Redaktor seçimi
    Paşinyan Əliyevin daha bir tələbini qəbul edib
Xəbər lenti
Reklam
Deputat: ““Niyə Şuşada ədəbiyyatçılara heykəl qoyulub, başqalarına yox?” müzakirəsi açmağın özü yolverilməzdir”

“Təbii ki, Şuşa təkcə böyük ədib və incəsənət xadimləri deyil, Əhməd bəy Ağaoğlu kimi böyük mütəfəkkir, Səməd bəy Mehmandarov kimi hərbçi yetirib, fəaliyyətləri Şuşa ilə bağlı olan Pənahəli xan, Xosrov bəy Sultanov kimi dövlət xadimlərinə qucaq açıb. “Onların niyə indiyə qədər heykəli olmayıb?” sualını vermək absurddur. Aydındır ki, Sovet dövründə onlara abidə qoymaq mümkün deyildi. Müstəqilliyimizin ilk günlərindən isə ərazilərimiz işğal altına düşdü. İndi cəmi iki ildir Şuşamızı vəhşi düşmənin işğalından azad etmişik, Şuşaya yollar çəkilir, infrastruktur bərpa olunur, yerlə-yeksan olmuş  evlər, binalar təzədən tikilir”.
Gender.Az bildirir ki, bu sözləri Pravda.az-a Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Əziz Ələkbərli  Şuşada mütəfəkkirlər, dövlət xadimləri, hərb qəhrəmanlarına heykəl qoyulmaması ilə bağlı səslənən iradlara münasibət bildirərkən deyib.
Deputat xatırladıb ki, cənab Prezident tərəfindən bu il “Şuşa İli” elan olunub: “Şuşanın əvvəlki simasının özünə qaytarılması, insanların doğma yurduna geri dönməsi prioritet məsələdir. Diqqəti bu məsələlərdən yayındırıb, “niyə ədəbiyyatçılara heykəl qoyulub, başqalarına yox?” müzakirəsi açmağın özü yolverilməzdir. İnsanlarımız 30 ildir, yurd həsrəti ilə yanıb-qovrulur. Bu gün hər kəs Qarabağda quruculuq işlərinə töhfəsini verməlidir, qalan məsələlər zamanla həllini tapacaq. Azərbaycanın bütün bölgələrindən, o cümlədən Şuşa şəhərindən zaman-zaman xeyli tarixi şəxsiyyətlər – elm, mədəniyyət, ədəbiyyat, dövlət xadimləri, hərbçilər və başqaları çıxıb. Təbii ki, onların hər birinin Azərbaycan tarixində öz yeri var, hər birinin adı əbədiləşdirilməlidir və əbədiləşdirilir də. Azərbaycan xalqı qədirbilən xalqdır, Azərbaycan dövləti də bu məsələni həmişə diqqət mərkəzində saxlayıb. Təkcə belə bir faktı xatırlatmaq kifayətdir ki, ulu öndər Heydər Əliyev hakimiyyətinin birinci dövründə Bakıda neçə-neçə tarixi şəxsiyyətimizin abidəsinin ucaldılmasına nail olub. Bu yerdə möhtərəm Prezidentimiz İlham Əliyevin Şuşanın simvolu olan Üzeyir Hacıbəyovun, Xurşidbanu Natəvanın, Bülbülün, Vaqifin abidələrinə həssas münasibətini xatırlatmamaq da mümkün deyil”.
 
Aytəkin Qardaşova

Tarix: 17 oktyabr 2022
Baxış: 365

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş