Xəbər lenti
Reklam
"Sanki bu adı onlara Dədə Qorqud verib!"

Şou-biznes dünyasında ad davası son vaxtların gündəm olan mövzularındandır. Son dəfə müğənni Şəbnəm Tapdıq həmkarı Şəbnəm Tovuzlunu onunla eyni ad daşıdığına görə məhkəməyə verdiyini açıqlayıb.
Bu yaxınlarda Xalq artisti Zaur Rzayev də oxşar fikir səsləndirmişdi. Tanınmış sənətçi onunla eyni - Zaur adı daşıyan aparıcıları məhkəməyə vermək istədiyini demişdi.
Maraqlıdır, bu məsələ qanunvericilikdə necə tənzimlənir? İnsan onunla eyni adı daşıyan şəxsi bu səbəbdən məhkəməyə verə bilər? Şəxs adlarına patent, yaxud müəllif hüququ almaq mümkündürmü?
Mövzu ilə bağlı danışan vəkil Əkrəm Həsənov bir sıra məqama aydınlıq gətirib:
“Adların patentləşdirilməsi yalnız biznes sahəsi ilə bağlı məsələdir. Hüquqi şəxslərə məxsus olan adlarla bağlı məhkəməyə müraciət etmək mümkündür. Yəni hər hansı mağaza, ticarət obyekti, şirkət, yaxud brend məhsulun patentini almaq olar. Bu zaman həmin adı kimin istifadə edib-edə bilməyəcəyinə patent sahibi özü qərar verir.
Bu hallar əsasən biznes sektorunda yaşanır və həmin sahəni əhatə edir. Hüquqi şəxs onun adını icazəsiz daşıyan digər bir hüquqi şəxsi məhkəməyə verə bilər. Bu qanun pozuntusu sayılır”.
Ə. Həsənov sözügedən hüququn şəxs adlarına aid olmadığını bildirib:
“Hər hansı bir adam onunla eyni adı daşıyan şəxsi məhkəməyə verə bilməz. Belə bir şey dünyanın heç bir ölkəsində mümkün deyil. Hesab edirəm ki, belə iddialarla çıxış etmək ən azı əcaiblikdir. Patentləşdirmənin şəxsi adlara heç bir aidiyyatı yoxdur. Burada hər hansı pul, yaxud qazancdan söhbət getmir ki, ona məhdudiyyət də tətbiq edilsin. Kimsə özündən insan adı icad etsə belə, heç kəsə deyə bilməz ki, bu ad mənə məxsusdur və başqalarına ondan istifadə etmək qadağandır”. \\Yenisabah.az 

Tarix: 14 dekabr 2023
Baxış: 114

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş