Xəbər lenti
Reklam
“Güzəştlər ekoloji təmiz avtomobillərə marağın artmasına müsbət təsir göstərəcək” - RƏYLƏR

Elektrik mühərrikli avtomobillərin idxalı, bu ilin yanvar ayından etibarən həm də satışı ƏDV-dən azad edilib. Güzəştlər yeni və mühərrik həcmi kiçik olan hibrid avtomobilləri və ekoloji təmiz nəqliyyat vasitələrinin istifadəsi üçün enerji doldurucularını da əhatə edir. Onların da idxalı və satışı ƏDV-dən azaddır. Ekspertlər bildirir ki, tətbiq edilən güzəştlər ekoloji təmiz avtomobillərə marağın artmasına müsbət təsir göstərəcək.
“Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Report-a deyib ki, Azərbaycan Prezidentinin təsdiq etdiyi dövlət proqramına uyğun olaraq ölkədə ətraf mühitin qorunması məqsədilə bir çox addımlar atılır:
“Bunlardan biri də ətraf mühiti daha az zərərləyən və ümumiyyətlə heç bir zərəri olmayan nəqliyyat vasitələrinin ölkəyə gətirilməsini stimullaşdırmaqdır. Bununla bağlı müəyyən güzəştlər də tətbiq edilir. Burada hibrid və elektormobilləri xüsusi qeyd etmək olar. Hibrid avtomobillər atmosfer havasına demək olar ki, 50 %-ə yaxın daha az qatqı, zəhərli maddə buraxır. Elektromobillərin isə ümumiyyətlə heç bir zərəri yoxdur. Bununla bağlı atılan addımlar bu ilin əvvəlindən tətbiq olunmağa başlandı və bu sahədə artıq xeyli irəliləyiş var”.
İnsanların hibrid avtomobillərinə marağının artdığını E.Muradlı əlavə edib ki, belə nəqliyyat vasitələri həm elektriklə işləyir, həm də yanacaq sərf edir:
“Marağın artmasına daha bir səbəb isə hibrid avtomobillər ənənəvi nəqliyyat vasitələrinə daha yaxındır. Bu da müəyyən qədər sürücüyə üstünlüklər verir. Təəssüf ki, elektromobillər üçün ölkədə hələlik infrastruktur geniş yayılmayıb. Belə nəqliyyat vasitələri üçün enerjidoldurma məntəqələrinin sayı kifayət qədər deyil. Bu baxımdan hələ belə avtomobillərin alınmasına sürücülər tərəddüdlə yanaşır. Bu sahədə irəliləyişlərə nail olmaq lazımdır. Həmin məntəqələr bölgələr də olmalıdır. Ümumilikdə isə son illər belə avtomobillərin alınmasında rəqəmlərdə artım var. Hesab edirəm ki, yaxın gələcəkdə bu sahədə inkişafın şahidi olacağıq”.
Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə isə “Report”a açıqlamasında deyib ki, Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı nəticəsində ətraf mühitə təsirlər artır:
“Bu artım fonunda atmosfer havasının keyfiyyətinin nəzarətdə saxlamaq, təsirləri minimuma endirmək üçün tədbirlər görməliyik”.
Müşavirin sözlərinə görə, bu təsirlər sırasında həm təsərrüfat subyektlərindən, sənaye müəssisələrindən, həm də səyyar avtomobil vasitələrindən atılan tullantılar yer alır:
"Sənaye müəssisələrindən atılan tullantıların nəzarətdə saxlanması daha asandır. Son zamanlar yalnız yeni, ekoloji dost texnologiyalara, müasir yanaşmalara söykənən təsərrüfat sahələrinin yaradılması, köhnə müəssisələrin yenidən qurulması, modernləşdirilməsi ətraf mühitə mənfi təsirləri azaldır. Nəqliyyat vasitələrinin sayının ilbəil artması, xüsusilə də köhnə avtomobillərin çoxalması təəssüf ki, ətraf mühitə səyyar vasitələrdən tullantıları artırır".
Bunun qarşısını almaq üçün ölkədə müvafiq tədbirlərin görüldüyünü deyən R.Səttarzadə bildirib ki, bu məsələlər strateji sənədlərə və inkişaf proqramlarına daxil edilir:
“Qəbul edilən dövlət proqramlarında ekoloji təmiz avtomobillərin istifadəsinin təşviq edilməsi, köhnə nəqliyyat vasitələrindən istifadənin mərhələlərlə məhdudlaşdırılması kimi məsələlər yer alıb. Müxtəlif stimullaşdırıcı tədbirlərin tətbiq olunması, ekoloji təmiz elektromobillərin, hibrid avtomobillərin istifadəsini daha da asanlaşdırır, onların əlçatanlığını artırır. Məlumdur ki, 2019-cu ildən elektromobillərin idxalı əlavə dəyər vergisindən azad idi, artıq bu ildən onların satışı da ƏDV-dən azad olunub. Eyni zamanda buraxılış ili 3 ilə qədər olan və mühərrikin həcmi o qədər də böyük olmayan hibrid avtomobillərin də həm idxal, həm də satışı ƏDV-dən azad olunub. Eyni zamanda elektrik doldurma qurğularının də idxalı və satışı ƏDV-dən azaddır. Bu yaxınlarda Nazirlər Kabinetinin qərarı ilə yeni güzəştlər tətbiq olundu - buraxılış ili 3 ilə qədər olan elektromobillər gömrük rüsumundan azad edildi. Bu kimi qərarlar son nəticədə atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərməlidir”.
Nazirin müşaviri həmçinin qeyd edib ki, atmosfer havasının çirklənməsi problemi nəqliyyat parkının köhnə olması ilə də bağlıdır:
“Azərbaycanda olan minik avtomobillərinin 80 %-dən çoxunun yaşı 10 ildən çoxdur. 30 ildən çox yaşı olan avtomobillər 21 % təşkil edir. Köhnə avtomobillərin ətraf mühitə təsiri yenilərdən qat-qat artıqdır. Ona görə də köhnə avtomobillərdən istifadənin məhdudlaşdırılması istiqamətində tədbirlər görülməlidir. Müəyyən tədbirlər artıq görülür. İstehsal tarixi 7 ildən artıq olan benzin və dizel mühərrikli minik avtomobillərinə yüksəldici aksiz əmsalı tətbiq olunur. Yüksəldici aksiz əmsalının tətbiq olunması ilə bir qədər bu məsələyə kömək edəcəyik. Lakin hazırda ölkədə istismarda və qeydiyyatda olan nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı məsələlər həll olunmalıdır”.

Tarix: 25 noyabr 2022
Baxış: 161

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş