Xəbər lenti
Reklam
Bəzi qazsız sulardan nəyə görə qəribə dad gəlir? – AİB SƏDRİ DANIŞDI

Bakının marketlərində satılan bəzi qazsız su məhsullarından qəribə qoxu və dad gəlir. Mənşəyi bəlli olmayan sulardan istifadə etmək isə sağlamlığımıza ziyandır. Bəs görəsən, bu suların tərkibi nədir? Nəyə görə bu kimi məhsullar hələ də satışdadır?


Məsələ ilə bağlı SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, vaxtı keçmiş təhlükəli malların məhvetmə proseduru həddindən artıq primitivdir: “Ölkədə istehlakçı hüququnu qoruyan qanunlar kompleksi çox zəifdir. İstehlakçı hüquqlarını qoruyan qanun 1995-ci ildə qəbul olunub və istehlakçının zərərinə olmaqla 7 dəfə dəyişiklik edilib. Qida Təhlükəsiz Agentliyindən biz çox şey gözləyirdik. Düşünürdük ki, malların məhvetmə proseduru bu alqoritmdən çıxarılacaqdır.

Mənfur alqoritm nədir?

İstifadə vaxtı keçmiş mallar satışdan çıxarılır və distribütora qaytarılır, o isə malı istehsalçı şirkətə gətirib qaytarır. İstehsalçı şirkət onun etiketini dəyişir, bir qabdan o biri qaba dəyişdirir və yenidən istehlakçılara göndərir. Azad İstehlakçılar Birliyi daim qeyd edib ki, elə iş aparmaq lazımdır ki, vaxtı keçmiş mallar birbaşa tullantı kimi zibilliyə atılsın. AİB, AQTA və istehsalçı şirkətin təşəbbüsü ilə 1 ay ərzində 100 tondan çox süd və süd məhsulları məhv edildi. Bu proses davam etdirilməlidir. Yeni istehsal olunmuş məhsullar, o cümlədən sular elə bir şəraitdə saxlanılır ki, məhsul qısa bir müddətdə ziyan olur. AQTA-nın əsasnaməsində bir mənalı şəkildə göstərilib ki, bütün qida məhsulları istehlakçı masasına çatana qədər soyuq zəncir prinsipi üzrə hərəkət etməlidir. Amma təəssüflər ki, buna əməl olunmur.
Daşınmada, saxlanma şəraitində ciddi problemlər var. Bu cür suların dükanlarda peyda olunmasının səbəbi saxlanma şəraitidir. Suyun vaxtı keçməsə də, dadında fərqlilik hiss olunur. Bu da onun saxlanma şəraitindən irəli gəlir. Digər bir məsələ ilə onların doldurması ilə bağlıdır. Birbaşa təbii bulaqlardan və ya hansısa su hövzələrindən yığılıb satılırlar. Təmizlənməmiş su qısa müddətdə xarab olur və pis qoxu verir.

Su təbiətin möcüzəsidir. Su istehsalçıları birbaşa krantdan doldurulmuş suyu istehlakçılara təqdim edir. Onlar suyun ilahiliyindən sui-istifadə edir və heç kəs bununla bağlı araşdırma aparmırlar. Bundan istifadə edən filter şirkətləri insanları aldadırlar. Belə bir vəziyyət olduğu təqdirdə, biz marketlərdə qoxulu sulara rast gələ bilərik. Lakin bu suların satışına ciddi nəzarət olunmalıdır. Mətbuatda belə yazılar olduğu təqdirdə onunla bağlı araşdırmalar aparılmalıdır”.

Qida Məsələləri Üzrə Mütəxəssis / Ağa Salamov 

Mənbə: Qidaelmi.Az

Tarix: 01 oktyabr 2022
Baxış: 750

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş