Rusiya Ermənistan hakimiyyətinə qarşı ritorikanı sərtləşdirə bilər.
Bunu oktyabrın 17-də müzakirə zamanı siyasi strateq Vigen Akopyan bildirib.
O bildirib ki, bu tarixi məqamda Rusiyanın necə reaksiya verməsi önəmlidir. Bəyanatlardan daha çox görülənlər və ediləcəklər önəmlidir.
“Paşinyan uzun müddətdir ki, şəxsi təhlükəsizlik və siyasi təminatlar baxımından manipulyasiya və şantaj yolu ilə Rusiyadan maksimum fayda əldə etməyə çalışır.
İndi biz eyni şeyi KTMT-dən çıxmaqla bağlı tezis müzakirə olunanda görürük. Aydındır ki, bu söhbətlər geosiyasi vəziyyəti nəzərə alaraq danışıqlar resursunu artırmaq üçün sadəcə proforma xarakterlidir.
Rusiya bu şantaja diplomatik səviyyədə reaksiya verərək, avropalı müşahidəçilərə qarşı tarazlıq yaratmaq üçün öz müşahidəçilərini göndərməyə hazır olduğunu bəyan edib. Moskva hələ də Ermənistan hakimiyyətinin ərköyünlüyünə yumşaq reaksiya nümayiş etdirməyə çalışır.
Buna baxmayaraq, yaxın gələcəkdə Ermənistanın xarici siyasət vektorunu tarazlaşdırmaq üçün Rusiyadan daha sərt bəyanatlar gələ bilər”, – deyə ekspert vurğulayıb.
O hesab edir ki, Rusiyanın ermənilərin xoşuna gəlməyən passiv davranışı ilk növbədə Ermənistan hakimiyyətinin ona “atması” ilə bağlıdır.
“Rusiya Federasiyası üçün hazırda Ukrayna böhranının başlanğıcında Moskvanın müttəfiqlik sənədi imzaladığı Türkiyə və Azərbaycanın simasında daha vacib, situasiyalı tərəfdaşlar var. Və bu yaxınlarda Azərbaycanın enerji imkanlarının kəskin şəkildə artdığı bildirilib. Onun borularında nəyə görə və hansı qazın çıxacağını təxmin etmək olar”, – deyə Akopyan əlavə edib.
Onun sözlərinə görə, Ermənistanın gələcək addımları barədə düşünməsi üçün ilk növbədə danışıqlar aparan şəxs dəyişdirilməlidir.
“Bu, vaxt qazandıracaq. Yeni danışıqlar aparan şəxs hakimiyyətə gəlməzdən əvvəl öz mövqeyini əsas regional mərkəzlərə çatdırmalı, yeni konsepsiya formalaşdırmalı, qırmızı xətləri təqdim etməli və tərəfdaşların qırmızı xətlərini başa düşməlidir”, – deyə Akopyan əlavə edib.
O bildirib ki, 44 günlük müharibə geosiyasi proseslərin detonatoruna çevrilib. \\KONKRET.az