Xəbər lenti
Reklam
Güneyli fəal: "Təbrizdəki konsulluğa kimsə basqın edə bilməz, çünki..."

İran hakimiyyəti Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücumu terror aktı kimi tanımaqdan imtina edərək ailə-məişət zəminində baş vermiş münaqişə kimi təqdim etməyə çalışır.
Hətta hadisənin baş verdiyi ilk dəqiqələrdən İranın həm rəsmiləri, həm də kütləvi informasiya vasitələri Yasin Hüseynzadənin guya həyat yoldaşını avtomat silahla xilas etməyə gəldiyinə dair açıqlama verməsi terror faktını gizlətmək məqsədi daşıyırdı. 
İranın polis orqanları, Xarici İşlər Nazirliyi, parlamentin spikeri Məhəmməd Bağır Qalibaf istintaqın nəticələrini gözləmədən səfirliyə silahlı hücumu terror fəaliyyəti kimi qiymətləndirməyin əleyhinə çıxıb. Hətta Azərbaycan XİN-in yaydığı açıqlamada qeyd edilir ki, İran baş vermiş terror aktının beynəlxalq təşkilatlarda geniş işıqlandırılmasının qarşısını almağa çalışıb. 
Ancaq çox keçmədən aşkara çıxan məlumatlar hadisənin nəinki terror əməli olduğunu sübut etdi, üstəlik bu cinayətin arxasında İran hakimiyyətinin, daha dəqiq desək İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dayandığı məlum oldu.
Qeyd edilir ki, Mərənd şəhərinin Yuxarı Yekan kəndində anadan olan 54 yaşlı Yasin (Səfər) Hüseynzadə İran-İraq müharibəsi zamanı SEPAH sıralarına qatılıb.
O, qısa müddət ərzində müharibədə 31-ci Aşura diviziyasında da iştirak edib. 1999-cu ilə qədər Təbrizdə SEPAH qərargahında yük maşını sürücüsü işləyib və SEPAH-dan könüllü olaraq təqaüdə çıxıb.  Yasin 1999-2006-ci illərdə Mərənddəki Yaldur məscidinə bağlı “Bəsic” qüvvələrinin komandanı olub. O, indi də həmin "Bəsic" bazası ilə əlaqəsini davam etdirir. Hətta onun Təbrizdə “Bəsic” və SEPAH qüvvələri ilə birlikdə son aylar Bükan və Marağada baş verən anti-hökumət etirazlarının dağıdılmasında iştirak etdiyi barədə məlumatlar var.
Hücum edənin keçmiş və indiki əlaqələrini və SEPAH-la əməkdaşlığını nəzərə alsaq, terror aktının dəqiq və planlaşdırılmış əməliyyat olduğunu söyləmək mümkündür. 
Onun silahı necə əldə etməsi ilə bağlı yayılan məlumatlar da terror aktının arxasında İran rejiminin dayandığını təsdiqləyir.
Yasin Hüseynzadə “Kalaşnikov" AK-47 silahı səfirliyə hücum edib. Azərbaycan səfirliyinin təhlükəsizlik əməkdaşının dediyinə görə, həmin silahın seriya nömrəsi saxtalaşdırılıb. Avtomatın qundağının yeganə aydın seriya nömrəsi N-12067-dir ki, bu da İran daxilində nömrələnib. Silahın İran Silahlı Qüvvələrinə məxsus olmadığı qeyd olunsa da, aşkar edildikdən sonra 25 iyun 2019-ci ildə Lorestan əyalətinin polis idarəsinin İctimai Təhlükəsizlik Komandanlığı tərəfindən qəbul edilib və ən azı 2021-ci ilin mart ayına qədər Zəncan əyalətinin polis qüvvələri tərəfindən aşkar edilən silah-sursat anbarında saxlanılıb. 
Bütün bu faktlar İran hakimiyyəti tərəfindən Azərbaycana qarşı terror təxribatlarının davam edəcəyi ehtimalını yaradır. Çünki rəsmi Tehran diplomatik korpusun immunitetini və təhlükəsizliyini nəinki təmin etməyib, üstəlik bu terrorun arxasında İran hakimiyyətinin dayandığı aşkara çıxıb. Yəni söhbət bir dövlətin öz ərazisində yerləşən digər dövlətin diplomatik heyətinə qarşı rəsmi səviyyədə təşkil olunmuş qəsdən adam öldürmə cinayətindən gedir. İstintaq bu məlumatları təsdiq edərsə, İrana qarşı beynəlxalq sanksiyalar gündəmə gələ bilər. 
Güney Azərbaycan Milli Oyanış Hərəkatının İdarə Heyətinin üzvü Ağrı Qaradağlı Cebhe.info-ya açıqlamasında bildirib ki, İran hakimiyyətinin Yasin Hüseynzadənin əlindəki silahdan başqa terror aktlarının törədilməsində istifadə edildiyi də istisna edilmir:


“Terror hadisəsi baş verdiyi ilk saatlardan biz bu cinayətin arxasında İslam İnaqilabı Keşikçiləri Korpusunun dayandığını bilirdik. Sadəcə bu faktı sübut etməyə ehtiyac var idi. İran Xarici İşlər Nazirliyinin nümayəndələri və başqa rəsmiləri Azərbaycan dövlətinin adını çəkə bilmir, deyirlər ki, Bakı səfirliyinə edilən silahlı hücum şəxsi məsələdir. Bunlar hamısı Azərbaycana qarşı kin və düşmənçilik münasibətindən irəli gəlir.
İkincisi, Yasin Hüseynzadənin SEPAH-ın və ya “Bəsic” qüvvələrinin üzvü olması bəlli idi. Biz hadisənin baş verdiyi ilk dəqiqələrdən onun ya “Hüseyniyyun”, ya da “Fatimiyyun”  terror təşkilatlarından biri tərəfindən törədildiyini demişdik. Hətta dünən Yasin Hüseynzadənin keçmiş həyat yoldaşı da onun “Hüseyniyyun” terror qruplaşmasının üzvü olduğunu deyib. Bu təşkilat da SEPAH-a bağlı terror qruplaşmasıdır. 
İran xüsusilə də Azərbaycanda, İraqda, Suriyada bu terror qruplarından istifadə edir və insanları öz təsirini altına salmağa çalışır. Yasin Hüseynzadə ilə bağlı üzə çıxan başqa faktlar da terrorun həyata keçirilməsində istifadə olunan “Kalaşnikov” silahının ona İran hüquq-mühafizə orqanları tərəfindən verildiyini təsdiq edir. Belə ki, 2019-cu ildə bir terrorçunun əlində yaxalanmış həmin silah Zənganın İctimai Asayişi Mühafizə qüvvələrinin deposunda saxlanırmış. Bir il öncə bu silah anbardan çıxarılıb.
O zaman sual olunur: Necə olunur ki, intizam qüvvələrinin, yəni rejimin əlində olan silah bu terrorçunun əlinə keçib? Deməli, bu silah İnqilab Keşikçiləri Korpusu tərəfindən alınıb və Yasin Hüseynzadəyə verilib. Hətta başqa terror aktlarında da həmin silahldan istifadə olunduğu istisna olunmur. Bu göstərir ki, İranın terror faktını gizlətməyə çalışsa da, bu cinayət rəsmi Tehranın, yaxud SEPAH-ın tapşırığı ilə həyata keçirilib. Yasin Hüseynzadəni də bu işə cəlb etməklə terroru ailə münaqişəsi kimi göstərmək istəyiblər”. 
Ağrı Qaradağlının sözlərinə görə, İran dünya ölkələri üçün təhlükə mənbəyinə çevrilib:
"Bu baxımdan, beynəlxalq ictimaiyyət İran rejiminə qarşı ciddi tədbirlər görməlidir. İran artıq zəhərli ilana çevrilib. Ona görə də İranın qarşısını almasalar qarşısına çıxanı sancacaq.
Yalnız Azərbaycan deyil, dünya ictimaiyyəti də bundan xəbərdar olmalıdır. İrana tətbiq edilən sanksiyaların sayı artırılmalıdır. Azərbaycan dövləti başqa ölkələrdə yaşayan diaspora vasitəsilə beynəlxalq səviyyədə bu məsələni gündəmə gətirməli və bildirməlidir ki, İran rejimindən başqa dövlətlər də zərər çəkə bilər. Ona görə də biz bu məsələni ciddiyə alıb ayıq olmalıyıq. 
Bu baxımdan, Daxili İşlər Nazirliyi tərəfindən İranın Azərbaycandakı bir qrup casus şəbəkəsinin ifşa edilməsi də müsbət haldır. 
Hesab edirəm ki, Azərbaycanın Təbriz şəhərindəki konsulluğunun təhlükəsizliyinin təminatı Tehrandakı səfirlikdə olduğu kimi deyil.Konsulluğa kimsə basqın edə bilməz. Diplomatik təmsilçiliyimizi mühafizə etmək Azərbaycan xalqının vəzifəsidir. Tehranda səfirliyin mühafizəsinə cavabdeh olan İran polisi terrorçunu görən kimi qaçıb. Halbuki, orada iki nəfər polis nəfəri dayanmalıdır. Onların biri binanın girişinin sağ tərəfində, digəri sol tərəfində mühafizə işini yerinə yetirməlidir. Məndə olan məlumata görə, digər səfirliklərin də mühafizəsinə iki nəfər polis ayrılıb. Amma Azərbaycan səfirliyinə bir nəfə polis ayrılmışdı ki, o da terrorçunu görən kimi ərazini tərk edərək qaçıb”. 
Qeyd edək ki, İran rejiminin terror əməlini məhz Mərnddən olan Güney azərbaycanlının əli ilə törətməsi təsadüf hesab olunmur. Bu, İran rejiminin Şimali və Cənubi Azərbaycan türkləri arasında qarşıdurma yaratmaq, beləliklə bütövləşmə ideyasına zərbə vurmaq planının tərkib hissəsi sayılır. 
Ağrı Qaradağlının fikrincə, İran rejimi terror və təxribat əməllərini hətta Azərbaycan vətəndaşları, yaxud başqa millətə mənsub olan şəxslər vasitəsilə də həyata keçirə bilər:
“Səfirliyə silahlı hücumu Qumda təhsil almış və İranın xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunmuş, “Hüseyniyyun” terror təşkilatına qoşulmuş Tohid Eminbəyli, Rza Ağalı kimi adamların da əli ilə həyata keçirə bilərdilər.
İran rejiminin milli düşüncədən məhrum olmuş, tarixini bilməyən, manqurt adamlardan istifadə etməsi mümkündür. Ona görə də bir nəfərin cinayətini bütünlüklə Güney Azərbaycan məsələsinə aid etmək olmaz. Əlbəttə, İran rejimi Güney və Quzey Azərbaycanı qarşı-qarşıya gətirmək istəyir. Lakin İran hakimiyyəti nə qədər belə palnlar hazırlasa da, bizi bir-birimizdən ayıra bilməz”.

Müşfiq Abdulla 

Tarix: 01 fevral 2023
Baxış: 323

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş