Xəbər lenti
Reklam
Nahid Arifoğlu: ŞUŞA - TƏLƏBƏLƏRİN GÖZÜ İLƏ

Nahid Arifoğlu: 
ŞUŞA - TƏLƏBƏLƏRİN GÖZÜ İLƏ
Bu şəhərə üçüncü səfərim olmasına baxmayaraq, hər dəfə o qürurverici hisləri yaşamaq möhtəşəmdir. Hər nə qədər uzaq yolu qət edib bu şəhərə gəlsəm də, hər dəfəsində Şuşanın əsrarəngiz təbiətini seyr etməkdən, saf və təmiz havasını hiss etməkdən həzz alıram. Şuşaya olan ikinci səfərim Milli Mətbuat Günündə “Şuşa Qlobal Media Formu” çərçivəsində baş tutmuşdu. Həmin tədbir müddətində xarici KİV nümayəndələri ilə yaxından tanış olmaq və onları Şuşanın gözəlliyi ilə tanış etmək fərəhli, eyni zamanda məsuliyyətli bir iş idi.
Növbəti səfərim isə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkil etdiyi “Şuşa Jurnalist Tələbələrin Gözü ilə” layihəsi çərçivəsində gerçəkləşdi. Müzəffər Ordumuzun işğaldan azad etdiyi doğma torpaqlarımıza qayıdış prosesi Qarabağın incisi olan Şuşada və ətraf ərazilərdə keçirilən kütləvi tədbirlərlə daha geniş vüsət almaqdadır. Bu məqsədlə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə 3, 5 sentyabr tarixlərində “Şuşa Tələbələrin Gözü ilə” layihəsi reallaşıb.
Layihə haqqında qısa məlumat vermək istərdim. Belə ki, layihənin məqsədi Azərbaycanda təhsil alan, müəyyən kriteriyalar əsasında seçilmiş istedadlı gənclərin ölkəmizdə gedən proseslərə müsbət təsirinin artırılması, tələbələrin Şuşanın tarixi və mədəni irsi ilə bağlı maarifləndirilməsi, Şuşaya qayıdış prosesində həvəsləndirilməsi və iştirakı, əcnəbi tələbələrin Şuşanın tarixi və mədəni abidələri və işğaldan azad olunduqdan sonra orada aparılan bərpa-quruculuq işləri ilə tanış edilməsidir.
Sözügedən layihə çərçivəsində baş tutan 2 səfərdə ölkəmizdə memarlıq, hüquq, diplomatiya, jurnalistika ixtisasları üzrə təhsil alan 180 nəfər yerli və xarici tələbənin Şuşa şəhərinə səfərləri təşkil olunub və tələbələr Şuşa şəhərində gedən bərpa-quruculuq işləri, şəhərin tarixi və mədəniyyəti ilə yaxından tanış olub və müvafiq ixtisaslara uyğun tapşırıqlar icra ediblər.
Düşünürəm ki, belə layihələr tez-tez təşkil olunmalı və bütün tələbələr Şuşanın tarixi və mədəni gözəlliyi ilə tanış olmalıdır. 
Şuşa tarixən təhsil, maarifçilik, musiqi, mədəniyyət mərkəzi olub. Vətən müharibəsində isə həm də qəhrəmanlığın zirvəsi oldu.
Artıq bu gün Şuşa azaddır. Azərbaycan Ordusunun sarsıdıcı həmlələri düşməni qaçmağa vadar etdi. İşğalçılar Pənahəli xanın yurdunun  sərhədlərindən birdəfəlik qovuldular. Şuşanın əvvəlki gözəlliyini bərpa etmək üçün illər tələb olunsa da, heç şübhəsiz, bu iş tamamlanacaq. Üstəlik Şuşanın dövlət başçısı tərəfindən verilmiş Azərbaycanın mədəniyyət paytaxtı statusunu görünüşcə də doğrultması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu şəhərin daha da gözəlləşdirilməsini ön planda tutur.
Növbəti səfərlərdə görüşənədək, Əziz Şuşa!
Nahid Arifoğlu, Bakı Slavyan Universitetinin jurnalistika ixtisasının 3-cü kurs tələbəsi.




Tarix: 13 sentyabr 2023
Baxış: 167

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş