsı ilə bağlı məlumatlandırma icraatı aparılmalıdır”.
Hüquqşünas bildirib ki, bu məlumatlandırma icraatının aparılması Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 80-ci maddəsinə uyğun həyata keçirilir.
“Şəxsin mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində mərtəbələrin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikilməsinə məlumatlandırma icraatı tətbiq olunur. Bununla  bağlı vətəndaş tikinti layihəsini memar tərəfindən çəkdirir və təsdiq etdirir, torpağın sənədlərini və özünün şəxsiyyət vəsiqəsini müvafiq icra hakimiyyətinə göndərir və icra hakimiyyəti bununla əlaqədar etirazının olub-olmaması barədə məlumat verir. Əgər 10 gün ərzində hər hansı bir irad və yaxud da etiraz daxil olmazsa, vətəndaş tam normal şəkildə tikintisini aparmalıdır. Bundan başqa qeyd etmək istəyirəm ki, vətəndaşlardan hətta qanunsuz fərdi yaşayış evlərinin tikintisinin aparılmasına görə pul tələb olunması rüşvət cinayətinin birbaşa predmetidir”.
Ramil Süleymanov son olaraq qeyd edib ki, vətəndaşlardan ev tikintisinə görə bu formada pul tələb edən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311-ci maddəsinin təsiri altına düşür və burada vəzifəli şəxsin qanunsuz hərəkətləri ilə rüşvət almaya görə 4 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Fidan Vəlisoy 




Tarix: 21 may 2024
Baxış: 84

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş