Xəbər lenti
Reklam
“Parabüzən”in xoşbəxtliyə aparan yolu: Resenziya

"Parabüzən" filmini  izləməyi çoxdan - bir ildən çoxdur tanıdığım İmdad Əlizadənin çəkilişlərə başladığı ilk günlərdən gözləyirdim. Redaktorum İmdad müəllim həmin vaxtlarda çox əziyyət çəkirdi. Bəzən telefon danışıqlarının, müzakirələrinin şahidi olurdum. Hiss edirdim ki, yorulur. Amma həm də başladığı işi özünə müqəddəs vəzifə hesab etdiyini anlayırdım. Əks halda bu qədər zəhmətə qatlaşmaz, günlərlə yuxusuz qalmaz, onlarca adamı, qohum-əqrəbanı ata-baba torpağına - işğaldan azad olunmuş Laçına aparmaz, yüksək səviyyəli səfər təşkil etməzdi. İstək, əzmkarlıq olmasa, bu qədər çətin işi, bəlkə də heç bacarmazdı. Amma İmdad müəllimə bu işləri görmək təkan verən məqamlar da az deyildi. 


Birincisi, hazırladığı "Parabüzən" filmi birbaşa onun doğma, uşaqlıq xatirələrinin məkanı Laçın haqqındadır. İkincisi, İmdad müəllimin atası - barəsində çox xoş sözlər eşitdiyim mərhum Əli Əliyev və daha 18 nəfər Laçın və Kəlbəcər ərazisində 54 gün mühasirədə qalıblar. Üçüncüsü, İmdad müəllim hələ uşaq ikən digər bacı-qardaşları ilə birlikdə Ömər aşırımını, belə demək mümkünsə, Ümid körpüsünü keçməli, çətinliklərə dözməli olub. Deməli, Laçın onun üçün təkcə uşaqlıq xatirələrini yox, həm də nisgili yada salan məkandır. 


Şübhəsiz ki, İmdad müəllimin yüksək insani keyfiyyətləri, o cümlədən zəhmətkeşliyi, qətiyyəti, ən böhranlı durumlarda soyuqqanlı olmağı, təmkini belə bir əsərin ortaya çıxmasına zəmin yaradıb. 1993-cü il martın 31-dən mayın 23-dək 54 gün erməni mühasirəsində qalmış 19 Azərbaycan vətəndaşı ilə bağlı çəkilən “Parabüzən” qısametrajlı sənədli filmini gün ərzində iki dəfə izlədim. İki dəfə izləməyim təsadüfi deyildi. Ekran əsəri maraqlı olduğu qədər, həm də ağırdır. Erməni vəhşiliyi ayrı-ayrı epizodlarda, o cümlədən müsahiblərin nitqlərində aydın ifadə olunub. 

Filmin ideyası “Report” İnformasiya Agentliyinə məxsusdur. Ekran əsəri “Global Media Group”un maliyyə və texniki dəstəyi ilə ərsəyə gəlib. 

Filmin direktoru Fuad Hüseynəliyev, quruluşçu rejissoru və ssenari müəllifi Ayaz Mirzəyev, prodüseri İmdad Əlizadə, operatoru Ağa Nağıyev, montajçı Arzum Nuruşzadədir. Dron çəkilişlərini Ağa Nağıyev aparıb. 

Kadrlar 19 nəfərin mühasirəyə düşdüyü yer - Kəlbəcərin Çaykənd kəndi, mühasirədə qaldıqları ərazi - Laçının Oğuldərə kəndi və mühasirəni yardıqları yer - Laçının Güləbird kəndində lentə alınıb. 

Film İmdad müəllimin sözləri ilə başlayır. O, uşaqlıq xatirələrindən danışır. Deyir ki, uşaq olarkən qoyun - quzu otarmağa gedər və həmin əsnada parabüzənlərlə oynayardı. Dostları ilə birlikdə belə düşünürdülər ki, kim daha çox parabüzən yığarsa, onun arzusu çin olur. Beləliklə, parabüzənləri yığar, sonra uçurarmışlar... 


...Ekran əsərinin gedişatında 54 gün mühasirədə qalmış şəxslər, o cümlədən Arif Zülfüqarov, Ədalət Verdiyev, Şakir İsmayılovun fikirlərinə yer verilir. Onlar təxminən iki aylıq mühasirə həyatlarından danışırlar. Məlum olur ki, aralarında bəzilərinin döyüşçü olduqları həmin insanları usanmağa qoymayan məhz ümid və bir-birilərinə verdikləri dəstək olub. Onlar həyatda qalmaq uğrunda, sözün əsl mənasında mübarizə aparıb, özlərinin dediyi kimi az qala, nə taparlarsa, yeyiblər. Hətta aralarında ölüm barədə düşünənlər, onu arzulayanlar da olub. Ancaq son anda ümidlərindən ikiəlli yapışıblar. 

Deyilənlərdən belə məlum olur ki, 19 şəxs ayrı-ayrı vaxtlarda bir neçə dəfə ölümlə üzləşib və möcüzə nəticəsində sağ qalmağı bacarıblar. Onlar gündüzlər gizlənib, gecələr hərəkət ediblər. 

Keçmiş döyüşçülər Əli müəlliminin xidmətlərini xüsusi qeyd edirlər. Onların sözlərinə görə, mərhum hərbçi ən ekstremal şəraitlərdə belə yanındakıları səbrli olmağa çağırar, yoldaşlarına psixoloji dəstək verməyə çalışarmış. 

"Parabüzən"də mərhum Əli müəllimin vaxtilə (bir neçə il əvvəl) lentə alınmış fikirləri də öz əksini tapıb. O, mühasirədən çıxmaq planlarından danışır. Əli müəllimin sözlərinə görə, mühasirədən çıxmaq üçün bir neçə plan var idi, 19 nəfər müxtəlif istiqamətlər üzrə hərəkət edə bilərdilər... 

... Onlar düz 54 gündən sonra sərhədə çatır, əvvəlcə ağ, sonra üçrəngli Azərbaycan bayrağını göstərərək həmvətənlərinə qovuşurlar. Deyirlər, həmin an çox sentimental anlar yaşanır, hər iki tərəf bir-birilərini qucaqlayır və Allaha şükür edirlər. 

Ekran əsərində izləyicilərə çatdırılır ki, Əli müəllim bir müddət ailəsindən, övladlarından ayrı qalıb, onlardan xəbəri olmayıb. İmdad müəllimin sözlərinə görə, sonradan atası onlara deyirmiş ki, hər gün Laçının Güləbird kəndindəki çay yaxınlığında oturur, adınızı çəkir, sizə "Sabahınız xeyir" deyirdim. O, inanırdı ki, əgər övladları sağdırsa, mütləq atalarının səsini eşidirlər. 

Filmin sonuna yaxın 2020-ci ildə Laçının azad olunması ilə bağlı süjet təqdim olunur - hərbçilər qürurla qələbə xəbərini məruzə edirlər. Ardınca isə İmdad müəllimin və geniş bir heyətin Laçındakı görüntüləri ilə çoxları kimi mən də kövrəlməli oluram: 
onlar 30 il əvvəl məcburi şəkildə, tələm-tələsik çıxdıqları ata torpağında bu gün rahatlıqla, məğrurluqla gəzir, hər daşa-qayaya vüsal hissi ilə baxırlar. 

Beləliklə, vaxtilə İmdad Əlizadənin bütün imkanları ilə başqa istiqamətə uçurduğu, amma hər dəfə əks tərəfə gedərək onu kədərləndirən parabüzənlərlə bağlı hekayə, həqiqətən xoş sonluqla bitir. Və həmin həşəratlar İmdad müəllimin ən böyük arzusunu yerinə yetirir: o, müqəddəs vəzifəsini layiqincə, uğurla başa vurur. 

Əminəm ki, uşaq olarkən ən çox parabüzən yığan məhz İmdad müəllim olub... 

P.S: Filmə ilk dəfə baxandan sonra redaktorumun ekran əsərinin təqdimatı ilə bağlı bir replikasını eşitdim. Adətən soyuqqanlı olan İmdad müəllim, deyəsən, bu dəfə daha emosional idi. Çox xoşbəxt olduğu hiss edilirdi. Özü də bilir ki, mərhum Əli müəllimin ruhu şaddır. 

Kənan Novruzov

Tarix: 02 noyabr 2022
Baxış: 965

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş