“Biz psixoloqlar “boşanmaq bir mədəniyyətdir” deyəndə bizi tənqid atəşinə tuturlar. Bəli, boşanma bir mədəniyyətdir və bunu psixoloq olaraq izah edirəm. Boşanırsan və ailəndə sədaqətsizlik etmirsən, istədiyin həyatı yaşayırsan və səni heç kim qınamır. Bundan sonra heç kim səni nə xəyanətdə, nə sədaqətsizlikdə, nə də namussuzluqda ittiham edib qınaya bilmir. Çünki sən azad və sərbəst qadın olmuş olursan və istədiyin həyatı seçib yaşaya bilərsən”.
Gender.Az xəbər verir ki, bu sözləri yenisabah.az-a tanınmış psixoloq Gülnar Orucova deyib.
Psixoloq qeyd edib ki, boşanma bir mədəniyyətdir. Əgər iki insan bir yerdə yola gedə bilmirsə, mütləq boşanma yolu qəbul olunmalıdır:
“Boşanan zaman övladların şiddət görmür, çünki ailə-məişət problemləri fonunda ata öz uşaqlarının gözü qarşısında həyat yoldaşını döyür, hər gün dava-dalaş olur və cəmiyyətə şiddət görən uşaqlar ötürürük. Həmin uşaqlar cəmiyyət üçün çox təhlükəli fərdə çevrilirlər. Dava-dalaş, mübahisə olan ailələrdə şiddətə meyilli uşaqlar böyüyür, onlar da bu şiddəti cəmiyyətə daşıyırlar. Bəzən görürük ki, bunun sonu cinayətlə nəticələnir. Ümumiyyətlə, iki insan ailə olaraq yola getmirlərsə, bir-birini sevmirlərsə, bir-birlərinə diqqət, qayğı göstərmirlərsə, bu münasibət bitməlidir. Bir qadın ailədə diqqət, sevgi, qayğı görmürsə, xoş rəftar görmürsə, istər maddi, istər mənəvi ehtiyacları ödənmirsə, o qadın ərinə xəyanət edəcək. Bu məsələ birmənalıdır və müzakirə olunmur”.
G.Orucova bu gün bir çox evli qadının subay oğlanlarla münasibət qurmasının psixoloji tərəflərini açıqlayıb:
“Hamını maraqlandırır ki, niyə evli qadınlar subay oğlan axtarır? Baxın, əgər bir insan evli kişi ilə münasibət qurursa, əlbəttə, bilir ki, onun xanımı var və onun həyatında ikinci qadın olur. Bu zaman bilir ki, ikinci qadına o qədər də diqqət ayrılmır, ancaq subay bir oğlanla münasibət qurduqda həmin oğlan ona daha çox diqqət, qayğı və sevgi verir. Ola bilər ki, subay oğlan ona maddi baxımdan nəsə etmir, amma qadın qulağı ilə sevən bir məxluq olduğu üçün ona xoş söz deyən, qayğısına qalan, onunla bütün günü yazışan şəxsi axtarır. Bu gün yazışma dəb halını alıb, bu vəziyyət hətta o dərəcəyə çatıb ki, qadınlar öz övladlarına belə vaxt ayırmayıb, kiminləsə yazışırlar. Ətrafımdakı insanlarda belə bunu görürəm. Belə “analar” var. Subay insan ona daha çox vaxt ayırır”.
Psixoloq qeyd edib ki, subay oğlanlar da evli qadınlarla münasibətə daha çox üstünlük verirlər, çünki bu onlara hər baxımdan sərf edir:
“Bəs subay oğlanlar niyə evli qadınla münasibət qururlar? Məsələn, dünən baş vermiş hadisədə oğlanın evli bir qadınla münasibətdə olduğu ortaya çıxıb. Oğlan 1998-ci il təvəllüdlüdür yəni 24 yaşı var. Qadının qaynı evə gəlib və oğlan özünü 13-cü mərtəbədən aşağı atıb. Bəzən deyirlər ki, 25 yaş kamillik dönəmidir, amma indiki oğlanların 25 yaşı olsa da kamillik dönəminə keçid edə bilmirlər. Dünənki hadisədə də oğlan düşünməyib ki, mən 13-cü mərtəbədən özümü atsam, öləcəyəm, amma qapı açılsa, mən ölməyə bilərəm, məsələni izah edib çıxıb gedə bilərəm. Bir oğlan evli qadının evinə girirsə, burada günahı qadında axtarmaq lazımdır, subay oğlanda yox. Çünki oğlan dəvət olunan yerə gəlib.
Burada bir məsələ də var, oğlanlar ona görə evli qadınlarla münasibətdə olmağı seçir ki, onlara maddi baxımdan dəstəyə ehtiyac olmur. Bundan başqa oğlan bilir ki, qadın artıq evlidir, sabah, birigün deməyəcək ki, gəl evlənək. Çünki indiki qızlarla münasibət quran kimi deyirlər ki, mütləq mənimlə evlənməlisən. Ona görə, oğlanlara hər baxımdan bu münasibət sərf edir. Bilir ki, evlənək deməyəcək, heç bir maddi istəyi olmayacaq, intim tələbatını da ödəyəcək. Bilir ki, istədiyi vaxt da qadını ata biləcək və o həyat yoldaşının qorxusundan ona nəsə deyə bilməyəcək. Ancaq bir psixoloq olaraq məsləhət görürəm ki, əgər ailənizdə həyat yoldaşınıza qarşı sevginiz, hörmətiniz bitibsə, artıq onunla intim münasibət sizə xoş deyilsə, birmənalı şəkildə boşanın. Sevginin, hörmətin, qayğının, ehtirasın bitdiyi yerdə ailə ola bilməz”.