Xəbər lenti
Reklam
İsmayıl Xəlilovun "Məhkəmə zallarından görünən reallıqlar" silsiləsindən növbəti yazısı

2014-cü ildə uzun-uzadı müzakirələrdən sonra nikaha daxil olan cütlüklərin bir-birinin sağlamlıq durumuna əmin olmaları, ailənin sağlam təməllər üzərində qurulması üçün Ailə Məcəlləsinə əlavə və dəyişikliklər edildi. Həmin dəyişikliklərə görə nikaha daxil olmaq istəyən şəxslər tibbi müayinədən keçdiklərini təsdiq edən arayış təqdim etdikdə nikah bağlana bilər. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi dövlət və (və ya) bələdiyyə tibb müəssisələrində həyata keçirilir.
Qeyd olunan dəyişikliklərdən sonra nikaha daxil olmağa hazırlaşan şəxslərdən neçəsinin nikaha girməyə mane olan xəstəliyə düçar olması, neçəsinin ailə qurmağa psixoloji cəhətdən hazır olmaması ilə bağlı tibbi rəy verilməsi, həmin əsasla nikaha girməkdən neçə nəfərin imtina etməsi ilə əlaqədar statistik hesabatlar üzə çıxmadı. İstisna deyil ki, saxta COVİD pasportu alanlar kimi bu halda da qanundan yan keçməyin yolunu tapanlar oldu. Bəlkə, bu sənəd də “xeyir iş üçün alınan arayış” adı ilə “şirinlik” müqabilində satın alınan sənədlərin siyahısına əlavə edildi. Çünki məhkəmə iclas zallarından görünən acı reallıqlar başqa cür fikirləşməyə əsas vermir.
Əliyev Samir İyas oğlu (adlar şərtidir) Aydınova Lalə Tofiq qızı ilə 14 fevral 2020-ci il tarixdə nikah bağlamışlar. Yəqin, onlar da nikaha girəndə yuxarıda adı çəkilən tibbi arayışı təqdim etmişdilər. Onların birgə nikahdan bir oğlan uşağı dünyaya göz açmışdır. Samir mərhum atasının xatirəsinə ehtiram əlaməti olaraq oğluna onun adını vermişdir. Ailə münasibətləri gözlənilən qədər şirin olmadığından 2022-ci ilin avqust ayında ər-arvad arasında növbəti mübahisədən sonra Lalə kiçik İlyası da özü ilə götürüb Bakı şəhərində yaşayan atasının evinə qayıtmışdır. Samir bir neçə dəfə Laləyə evlərinə qayıtmağı təkid etsə də Lalə ərinin müxtəlif şəxslərə borclarının olması və digər səbəblərdən evə qayıtmaq istəmədiyini bildirmişdir. Növbəti dəfə Samir qayınatasının evinə yollanaraq yolüstü mağazadan bir ədəd bıçaq alıb özü ilə götürmüşdür. Lalə bu dəfə də ərinin evə qayıtmaq təklifini rədd etdikdə Samir Lalədən qisas almaq məqsədilə ona mənəvi iztirab yaşatmaqdan ötrü azyaşlı oğlu İlyası öldürmək qərarına gələrək niyyətini həyata keçirtmək üçün oğlu ilə görüşməyə şərait yaradılmasını xahiş etmişdir. Lalə balaca İlyası atası ilə ünsiyyətdə olması üçün ona vermişdir. Uşağı qucağına alıb yataq otağına keçən Samir İlyası otaqdakı döşəməyə uzadıb özü ilə götürdüyü bıçağı çıxararaq onun gözlərinə baxa-baxa körpənin döş qəfəsinin ön səthinə dörd dəfə, çənəaltı nahiyəsinə bir dəfə, sağ əlinə bir dəfə, sol əlinə üç dəfə bıçaq zərbələri vurmaqla onu həyatdan məhrum etməyə cəhd etmişdir. Uşağın qəfləti naləsindən özünü hadisə yerinə çatdıran şəxslərin köməkliyi ilə bıçağı Samirin əlindən almaq mümkün olmuşdur. İlyasa vaxtında ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatını xilas etmək mümkün olsa da sağlamlığını tam olaraq bərpa etmək mümkün olmamışdır. İndi İlyas nə danışa, nədə bir qolunu hərəkət etdirə bilir.
İki yaşlı körpəsinin gözlərinə baxa-baxa onun sinəsinə bıçaq zərbələri saplamağa hazır olan “varlığın” sağlamlıq durumunun yerində olması, ailə qurmağa psixoloji olaraq hazır olması ilə bağlı fikir bildirməyi ona tibbi arayışı verənlərin üzərinə buraxırıq.
Görünür qanunları nə qədər xoş niyyətlərlə dəyişsək də, ictimai nəzarət olmadan məqsədə çatmaq mümkün olmayacaq.
Adətən, qızları ər evinə köçürəndə hamımızın diqqətini cəlb edən və hər birimizin həssaslıqla qarşılaşdığımız bir səhnə var. Ərə gedən qızın atası onun yola salınması ayinlərini icra edərkən kövrəlir, gözlərinin yaşını saxlaya bilmir. Bu həssas anlar azərbaycanlılara məxsus olan, qız uşağına tükənməyən seviginin əlamətidir. Qız övladı evin çırağıdır, onu köçürməklə evin işığı azalır, evə tənhalıq çökür. Yeni evdə bu çırağın əvvəlki kimi işıq saçacağı ilə bağlı tərəddüdllər fonunda valideynin həssas anlar yaşamasını başa düşmək çətin deyil.
Lakin, yuxarıda təsvir olunan real hadisənin fonunda söz verək ki, bundan sonra qızlarımızı yola salanda kövrəlməyəcək, ağlamayacaq, bunun əvəzində həmin ayinlər baş tutanadək “ilanın” zəhərli olub-olmamasını aydınlaşdırmaq üçün onun quyruğunu vaxtında basdalayacağıq.
Həmkarlarımızdan biri öz qızını ərə verməyə hazırlaşdığı oğlanı tanımaq üçün bir əhvalat danışmışdı və həmin an susmaqla münasibətimizi biruzə verməsək də daxilən onu qınamışdıq. O, qızını ABŞ-da yaşayan azərbaycanlı oğlana ərə verməyə hazırlaşırdı. Qızının gələcək ərini tanımaq üçün qızı ilə birlikdə qərara gəlmişdilər ki, oğlanın xəbəri olmadan ABŞ-a gedib onun yaşayışı ilə tanış olsunlar və bunu etmişdilər. Qəflətən yaşadığı evin zəngini basaraq içəri daxil olan nişanlısını və qayınatasını görən oğlanın bu məsələyə münasibəti müsbət olmuşdu. Çox sonralar başa düşdük ki, həmkarımız bu məsələdə hamımızdan ağıllıymış.
Əziz valideynlər, “ilanın” zəhərli olub-olmamasını əvvəlcədən yoxlamaq üçün təkcə tibbi arayışla kifayətlənmək olmaz. Qanunvericilikdə onu müəyyən etməyin daha effektli üsullarından birini də sizə çatdırmaq istəyirik.
Qüvvədə olan ailə qanunvericiliyində nikaha daxil olarkən nikah müqaviləsinin bağlanması nəzərdə tutulmuşdur. Sadə dildə desək, nikaha daxil olmamışdan əvvəl tərəflər mövcud əmlaklar, nikah dövründə qazanılacaq əmlaklar, gəlirlər, nikah pozulduqdan sonra qazanılacaq əmlaklar və gəlirlər barədə əvvəlcədən müqavilə bağlaya bilər və nikahdan sonra həmin əmlaklarla hansı qaydada rəftar edəcəklərini əvvəlcədən razılaşdıra bilərlər.
Bəşəriyyət həyatının əsrlərlə mövcud olduğu dövrdə, eləcə də ailə-hüquq münasibətlərindən irəli gələn mübahisələrin həlli təcrübəsində sübut edilir ki, insanları tanımaq, onların mənəvi-psixoloji varlığını görmək, hiss etmək üçün onlarla maddi mənafelərin toqquşduğu yerdə durub danışıq aparmaq lazımdır. Onda, nikaha girənin şəxsiyyəti, niyyəti, ailə barədə fikirləri, mənəvi-psixoloji heykəli, nikah münasibətləri pozulduqdan sonra keçmiş həyat yoldaşına, övladlarına münasibəti ortaya çıxacaq. Əmin ola bilərsiniz, “zəhərli ilanların” əksəriyyəti bu sınaqdan keçmədən geri dönəcək.
Müasir gənclər nikaha girərkən nikah müqaviləsi bağlanması təcrübəsindən nadir hallarda istifadə edirlər. Bunun da acınacaqlı nəticələri göz önündədir. ”Hələ qohum olmamış əmlak davası açmaq ayıbdır” kimi deyimə əsaslananlara məsləhət görərdik ki, son vaxtlar nikaha daxil olanların boşanma faizi, onların məhkəmələrdə nə qədər və hansı məzmunda əmlak davaları açması faizləri ilə tanış olduqdan sonra qərar verməyi yaxşı-yaxşı düşünsünlər.
P.S. Cinayəti törədənə məhkəmənin hökmü ilə təyin edilmiş 14 il 6 ay azadlıqdan məhrumetmə cəzası itirilmişlərin heç birinin yerini doldurmayacaq. Gəlin ilanın quyruğunu vaxtında tapdalayaq ki, zəhəri günasızların üzərinə çırpılmasın.

İsmayıl Xəlilov

Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri



Tarix: 14 aprel 2023
Baxış: 149

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş