Dekabr ayının əvvəli yağışların sulu qara və qara keçən günləri idı. Havanın toranlığında bir atlı qapımızın önündə görsəndı. Cəlil 60-65 yaşlarında, əynində köhnə kürk olan kişini həyətə dəvət elədi. Mən qapının arasından onları seyr edirdim. Cəlil arada göz ucu qapıya tərəf baxır, könülsüz şəkildə qonağı ilə söhbət edirdi. Qapını aralayıb pilləkənə çıxdım, Soyuq sınıq ayağımı sızıldadırdı. Bu adamın üz gözündən xoşum gəlmədi. Söhbətləri maraqlı olmasa da Cəlili tək qoymaq istəmədim. Cəlil əli ilə işə edib məni yanlarına çağırdı. Ehtiyatla pilləkəni düşüb onlara yaxınlaşdım.
- Salam qızım.
Başımla salam verib gözümü Cəlilə zillədim. Cəlil gah mənə, gah kişiyə baxır, gah da gözünü yerə dikib düşünürdü. Bu süküt xeyli çəkdi.
- Bəlkə, deyəsən nə olub?
Cəlil yenə dillənmədı.
- Əzizi tutublar!
Yaşlı kişi sakit səslə dilləndi. Cəlil elə bil yuxudan ayıldı.
- Kim?
- Hökumət.
- Sənin hökumətin gec qalıb. Gör neçə ildir? Onun öldürdüklərinin sümüyü çoxdan cürüyüb.
Qoca dillənmədi.
- Sən hardan bildin? Heç dümədin kimsən, nəçisən ...
- Mən atanı uzun illərdi tanıyıram. Qazamatda bir yerdə olmuşuq. Aşağı kəndlərin kənarında meşəlikdə bir fermam var. Orada oluram. Məlum hadisədən sonra Əziz yanıma gəlmişdi. Arada gəlib orada gecələyirdi.
- İndi nə istəyirsən? Səni niyə göndərib?
- Yox, o göndərməyib. Dedim sizə xəbər verim. Nigaran qalmayın.
Mənə istehzalı bir gülmək gəldi.
- Ay sən nə yaxsı adamsan ... Yoxsa, gözümüz qapıda qalacaqdı. Səncə başımıza gələn bu qədər olaydan sonra bizə ata lazımdımı? Əgər görsən deyərsən ki, Aypəri "bizə onun nə dirisi, nə ölüsü lazım deyil" dedi!
- Elə demə qızım, o sizi çox istəyirdi.
- O özünü çox istədi, bizi yox! Bu olanlar hamısı bizi - yanı qız uşağı istəmədiyindən oldu.
- Niyə elə düşünürsən? Onun ürəyi ...
- Qatili olduğu adamın qardaşının qoynuna sığındıq. Babam öldü. Anamın qəbrinə gətmək bizə qadağan oldu. Ömürlük şikəst qaldım. Gör nə qədər haqlı olan "niyə"miz var! Bu şeylər bizim gözümüzün qabağında olmadı, bunların hamısı bizim başımızda çatladı.
- Mən səni belə dik baş bilməzdim.
- Doğru deyirsən. Onun adı gələndə səni qapıdan çıxartmadım. Cəlil məni evə apar.
Cəlil qoluma girib məni evə tərəf apardı. Qoca atını minib üzü meşəyə tərəf çapmağa başladı.
- Adamda həyasızlığa bax. Cərə - cəhənnəmə tutulub. Elə orda da gəbərər, İnşallah.
Allah üçün deyim ki, Cəlil bu işə nə ağ, nə qara dillənmədı.
- Atam göndərib bunu?
Yasəmən söhbətə qarışdı. Ağzımı açıb hirsimi ona tökəcəkdim ki, Cəlil məndən qabaq dilləndi.
- Yox, elə o da atanı axtarır. Deyir neçə illərdi görmürəm, gəlib-getmir.
- Quzum sən belə şeylərə fikir vermə. Atamızın konserti qutarmır ki… Yemək yeyirsən?
- Elə acmışam ki, amma, qorxuram yeməyə.
Yasəmən naxoşlamışdı, nə yeyirdisə qaytarırdı. Hərdən məcbur yedirirdim, amma, onu da qınamıram zəhərə qalmış azar canından çıxmırdı ki, uşaq ürəkli yemək yesin.
- İstəyirsən sənə süd bişirim? Öskürəyinə də kömək olar.
- Bişir, istəyirəm.
***
Başımı pəncərəyə söykəyib qum kimi səpələnən yağışa tamaşa edirdim. Babam həmişə deyirdi ki, "yağış Allahın bəndələri üzərinə göndərdiyi rəhmətidi". Amma nədənsə bu rəhmətdən bize bir gilə də pay düşmürdü. Cəlil həyət qapısından girib bir baş evə qaçdı. İçəri girib ayaqqabılarını çıxartdı. Bu narın yağışdan üst-başı bir balaca islanmişdi. Qoltuğundan bir bükülü kağız çıxarıb mənə tərəf gəldi.
- Aypoş …
- Nə? Nə dedin?
- Aypoş.
- O nə addır mənə deyirsən. Mən ermeniyem?
- Ay Allah eləməsin. O handan çıxdı?
- Ele mən də onu deyirəm. O hardan çıxdı? Mənim öz adım var. Öz adımla çağır. Aypoş. Yox bir ne. Mən sənə Caren desəm xoşdu?
- Ne əlaqəsi var e? Bir balaca qısaltdım də.
- Qısaldırsan? Pəri de. Daha erməni adı yox.
- Yaxşı Ayperi, mən davaya gəlmədim. Sənə yaxşı xəbərim var. Adamın sevincini də qursağında qoyursan.
- De görək, nə xəbərdi.
- Sovetliyə çağırmışdılar məni. Getdim ki, Kamran da ordadı. Görüşdük. Dedi qardaşı tapşırıb, ya da xaiş edib bilmirəm məni xırdanda çəkiyə nəzarətçi təyin elədilər.
- Ay nə yaxşı. Bu həqiqətən yaxşı xəbər oldu. Sənin də bir işin olsun, Cəlil. Hər ikisi sağ olsun. Qardaşı köhnədən polis işləyib, tanıyıram o kişini.
- Hə elə dedi. İndi pensiyaya çıxıb.
- Yaxşı, bəs qışın bu çağında ne var ki, xirmanda çəkilməli?
- Necə nə var? Toxumluq var, yem var, gübrə var… Hamısı orada çəkilib verilir. Gərək toplamanı, çıxmanı bir təkrar edib, yadıma salam.
- Mən bu barədə sənə heç nə kömək edə bilməyəcəm. Sən yenə Yasəmənin kitab-dəftərini varaqla.
***
- Ay ev yiyəsi. Ay ev yiyəsi.
Həyətdən qalın kişi səsi gəlirdi. Cəlil uzandığı yerdən başını qaldırıb pəncərədən həyətə boylandı.
- Çıx gör kimdi?
- Mən çıxım?
- Hə. Bəlkə sizi axtarır.
- Sən qəti isti yerini soyutma.
Adam dayanmadan çağırırdı. Cəlil ayağa qalxıb qapıya getdi.
- Eşidirem, ağsaqqal.
- Günortan xeyir, oğul.
- Hər vaxtın xeyir.
- Qardaşoğlu, bir bəri gəl.
Kişi atdan düşüb Cəlilin qabağına gəldi. Cəlil kişiyə əl uzadıb görüşdü. Bu hay-haraylı görüş də mənim başımda çatladi. Sən demə bu gələn adam anamın dayısı imiş.
- Qardaşoğlu, mən Fatma arvadın qardaşıyam. Könülün dayısı. Neçə illərdir elə gəlmək istəyirəm, amma alınmır. Qismət bu günə imiş. Bacımla danışmışam. Onun da uşaqlarla əlaqəsi yoxdu. Bəlkə də iki aydı ki, mən onları soraqlayıram. Axır sənin evini nişan verdilər.
- Lap yaxşı, xoş gəlmisən. Keç içəri. Uşaqlar içəridədir.
Qoca içəri keçib əvvəl Yasəmənlə, sonra mənimlə görüşdü. Cəlilin yerə atdığı döşəkçənin üstə bardaş qurub oturdu. Barmağındakı üzük, əlindəki təsbeh onun din adamı olduğunu deyirdi. Üzünün saqqalı da öz yerində. Qabağına qoyduğum çayı, qənd qabındakı noğulu görüb belinə bağladığı belliyin arasından bir bağlama çıxartdı. İçində konfet, nabat və xurma olan bağlamanı süfrənin üstünə qoydu.
- Allah Könülə rəhmət eləsin. Heç ona ölüm yaraşmırdı. Amma, neyləyək ki, taleyi belə gətirdi. Zavallı qızın …
- Kişi, sən bura yasa gəlibsən, yoxsa ... ?
Dözməyib dilləndim. Sözüm kişini sirkələdi. Gözləri iriləndi.
- Yox qızım, nə yas? Mən bura xeyir iş üçün gəlmişəm.
- Deyirəm də. Meşədə çaqqal az idi, biri də ...
- Aypəri, bəsdi. Ayibdi!
Cəlil sözümü kəsdi.
- Nə məsələdi ağsaqqal. Buyur mətləbə keç.
- Qardaşoğlu, mən cavanlığımdan İranda yaşamışam. Sonra qayıtmışam el-obama. Kənddə axundluq edirəm. Xətir - hörmət sahibiyəm. Allah sizi saxlasın, mənim də siz yaşda bir nəvəm var. İstəyirəm onu öz qanımdan, canımdan olan biriylə evləndirim. Əgər sizin də ...
- Yox! Qəti olaraq yox. Sən nə utanmaz adamsan? ! Özün də Allah adamısan, guya ... Sən 20 ildə Könülün adını tutmayib, bir dəfə də olsun qapısını açmayib, indi onun yetimini kölə almaq istəyirsən? Mənim anam öləndə onun sülaləsi də onunla bərabər öldü. Birinci də sənin bacın, Fatma. Çayını ic, xoş gəldin.
İçimdə olan illərin hikkəsini, hirsini kişinin üstünə töküb qapıdan çıxdım. Cəlil arxamca çağırsa da fikir vermədim. Bir baş yollandım evimizə. Yol boyu necə aglayırdımsa elə bil anamın ölümünü yenidən yaşayırdım. Yasəmən arxamca qaça-qaça gəlib özünü mənə çatdırdı. Əlindəki jileti çiynimə atıb yanımda pilləkəndə oturdu.
- Narahat olma bacı. Cəlil də onun payını verdi. Dedi babam yaşdasan, bilsəm buna görə gəlmisən səni heç içəri buraxmazdım. Kişi daha heçnə demədi. Atını minib getdi.
Bu hərəkətimə məndən daha çox Yasəmənin ehtiyacı vardı. Axı mən onu qoyub getsəm necə olardı. Onun indiki halda məndən başqa heç kimi yox idi.
- Soyuqdu. Sen get evə mən də bir azdan gələcəm.
***
Yuxudan təzəcə oyanmışdım ki, Cəlil qapini döyüb içəri girdi.
- Yasəmən hani, Cəlil?
- Dərsə getdi, elə onu məktəbə qoyub gəlirəm.
- Sən işə getmirsən?
- Gedəcəm. Səninlə söhbət eləmək istəyirəm.
Cəlil gizli iş görənlər kimi ətrafa göz gəzdirib, sakit səslə sözünə davam elədi.
- Aypəri, ötən gün Gülbahar Asyanı rayona aparırdı. Deyir Bakıda oxumağa sənəd verirlər. Dur hazırlaş biz də gedək. Lazım olan kağızları alıb gətirmişəm.
Qulaqlarıma inanmadim. Cəlil qoltuğundan qəzetə bükülü bir qalaq kağız çıxartdı.
- Hamısı burdadı. Sabah axırıncı gündür. Yubanma, hazırlaş gedək!
- Cəlil! Sən nə danışırsan? Nə oxumaq, nə Bakı? Mən məktəb oxumuşam ki, universitet oxuyam?
- Sən dur əynini geyin. Bunu həll edək, sonrasını da düşünmüşəm. Yolda izah edəcəm.
Məni gülmək tutdu. Həm sevinirdim, həm də Cəlilin bu hərəkətlərinə mat qalırdım.
- Yaxşı nə oxuyuram Bakıda?
- Həkimlik. Arzu oxuyanı.
Bu dəfə həqiqətən qəşş elədim.
- Ay Cəlil mən adımı güclə yazıram. Mən necə …
- Əsas oxumaqdır. Yazmaq sonranın işidi. Vaxt itirmə tez ol. Yasəmən dərsdən gələnə kimi gedib gələk.
Beləcə çaşqınlıq içində əynimi geyinib düşdüm Cəlilin yanına.
***
Doğurdan da Cəlilin atdığı o addımlar məni bu günümə gətirib çıxartdı. Yadima düşdükcə gözlərim yaşarır. Nə qədər ki, ağlamamışam durum gedim.
Özünüzə yaxşı baxın, dostlar, gəlib ardını danışacam.
(ARDI VAR)
Müəllif: Vasif Ənvəroğlu
Gender.Az