Xəbər lenti
Reklam
Mentollu tütünə üstünlük verənlərdə...
Dünya əhalisinin təxminən 29 faizi siqaret istifadəçisidir. Aparılan tədqiqatlar göstərir ki, tütünçəkmə həmçinin ürəyə çox ciddi təsir edir. Gündə 1 ədəd siqaret çəkmək ürək xəstəliyi riskini 50, insult təhlükəsini 30 faiz artırır. Xüsusilə də mentollu siqaret çəkənlər digərləri ilə müqayisədə insult təhlükəsi ilə daha çox üzləşirlər.
Yanan siqaret nadir kimyəvi fabrikə bənzəyir, çünki 250-si xüsusi təhlükəli olmaqla 7 mindən çox maddəni özündə ehtiva edir. Növündən asılı olaraq tütün məhsullarının tərkibinə müxtəlif qatqılar əlavə olunur. Bu isə öz növbəsində həmin məhsulun orqanizm üçün təhlükəlilik dərəcəsini daha da artırır. Mentollu siqaret istifadəçiləri üzərində mütəxəssislərin araşdırmaları belə qənaətə gəlməyə əsas verib. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, mentola üstünlük verənlərdə insult riski adi siqaret çəkənlərlə müqayisədə iki dəfə yüksəkdir.
Gender.az xəbər verir ki, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Şəhla Mirzəzadənin  AZƏRTAC-a bildirdiyinə görə, mentollu siqaretlər digər siqaretlərlə müqayisədə daha çox asılılıq yaradır: "Asılılıq əlamətləri orqanizmdə zədələnmə faktorlarının yaranmasına səbəb olur. İnsult riskinin artmasının əsas səbəbi ondan ibarətdir ki, mentollu siqaretlərin tərkibində olan maddələr damar divarlarının daralması ilə nəticələnir, bu isə atereosklerozun yaranması ehtimalını artırır. Ateroskleroz riskinin artması isə insult və infarktın yaranması ehtimalını yüksəldir".
Onun verdiyi məlumata görə, mentol dadı tütün tamını yüngülləşdirdiyi üçün bədəndə nikotin tələbatı ödənmir, bu isə siqaretdən daha çox istifadə edilməsinə aparıb çıxarır: "Bəzən yanlış olaraq elə hesab edirlər ki, mentollu siqaretlər yüngül siqaretlərdir. Əslində isə həmin siqaretlər insan orqanizmi üçün daha çox zərər verən tütün növlərindən biridir. Mentollu siqaretlərin tərkibində normal siqaretlə müqayisədə daha çox ətirli maddələr və müxtəlif qatqılar var. İstifadəçini daha çox özünə cəlb edən həmin maddələr isə orqanizmə ciddi zərər vurur".
 
Tarix: 03 aprel 2019
Baxış: 445

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş