Xəbər lenti
Reklam
"Bizə ayrılan otağın vəziyyətini görüb peşman olduq" - "Bax belə"dən ŞİKAYƏT

“Azərbaycanda istehlakçıları cəlbedici reklamlarla cəlb edib, sonra onların hüquqlarını pozan çoxsaylı istirahət mərkəzləri var. Bu, çox təəssüf doğurur və ölkəmizdə turizmin inkişafına böyük zərbədir”.
Gender.Az xəbər verir ki, bu fikirləri “Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov vətəndaş Nilufər Nizami qızı Xəlilovanın redaksiyamıza ünvanladığı şikayət məktubuna münasibət bildirərkən səsləndirib.
N.Xəlilova İsmayıllı rayonunda fəaliyyət göstərən “Bax Belə” istirahət mərkəzindən narazılığını ifadə edərək yazır: “Adıçəkilən mərkəzdə mayın 28-nə yer rezervasiya edərək, əvvəlcədən 150 manat pul ödədim. Öncə telefonuma otagın videoroliki göndərildi. Videoda otaq geniş idi. Rayona gedən yolların vəziyyəti ilə maraqlandıqda isə admnistrator heç bir problemin olmadığını bildirdi. Beləliklə, mən və iki övladım mayın 28-də istirahətə getdik. Lakin bizə ayrılan otağın vəziyyətini görüb peşman olduq. Belə ki, İsmayıllı rayonunda və “Bax Belə” istirahət mərkəzinin qarşısında 3 yerdə yol çəkilişi gedirdi və səs-küydən, toz-torpaqdan istirahət etmək mümkün deyildi. Realda otaq da çox dar idi. Həmçinin, bir gecə üçün ödəniş həmin videorolikdə 130 manat göstərildiyi halda, bizdən 150 azn tələb etmişdilər. Hətta şikayətçi olan digər qonaqlar da pulunun geri qaytarılmamasına görə məcbur orada qalmalı oldular. Mən bu vəziyyəti görüb dərhal etiraz etdikdə otelin administratoru mənə Qəbələdə, Vəndamda gəzib, daha sonra İsmayıllıya qayıdıb gecələməyimizi təklif etdi. Pulumu tələb etdikdə isə ödədiyim məbləgi geri qaytarmayacaqlarını bildirdi. Və təəssüf ki, mən və övladlarım Bakıya qayıdası olduq”.
Şikayətçi media vasitəsilə əlaqədar dövlət orqanlarına müraciət edərək, sözügedən mərkəzlə bağlı müvafiq ölçü götürülməsini xahiş edir.
Məsələ ilə bağlı sorğumuza “Bax Belə” istirahət mərkəzinin administratoru Feyzulla Mahmudov isə belə cavab verib: “Mayın 27-də xanıma kotecin videosunu atmışıq və bayramla əlaqədar otağın rezervasiya qiymətinin 150 manat olduğunu demişik. Qeyd edim ki, qiymətlər həftəiçi 119, həftəsonu 130 manatdır. Bayram günlərində isə 150 manat olur. Xanımın narazılığına əsas səbəb rayonda magistral yolun çəkilməsi ilə əlaqədar tikinti işlərinin aparılması olub ki, bu da bizdən asılı bir məsələ deyil. Və bu barədə ona əvvəlcədən məlumat vermişik. Xidmətdən imtina edib pulunu geri istədikdə isə bildirmişik ki, əgər gün ərzində həmin otaq icarəyə götürülərsə, pulunu da geri qaytara bilərik. Amma həmin gün otaq istifadə olunmadığı üçün ödənişi geri qaytarmaq mümkün olmayıb. Əlavə olaraq bildirim ki, biz bütün müştərilərə yerində imtina ilə əlaqədar ödənişin geri qaytarılmaması barədə məlumat veririk. Yalnız vədlərimizə əməl etmədiyimiz təqdirdə, yəni təmizliyə riayət olunmadıqda, fors-major vəziyyətlərdə ödənişləri geri qaytarırıq. Mərkəz tərəfindən verilən vədlər yerinə yetirildikdə isə ödənişlərin geri qaytarılması təmin edilmir”.
F.Mahmudov onu da əlavə edib ki, “şikayətçi Nilufər Xəlilova öz hüquqlarını qorumaqda sərbəstdir və biz onun iddialarına qanunla cavab verməyə hazırıq”.
AİİB-in sədri Eyyub Hüseynovun məsələ ilə bağlı mövqeyinə gəlincə, ekspert bildirir ki, istehlakçının beynəlxalq və yerli hüquqlarından biri onun seçim hüququdur. Eləcə də maldan və xidmətdən imtina etmək hüququna malikdir. “İstehlakçı maldan və xidmətdən istifadə etməyibsə, bəri başdan imtina hüququ var. Və əgər aralarında yazılı müqavilə varsa, hər iki tərəf təsdiqləyibsə, belə məsələlərdə imtina hüququ məhkəmələrdə həll olunur”.
Sonda təəssüflə qeyd edək ki, xüsusən pandemiyadan sonra Azərbaycanda fəaliyyət göstərən istirahət mərkəzlərindən daxil olan şikayətlərin sayı xeyli artıb. Bu isə təbii olaraq vətəndaşlarımızın ölkədaxili turizmə marağını azaldır. Nəticədə Eyyub Hüseynovun da əvvəldə vurğuladığı kimi, bütün bunlar ölkəmizdə turizmin inkişafına böyük zərbə vurur. Ümid edirik ki, aidiyyəti qurumlar zamanla işıqlandırdığımız neqativlərə biganə qalmayacaq, bu sahədəki çatışmazlıqların aradan qaldırılması istiqamətində daha ciddi addımlar atacaqdır.

Mənbə: KONKRET.az
Tarix: 01 iyun 2023
Baxış: 127

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş