Xəbər lenti
Reklam
Deputat: "Ərazidə tonqal qalanması üçün şərait yoxdursa, qadağan oluna bilər"

Bakıda çərşənbə axşamları tonqal yandırılmasının qadağan edilməsi təklif olunur. Bildirilir ki, bir çox küçələrdə ağacların altında yandırılan tonqallar yanğın təhlükəsi yaratmaqla yanaşı,  azyaşlıların həyatı üçün də risklidir. 
Milli Məclisin deputatı Aqil Məmmədov isə Pravda.az-a açıqlamasında tonqalın qadağan olunması təklifini belə dəyərləndirib: “Novruz o qədər qədim tarixi köklərə malik bayramdır ki, konkret nə vaxt yarandığı belə dəqiq deyil. İstər sovet, istərsə də digər dövrlərdə xeyli qadağalar qoyulmuşdu ki, Novruz bayramı keçirilməsin, aradan qaldırılsın. Lakin xalq bu günə qədər yaşatdı, gətirib çıxartdı. Novruzun gözəl adət-ənənələri var, bu bayramda həyatın bütün sahələri cəmləşib. Elə gözəl adətlərimiz var ki, onları həqiqətən yaşatmaq lazımdır. Qadağaların qoyulmasını düzgün hesab etmirəm, amma tonqal qalanması üçün şərait yoxdursa, hansı ərazilərdə təhlükə yaradarsa, o ərazilərdə keçirilməsi qadağan oluna bilər. Ümumi qadağa qoyulması isə doğru deyil. Xalq bu adəti əsrlərlə yaşayıb, indiyə qədər gətirib çatdırıbsa, Novruza aid elementləri təxirə salmağa heç kimin haqqı yoxdur. Bəli, təhlükəsizlik baxımından risk varsa, vətəndaşlarımız özləri o cür ərazilərdə tədbir keçirilməsinə razılıq verməməlidirlər. Təbii ki, kənar, təhlükə yaranması mümkün olmayan ərazilərdə keçirilməlidir. Balaca uşaqların tonqal üzərindən hoppanmaları da keçmişin indiyə kimi qorunub saxlanılan adətlərindəndir. İnsanlarda belə bir fikir formalaşıb ki, ağrım-acım tonqaldan tullanmaqla oda töküləcək. Olsun, amma uşaqları nəzərətsiz buraxmaq olmaz, bu, əlbəttə, təhlükəlidir. Valideynlər bunu anlamalıdırlar. Təhlükəsizliyin təminatı biz vətəndaşların da boynuna düşür. Əslində, Novruzun adət-ənənələrini körpələrimizə öyrətməliyik ki, tonqal və bu kimi adətlər nədən ötrüdür, Novruzu niyə qeyd edirik. Novruzda cəmlənmiş özəl keyfiyyətləri gələcək nəsillərə aşılamaq lazımdır. Biz şəhərdə yaşayırıqsa, şəhərdə tonqal üçün şərait yoxdursa, şəraitə uyğun addım atmalıyıq. Asfalt üzərində tonqal qalasaq, asfalt pis vəziyyətə düşə bilər. Yaxud şam ağaclarının altında tonqal qalamaq mümkünsüzdür, daha təhlükəlidir. Şəhər mərkəzlərində tonqal tədbirlərinin keçirilməsi təhlükəlidir, qorxuludur”. 

Aytəkin Qardaşova  

Tarix: 12 mart 2024
Baxış: 78

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş