Xəbər lenti
Reklam
““Azərsu” da susur, onun adından istifadə edirlər” — Su filtri firmaları insanları necə aldadır?

Xəbər verdiyimiz kimi Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə təşkilatçılığı ilə “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda dinləmə keçirilib. Müzakirələr zamanı deputat Naqif Həmzəyev su filtrləri ilə bağlı məsələyə toxunub. Onun sözlərinə görə su filtrlərinin standartlara cavab verib-vermədiyi sual altındadır: “Bazarda hər qiymətə su filtri var. Onsuz da biz ölü su içirik. Üstəgəl, filtrlərə aldanaraq, guya, təmiz su içdiyimizi düşünürük. Amma bu, təmiz su deyil. Filtrlərlə bağlı xüsusi sertifikasiya həyata keçirilməlidir, əks halda biz özümüzü aldada-aldada pis halla üzləşəcəyik”.

“Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov da məsələyə münasibət bildirib.

O, Demokrat.az-a açıqlamasında bazarda su filtri satışı ilə məşğul olan 20-ə qədər şirkətin olduğunu deyib: 

“Uzun müddətdir bu şirkətlər insanları aldadır, kəndlərdə, ucqar yerlərdə, hətta fermalarda öz məhsullarını satır, müxtəlif yalan vədlər verir. Xüsusi treninq keçmiş şəxslər bu işə cəlb olunur, xüsusən də xanımlar. Əvvəlcə deyirlər ki, “Azərsu”dan gəlmişik, suyu monitorinq edirik, içdiyiniz su çirklidir və s. sözlərlə insanları inandırırlar. Bu cür şirkətlərin əksəriyyəti sertifikatlaşdırılmamış filtrlər satır, cəmi ikisi-üçü yerli yoxlamadan keçib, mənşə sertifikatına və yoxlamadan keçməklə bağlı sertifikata malikdir. Əksəriyyəti isə xüsusilə Çindən gətirilmiş sertifikatlarla işlərini davam etdirir. Bu cür firmaların adlarını da çəkə bilərəm – “My filtr”, “KAZİMOFF Group” firmaları, Cəlilabadda yerləşən İran mənşəli saxta filtrlər satan şirkətlər. Saxta sertifikatsız filtrlərin satış mərkəzi isə “Sədərək” ticarət mərkəzində yerləşən “Şirniyyat” bazarıdır. Adını çəkdiyim firmalardan bizə şikayətlər daxil olub. Cəlilabadda yerləşən firmalardan biri isə şəhid ailəsini aldadıb televizor hədiyyə edəcəyini vəd etmişdi, ailənin 1000 manat pulunu alıb, üstəlik, kredit borclarının yaranmasına da səbəb olmuşdu. Təəssüf ki, bu bazara nəzarət etməli olan orqanlar yalnız müşahidəçi mövqeyindədir, “AzərSu” da susur, halbuki onun adından istifadə edirlər”.

Törə Zeynallı
Tarix: 28 fevral 2024
Baxış: 88

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş