“Guya gəlib mənimlə görüşüb, mənə əl tutub. Başına dəysin!” - Ənvər Həsənovdan sərt açıqlama
"Mən artıq bir aydır ki xəstəxanadan çıxmışam. Evdən heç yerə getmirəm, heç kimlə görüşmürəm, çəkilişlərə, görüşlərə dəvət edirlər, amma ora da getməyə halım yoxdur. Stolumun üstü dərmanla doludur. Dava-dərmanla özümü saxlayıram, heç kimə də müraciət etmirəm”.
Gender.Az xəbər verir ki, bu sözləri Musavat.com-a açıqlamasında Xalq artisti Ənvər Həsənov deyib.
Xalq artisti qeyd edib ki, mədəniyyət naziri bu günlərdə özü şəxsən zəng edərək, onun səhhəti ilə bağlı maraqlanıb:
"Adil Kərimli nazir səlahiyyətlərinin müvəqqəti icraçısı vəzifəsinə təyin olunandan təxminən 2 gün sonra telefonla zəng edərək, təxminən 10-15 dəqiqə mənimlə danışdı. Deyim ki, Adil Kərimlinin səmimiyyəti, qayğıkeşliyi mənim çox xoşuma gəldi. O da bildirdi ki, mənə dəstək göstərməyə hazırdır. Mən də ona açıq bildirdim ki, 73 yaşım var və Azərbaycan kino sənətində öz canını qoymuş bir insanam. Çəkildiyim təkcə "Yeddi oğul istərəm” filmi dünyanın ən müxtəlif ölkələrində nümayiş olunub. Bu günə qədər hələ heç kəsə ağız açmamışam, pul, yardım istəməmişəm. Sadəcə mənə layiq olan bir şeyi - Prezident təqaüdü verilsə, özüm öz başımı dolandıraram, dərmanlarımı alıb, əməliyyatlarıma gedərəm. Hamı bilir ki, bu gün həkimə gedib müayinə olunub, müalicə almaq baha başa gəlir”.
Ənvər Həsənov bəzi media orqanlarında barəsində yalan informasiyalar yazılmasından şikayətlənib:
"Sözün doğrusu, indi kiməsə müsahibə verməkdən qorxuram. Bəzən kimsə haradansa nəsə eşidib, üzərinə onunu qoyub, yazır. Məsələn, yazmışdılar ki, guya mən xəstəxanadan çıxdıqdan sonra Şəfiqə Məmmədova gəlib mənimlə görüşüb, mənə əl tutub. Başına dəysin! Şəfiqə Məmmədova bir qəpiklik adam deyildi, biz onu gətirib, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına sədr seçdik. O, Azərbaycan kinosunu məhv edən birinci düşmənimizdir.
Daha sonra yazdılar ki, Heydər Əliyev Fondu məni aparıb, öz himayəsinə götürüb. Amma bu xəbərlərin heç biri doğru deyil”.
Xalq artisti qalmaqallı ev məsələsindən də söz açıb:
"Hamı bilir ki, 4 il əvvəl Prezident mənə ev hədiyyə etmişdi. Prezidentin nümayəndəsi məni evlə tanış etdi, gördüm ki, ev hələ tam tikilməyib. Dedilər ki, 3 ay sonra yenə gəlib, baxarsan. 6 ay, 9 ay, 1 ildən sonra getdim, gördüm ki, ev hələ tikilmir. Ev də 11-ci mərtəbədə idi. Yuxarı qalxanda yüksək təzyiqim, şəkər xəstəliyim olduğu üçün başım hərləndi, yıxıldım. Soruşdum ki, evin tam təmiri üçün nə qədər pul lazım olacaq? Dedilər ki, 45 min manat. Şoka düşdüm. Dedim ki, Allah Prezidentimizin canını sağ eləsin, amma mənim 45 min manata imkanım yoxdur. Və bilirəm ki, Prezidentin bu məsələlərdən xəbəri yoxdur. Nəisə ki, aşağı düşdükdən sonra həyətdə olan ev alqı-satqısı ilə məşğul olanlar mənə təklif etdilər ki, o evin pulunu mənə versinlər və mən özüm istədiyim yerdə özümə ev alım. Nəhayət 6 aya 90 min manata Şüvəlanda özümə ev tapdım, onu bir az təmir edib, abıra salıb, içində yaşamağa başladım. Üç il ərzində çox yaxın dostlarımız, əzizlərimi itirdim Sağ qalan dostlarım da sağ olsun, gəlirlər, mənimlə maraqlanırlar... "