Xəbər lenti
Reklam
"Hərbçilərin qısa zamanda təhvil verilməsi üçün Ermənistana təzyiq göstərilməlidir" - SƏRT REAKSİYA

Ermənilərin əsir düşən Azərbaycan hərbçisinə qarşı qeyri-insani davranışları və şiddət nümayiş etdirməsi ölkə gündəmini zəbt edib. Baş verən hadisə cəmiyyətin düşmənə qarşı haqlı aqressiyasını daha da şiddətləndirib. Bu məqamda beynəlxalq təşkilatların susqunluğu diqqətdən yayınmayıb. Bəs görəsən Azərbaycan dövləti erməni aqressiyasına və cinayətkarlığına qarşı hansı addımları atmalıdır? Ümumiyyətlə, beynəlxalq təşkilatlar vasitəsilə tədbirlər həyata keçirə bilərikmi? 
Mövzunu Kontakt.Az-a şərh edən politoloq Araz Aslanlı Ermənistan-Azərbaycan arasında gərginliyin başladığı ilk mərhələdən bu günə qədər bütün səviyyələrdə İrəvanın beynəlxalq hüququ heçə sayan davranışlarına şahid olduğumuzu bildirib: “Ermənistanda yaşayan azərbaycanlılara qarşı həyata keçirilən kütləvi qətliamlarda, vətəndaşlarımızın zorla öz yurdlarından köçürülməsi prosesində 200-dən çox insan qətlə yetirilib. Amma Azərbaycanda ermənilərin özlərinin əli ilə törədilən təxribatlarda cəmisi 20-30 nəfər erməni öldürülüb. Daha sonra müharibə dövründə azərbaycanlıların mülki erməni əhalisinə qarşı heç bir aqressiv addımına şahid olmasaq da, ermənilər Xocalı soyqırımını törədiblər. Rayonlarımızın işğalı prosesində isə həm mülki əhaliyə, həm də hərbçilərimizə qarşı qətliamlar həyata keçiriblər. Əsir və girov götürülən vətəndaşlarımızı qul kimi işlətməkdən, onların orqanlarını satmaqdan belə çəkinməyiblər. Odur ki, bir tərəfdə beynəlxalq hüququ heçə sayan, cinayətlər törədən Ermənistan, digər yanda isə ərazilərini işğaldan azad edərkən belə humanitar hüququ maksimum gözləməyə çalışan Azərbaycan dayanır. Hazırda əsir götürülən hərbçilərimizə qarşı sərgilənən davranış da əvvəlkilərin təkrarıdır. Yəni cəbhədə məğlub olan Ermənistan dumanlı havada azaraq yolu səhv salan və əsir düşən Azərbaycan hərbçisinə qarşı zorakılıq tətbiq edərək güc nümayişinə çalışır”.


Araz Aslanlı: “Muxtariyyətin ləğvi münaqişənin həllinə nə mənfi, nə də  müsbət təsir etdi”


Politoloqun sözlərinə görə, beynəlxalq təşkilatların, digər dövlətlərin, o cümlədən humanitar məsələlərlə məşğul olan QHT-lərin məsələyə yanaşması birmənalıdır: “İndiyə qədər olan müxtəlif mərhələlərdə onlar Azərbaycanda təsadüfi baş verən bu cür hallarla qarşılaşanda dərhal böyük bəyanatlar, çağırışlar və təzyiqlər nümayiş etdiriblər. Amma Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə görə heç bir reaksiya verməyiblər. Ümid edək ki, bu mərhələdə Ermənistana təzyiq göstəriləcək və əsir götürülən əsgərlərin qeyd-şərtsiz azad olunması üçün addımlar atılacaq. Xarici dövlətlərin səfirlikləri və beynəlxalq təşkilatların nümayəndələri azərbaycanlı hərbçilərin sağlamlığı ilə maraqlanmalı, baş verən hadisəyə obyektiv qiymət verməlidirlər. Üstəlik, onların ən qısa zamanda Azərbaycana təhvil verilməsi ilə bağlı Ermənistana təzyiq göstərməlidirlər. Azərbaycan dövləti isə birinci növbədə baş verən cinayət hadisəsini bütün dünya mediasına yaymalıdır. İkinci növbədə bütün dövlətlər, beynəlxalq təşkilatlar və humanitar sahədə fəaliyyət göstərən QHT-lər qarşısında tələblə çıxış etməli, onları mövqe sərgiləməyə çağırmalıyıq. Eyni zamanda Ermənistana sülh müqaviləsinin imzalanmadığı xatırladılmalı, onlara qarşı da adekvat addım ata biləcəyimiz vurğulanmalıdır. Həmçinin bu davranışlara Ermənistan cəmiyyətinin etirazını təmin etməliyik. Ermənistan bu cür cinayətkar rəftarilə Azərbaycanın indiyədək onlara qarşı sərgilədiyi mədəni davranışların üzərindən xətt çəkir”.

Müşviq Tofiqoğlu    

Tarix: 13 aprel 2023
Baxış: 180

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş