Redaktor seçimi
    “Hollivud”dakı hadisəni bu şəxslər törədib - Usubov DANIŞDI
Xəbər lenti
Reklam
"Ağ xalatlı Aypəri" - Vasif Ənvəroğlu "Bətində ölən mələklər"

- Doktor, sizi görmək istəyən var.
- Gəlsin.
- Olar?
- Aaa. Gülbahar xala sizsiz? Gəlin, nə yaxşı gəlmisiz?
- Uşağı Validə həkimin yanına gətirmişdim. Dedim gəlmişkən səni də görüm.
- Lap əcəb eləmisən. Kənddə nə var, nə yox? Asya necədi, baxa bilir uşaqlara?
- Kənd elə gördüyün kənddir. Asya da şükür yaxşıdı. Uşaqlar onu çox incitdi, Aypəri. Bunun da gözü bizi yaman xərcə saldı.
- Nə dedi, Validə həkim?
- Deyir əməliyyat olmalıdı. Gecikdirirsiz. 
- İmkan varsa elədin, Gülbahar xala. Asyanın deməyinə fikir verməyin. Bilirəm balasıdı qorxur ki, əməliyyatda nəsə olar. Amma, bu ürək əməliyyatı deyil ki. Bir-iki dənə keyidici iynə vurub edəcəklər. Uzağı yarım saatlıq əməliyyatdı.
- Nə deyim, Vallah. Yenə öz ailəsi, öz işidi. Yaxşı qızım biz gedək, taksi aşağıda gözləyir. Səni gördüm, Maaşallah, ürəyim dağa döndü.
- Sağ-salamat gedin. Allah köməyiniz olsun. Anana salam de "sarı muncuq".
Məryəm, yola sal qonaqları.

***
Qaranlıqdakı adamın hərəkətinə qışqırıb özümü çarpayıdan yerə atdım. Səsimə özünü itirən adam qapının yerini səhv saldı, özünü ora-bura vurub yıxıldı. Mən dayanmadan qışqırırdım. Kamran dayı  içəri soxulub işığı yandırdı. Polun üstə ağzı üstə sərilmiş arvadını görəndə kişini heyrət bürüdü. Səsimizə qızı Samirə də otağa gəldi. Hamı biri birinin üzünə baxırdı. Yasəmən səssizcə ağlayır, mən qorxudan dırnağımı gəmirirdim. Kamran dayının arvadı Sünbül yerdə üzü üstə uzanıb başını da qaldırmırdı.
- Nə baş verir? Bu uşaqlar kimdi ata?
Samirə sakitcə Kamran dayıya sual verdi.
- Sən get yat qızım. Qonaqdılar. Sənin nişanına gəliblər.
Qız sakitcə otaqdan çıxıb getdi. Dayı içəri keçib qapını örtüb, arxasını kilidlədi. Əyilib Sünbülün qolundan tutub özünə tərəf dartdı.
- Sən burda nə iş görürsən? Əlindəki nədi, Sünbül? Aypəri, niyə qışqırırdı?
Arvad lal-dinməz başını aşağı sallayıb dururdu. Kamran dayı səsini biraz qaldırdı.
- Yasəmən niyə ağlayırsan? Nə olub axı burda? Biriniz dillənin də!
Yasəmən qorxusundan daha da bərk ağladı. Söykəndiyim divardan aralanıb arvadın üstünə yeridim. Əlindəki döşəyi dartıb ondan aldım.
- Yasəməni bununla boğurdu.
Kamran dayını elə bil ilan vurdu. İki əlini başına necə vurub qışqırdısa səsinə divar sirkələndi. Başına, dizinə nə qədər döydüsə dizləri tab gətirməyib qatlandı. Arvadının yanında dizi üstə oturub, onun çənəsindən tutub özünə tərəf çevirdi.
- Az nə deyir bu uşaq? Sən bura uşaq öldürməyə gəlibsən?
Sünbül dinmədi. Onun susmağı ərini daha da özündən çıxartdı. Çənəsini buraxıb əlinin arxası ilə Sünbülün ağzı üstdən var gücü ilə şillə vurdu. Zərbədən Sünbülün ağzı-burnu qanla doldu. İki əlini üzünə tutsa da səsini çıxartmadı. Kamran dayı ikinci şilləni də vurdu. Bu dəfə arvadın qanı ətrafa səpələndi.
- Ver bura əlindəkini.
Əlimdəki döşəkcəni tez ona uzatdım. Kamran dayı döşəkcəni əlimdən dartıb Sünbülün üzünə basdı.
- Səni öldürəcəm itdən törəyən. Səni də, elə səni öyrədən o qancığı da öldürəcəm.
Vəziyyəti belə görən kimi Yasəmənlə əl-ələ tutub çölə qaçdıq. İçəridən Kamran dayının çağırışına dayanmayıb yola çıxdıq.
- Bacı hara gedirik? Bura biz tanıyan yer deyil axı.
- Tez gəl. Əsas yola çıxış yadımdadır. Ora qədər getsək, bəlkə, orda bir maşına rast gələrik.
Dayanmadan magistral yola tərəf qaçmağa başladıq. Hansı yoldan gəldi bilmirəm birdə baxdıq ki, Kamran dayı qabağımızı kəsdi.
- Siz məni eşitmirsiz? Nə oyun çıxardırsan Aypəri? İndi sizi baş-başa çırpım burda? Yasəmən hara qaçırdın?
Cavab vermədik. Kamran dayı bizi qabağına qatıb evə gətirdi. Sünbül üzü-gözü qanın içində divanda oturub mat-mat baxırdı. Yanından keçəndə saçımnan tutub özünə tərəf dartdı. Səndələyib yıxıldım. Sünbül məni sürüyüb qapıya tərəf gətirdi. Yasəmən də qorxudan yaxına gələ bilmirdi.
- Qancıx ölsəm də səni öldürüb sonra öləcəm. İşlərin başı səndədi. Ləçər bəs deyilmi sənin ki? Sən neçə baş yeyəcəksən?
Heçnə anlamırdım. Təkcə çalışıb onun əlindən çıxmaq istəyirdim. Sünbül saçımı buraxıb masanın üstəki meyvə qabını götürdü. Üstümə tərəf cumanda Kamran dayı özünü çatırdı. Gəlib Sünbülün qabağında dayandı. Mən cəld qaçıb çarpayının altına girdim.
 -  Ay Allahın ağılsız bəndəsi, bir dərdini de görüm sən nə istəyirsən bu yetimlərdən.
- Mən heçnə. Burda bir dənə istəyən varsa o da sənsən. Oğraş, çöldə oynaşdığın bəs deyil indi də evə gətirirsən?
Kamran dayının matı qurudu. Əli yanına düşdü. Mən də astaca çarpayının altından çıxıb bunların yanında dayandım.
- Sən dəli olubsan, Sünbül? Bu nə danışıqdı, bu nə sayaqlamadı? Sən kimi kimə calıyırsan?
- E burda mənə kansert göstərmə ey. Mən kiməm ki kimisə kimə calayam. Bütün rayon səndən danışır. Utandığımnan bir qonşunun, bir əqrabanın qabağına çıxa bilmirəm. Görən eləcə soruşur ki, "az düzdü ərin qızı yaşında qızla oynaşır?"
Kamran dayı kömür kimi qaraldı. Mən də ayaq üstə quruyub qaldım. Bəlkə də başqa adam olsaydı onu əllərimlə boğardım, amma,  bunun cavabını Kamran dayı özü verəcəkdi. Kamran dayı sakitcə arvadının qolundan tutub çarpayıya tərəf gətirdi.
- Gəl bir otur görüm nə çərənliyirsən. Özünü niyə bu hala saldırırsan? Kim nə deyir, nə danışır? Bir aramla izah et, mən də daş dəyən yerimi bilim. Çığır-bağır zamanı deyil bala.
Sünbül çapayının ortasında oturub xalatının ətəyi ilə üzünün qanını sildi. Üzümə elə baxırdı ki, baxışlarından od çıxırdı. Kamran dayı Yasəmənin otaqda olmasını istəmədi.
- Yasəmən sən çıx çölə. Get elə mənim yerimə uzan.
Bacım tez otaqdan çıxıb qapını örtdü. Kamran dayı stulu çəkib arvadının dizinin dibində oturdu. Mən biraz kənarda soyuq divara söykənib durdum.
- Kamran səni and verirəm ölən balamın - Samirimin goruna, mənə yalan heçnə demə. Sən bu qıza toxunmusan?
Kamran dayı gözünü yumub dərindən köks ötürdü. Gözlərini açanda elə bil baxışlarından alov qalxdı. Gözünün ağı qan kimi qırmızı idi. Kipriklərində gilələnmiş damlalar süzülmək üçün məqam axtarırdı.
- Mən sənin yerinə utandım Sünbül. Vallah utandım. Məni balam bildiyim bu uşağın yanında yerə soxdun. İllərdi mən sənə qızlarım deyirəm buların adını. İndi sən mənə and verib, nə soruşursan? Elə bilmə ki, andından qaçıram, sadəcə sənin belə deməyinə inana bilmirəm. Min dəfə yox. Mən bu uşaqları yalnız qızım kimi bağrıma basıram.
Kamram dayı daha danışa bilmədi, deyəcəkləri boğazında düyünlənib qaldı. Pəncərəyə yaxınlaşıb dərindən nəfəs alıb verməyə başladı.
- Bəs niyə o sınıqçı arvadın nəvəsini təpik burnu eləmisən. Bu qızın üstə olmayıb?
- Olub.
Kamran dayı biraz ürəkləndi. Söhbətin hardan qaynaqlandığı ikimizə də məlum oldu.
-Olub, mən onu elədiyi qələtə görə döymüşəm. O Aypərini qaçırtmaq istəyirdi. Əvvəl sözlə başa saldım qanmadı. Başından yekə danışdı, söyüş söydü mən də həddini göstərdim.
- Sən bircə dəfə də olsun qızına görə bir oğlana qulaq burması vermisən?
- Qızım mənə onun qabağını kəsənin, səni qaçırdacam deyənin, gecə-gündüz qapısında duranın adını deyib? Mənə bir adamdan şikayəti olub? İndi sən deyirsən mən o dığanı vurmuşamsa, demək... Əstəfurullah, gör biz nəyin söhbətini eləyirik Sünbül!?
Kamran dayı otaqdan çıxdı. Hiss etdim ki, Sünbülün hələ sözü qutarmayıb. Gəlib düz burnunun qabağında dayandım.
- Mənə də and verin. Anamın goruna, atamın canına, Allaha, Qurana, nə bilim inandığınız nə varsa onu deyin and içim. Mən Kamran dayını böyüyüm hesab etmişəm. Görün neçə illərdi biz Kamran dayıya pənah gətirmişik.
Arvadın susmağından ürəklənib əlini ovcumun içinə aldım.
- And içirəm bütün müqəddəslərə, Kamran dayı ilə biz ata qız kimi davranmışıq həmişə.
Sünbül məni bağrına basıb ağlamağa başladı. Yasəmənin qapının arasından bizə baxdığını görüb onu da yanımıza çağırdı. Bacımın da üz-gözündən öpüb saçını tumarladı.

*** 
Nişanın sabahısı Sünbül xala dolu sumkaları maşına qoyub bizi yola saldı. Kamran dayı hələ də arvadının dediyi sözlərin təsirində idi. Mən danışdırmasam kəlmə də danışmırdı. İçimdə bir qəribə hiss, Kamran dayını itirmək qorxusu kimi bir hiss var idi. Gözüm elə güzgüdə idi ki, Kamran dayı bircə dəfə arxaya baxsın.
Yolun yarısında Yasəməni yuxu tutdu. Biraz qabağa əyilib çiyninin üstən Kamran dayını çağırdım.
- Yaxşısan dayı?
- Yaxşıyam narahat olma.
- Sən Cənnətin nəvəsini harda gördün, nə danışdız?
- Evlərinə getmişdim. Özünə də Cənnətə də tapşırdım ki, sənin həndəvərinə hərlənməsin.
- Nənəsinin yanında vurdun onu?
 - Yox sabahısı rayona - iş yerimizə gəlmişdi. Orda oldu nə oldusa. Sən narahat olma, o söhbət bağlanıb.
Daha heçnə demədim. Gəlib evə yetişdik. Dayı sumkaları qapının önünə qoyub Cəlili səslədi. Cəlil evdə yox idi. Qapının önündə, həyətdə çoxlu mal izi vardı. Tövlənin dirəyinə isə bir at balası bağlanmışdı. Heçnə başa düşmədik. Kamran dayı xudahafisləşib getdi. Gətirdiklərimizi yerbəyer edib, evi temizləməyə başladıq. Yasəmən bulaşıq qabları yudu. Sonra, öz evlərimizə baş çəkmək üçün babamın evinə yollandıq. Yolda Gülbahar xala ilə rastlaşdıq.
- Aypəri, necəsən, 2 gündü hardasız?
- Yaxşıyıq, sağ ol. Dünən Kamran dayı qızına nişan edirdi, orda idik. 
- Lap yaxşı. Həmişə toyda, nişanda olasız.
- Çox sağ ol. Asya hanı?
- Evdədi, kitab oxuyur. Cəlildən nə xəbər?
- Cəlildən? Cəlilə nə olub ki?
- Xəbərin yoxdu? Cəlili polislər tutub apardı.
Elə bil başımdan qaynar su töküldü. Ağlıma min cür şey gəldi.
- Nə danışırsan Gülbahar xala? Polis nədi, niyə tutublar?
- Kolxozun 5 baş malını, 1 baş da atını oğurluyub.
- Cəlil? A hardaydı onda belə ürək ki, o kolxozdan oğurluq eləyə? Cəlil eləməz!
- Nə eləməz. Gözümüzün qabağında çıxardıb apardılar. Cəlil diyəndə ki, ciqanın biridi də.

Daha söhbəti uzatmayıb ordan aralandıq. Öz evimizi, Babamın evini yoxlayıb evə qayıtdıq. Sünbül xalanın ev nömrələrini yazıb verdiyi kağızı götürüb poçta yollandım.
Kağızı Kəmalə xalaya uzadıb ordakı nömrəyə zəng vurmağı xahiş elədim. Dəstəyi Samirə götürdü.
- Alo. Samirə bacı salam. Mənəm Aypəri.
- Hə Aypəri salam, eşidirəm.
- Kamran dayı çatıb evə?
- Yox gəlməyib hələ. Nədir, nə məsələdi?
- Xahiş edirəm gələndə de ki, Cəlili tutublar. Özünü polis idarəsinə çatdırsın.
- Niyə tutublar ki?
- Bilmirəm. Qonşular dedi. Dünən gəlib aparıblar.
- Yaxşı gəlsin, deyərəm.

***
Axşama yaxın Cəlil gəlib çıxdı. Üzü-gözü şişmiş, göyərmişdi. Hiss olunurdu ki, döyülmüşdü. Həyətdəki su dolu vedrəni götürüb başından aşağı axıtdı. Təmiz üstü başı su oldu. O qədər halsız idi ki, ayaq üstə dayana da bilmirdi. Bir təhər stola yaxınlaşıb öz sevimli yerində oturdu. Biz də kənardan bunun hərəkətlərini izləyirdik. Şalvarının cibindən islanmış siqaret qutusunu çıxardıb, içindən birini götürdü. Yandırmaq istəsə də kibrit yanmadı. Ocaq yerindəki kibriti gətirib ona verdim. Siqaretini yandırıb tüstüsünü içinə çəkdi. Dalbadal 1-2 tüstü alıb öskürməyə başladı.
- Eşidirsiz məni? İçəridə nə zir-zibiliniz varsa yığıb rədd olun burdan. Biraz tez olun.
- Biz? Niyə ki?
- Hə sizdən başqa burda adam var? Nəyiniz var, cırdan-cındırdan götürün cəhənnəm olun.
- Cəlil, bizim nə günahımız var?
- Bəs mənim nə günahım vardı? Hə! Səndən soruşuram. Nədi mənim günahım? Mən oğurluq edənəm?
- Mən nə bilim ay Cəlil. Dedilər inək oğurlamısan. Onu da polislər gəlib tövlədə tapıb.
- Gör nə qədər axmağam da. Oğurluyub öz qapıma gətirirəm. Sən yanı anlamırsan ki, bu Əzizin işidi. Sizin o alcax, o şərəfsiz dədəniz Əzizin. Mən məktubu polisə vermişəm deyə o da məndən belə acıq çıxdı. Oğurladığı malları gətirib doldurub mənim tövləmə. Guya mən oğurlamışam. Bunun hesabı çox pis olacaq, Əziz. Mən istəmirdim belə olsun.
Cəlil ayağa qalxıb üstümə yeridi. Qolumdan yapışıb qapıya tərəf itələdi.
- Cəld olun çıxın, qapını bağlayıram. Gərək zorla çıxardım?
- Cəlil, bizim getməyə yerimiz var. Amma, sən əlini çox irəli uzatma. Sənin başın üçün deyil Əzizlə kəllələşmək. Biz sənin xətrini istəyirik, böyüklüyünə hörmət qoyuruq, sən də həddini bil.
Cəlil əlini qaldırdıkı məni vursun, qolundan tutub elə havada saxladım.
- Yasəmən kitablarını götür gedirik. Keçinin buynuzu qaşınır.
Veşlərimizi götürüb getdik öz evimizə.

***
Eh Gülbahar xala 1 qaşıq qatığı da minnətlə verirdin bizə. İndi məni görüb ürəyi dağa döndü ...
Nəysə, gedim Validə həkimə deyim onlara kömək eləsin.

Hələlik dostlar.
Özünüzə yaxşı baxın gəlib ardını danışacam.

(Ardı var) 


Müəllif: Vasif Ənvəroğlu

Gender.Az

Tarix: 18 fevral 2023
Baxış: 8324

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş