Xəbər lenti
Reklam
“Boş vaxtlarımda gözəllik axtarışına çıxıram...”

“Mən heç vaxt əvvəlcədən plan qurmuram...”


Eldəniz Ray: “Mən ona görə sağlam olmağa çalışıram ki, insanlarla ünsiyyət zamanı onlara neqativ impulslar ötürməyim”
“Özünü hamıdan yüksəkdə görən insan özünə mənlik verir. Məhz bu səbəbdən, dərvişlik insanın zahirində deyil, batinində olmalıdır...”
Şöhrətə aldanma, mənim bir dənəm,
Dünyaya bağlanan Allahı sevməz.
Yer üzünün ən pis admı mənəm,
Bu dünya əlimin kirinə dəyməz.
“Səmimi söhbət”in bu dəfəki qəhrəmanı 21-ci əsrin “Dərviş”i  Eldəniz Raya (Eldəniz Ağasoy) aiddir bu sətirlər. Sufi təfəkkürlü bu işıqlı insan hərtərəfli istedad sahibidir. İnanırıq ki, Uca Yaradana bağlılığı, sonsuz, təmənnasız sevgisi, şükranlığı ilə ətrafına pozitiv enerji saçan Eldənizlə tanışlıq ürəyinizcə olacaq.
- Xoş gördük səni, Eldəniz.
- Təşəkkür edirəm.
- Biz tələbə yoldaşı olmuşuq. 5 il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, eyni kursun müxtəlif fakültələrində təhsil almışıq. Sən “dam rejissorluğu”, mənsə “teatrşünaslıq” fakültəsinin  tələbəsi olmuşuq. Tələbəlik illərimizdə bir qayda olaraq bir-birimizə adımızla müraciət etməzdik. Sən mənə Gümüş, mən sənə Qızıl deyə müraciət edərdik. Çünki mən məktəbi gümüş metalla bitirmişdim, sənsə qızıl medalla. Ordubaddan gəlmişdin, sadəliyin, səmimiyyətin, nikbinliyin, savadın, istedadınla müəllimlərin, tələbə yoldaşlarının hörmətini, sevgisini qazanmışdın. Hər kəs sənin parlaq gələcəyinə inanırdı. Teatr rejissoru kimi böyük uğurlar qazanacağın heç kəsdə şübhə doğurmurdu. Təhsilini qırmızı diplomla başa vurduqdan sonra isə peşə seçiminlə bütün tanıyanlarını təəccübləndirdin... Amma bu haqda bir az sonra. Hələliksə təxəllüsünlə bağlı sual vermək istəyirəm sənə. Nə üçün məhz Ray? Bu sözün anlamı, sənə aidiyyatı nədir?
- Sosial şəbəkələrdə Eldəniz Ray kimi tanınmağımın tarixçəsi var. Belə ki, “Facebook”-da özümçün səhifə açanda məndən loqin istənildi. Bir neçə variant yazdım, heç biri qəbul olunmadı, çünki artıq o adda istifadəçilər vardı. O zaman Ayşvariya Ray adlı məşhur hind aktrisasının vurğunu idim. Buna görə də “eldenizray” loqini seçdim, “Facebook” da qəbul etdi. Sonradan bu loqindən nik kimi də istifadə etməyə başladım. Bunda sonra bütün sosial şəbəkələrdə, şəxsi “Youtube” və” TikTok” kanallarımda adım Eldeniz Ray kimi təqdim edildi. Bildiyiniz kimi, rus dilindən tərcümədə ”ray” cənnət deməkdir. İngiliscə isə “rey” kimi oxunan sözün mənası şüadır, yəni təsadüfən seçilsə də, pozitiv bir ad alındı. Özüm də bu ada, daha dəqiq desək, təxəllüsə alışdım. Bu gün demək olar, bütün izləyicilərim məni Eldeniz Ray kimi tanıyır, hətta yaxın tanışlarım arasında da məni məhz bu adla çağıranlar var.
 
- Bəs nə üçün məhz dram rejissorluğu fakültəsini seçdin?
- Orta məktəbdə oxuyanda “Çalıquşu” filmi dəbdə idi. Mən də həmin serialı  həvəslə izləyirdim. Elə rejissorluğa həvəsim də bu filmə görə yarandı. Allah mənə çox istedad bəxş edib. Düşündüm ki, rejissorluqda kompakt şəkildə özümü ifadə edə bilərəm. Əslində, sənədlərimi “kinorejissoqluq” fakültəsinə təqdim etdim, amma yazdığım referat (dram əsərinin təhlili) “dram rejissorluğu” fakültəsinə uyğun olduğu üçün sənədlərimi həmin fakültəyə qəbul etdilər. İxtisas imtahanında öz şeirimi dedim, öz mahnımı ifa etdim. Müəllimlər buna dəyər verdi, yığdığım bal aşağı olsa da, məni universitetə qəbul etdilər. Universitetin o zamankı rektoru Timuçin Əfəndiyev sağ olsun, mənə çox böyük yaxşılıq etdi, istedadımı qiymətləndirdi və heç bir təmənna güdmədən mənimçün fakültədə əlavə yer ayırdı. Timuçin müəllim mənə dedi ki, əgər məktəbi qızıl medalla bitirib İncəsənət Universitetinə qəbul olunmağa qərar vermisənsə, demək fikrin ciddidir.  Beləliklə də 4 nəfər üçün nəzərdə tutulan fakültədə 5 nəfər təhsil aldıq.
- Çox maraqlıdır. Mən bunu bilmirdim. Bəs rejissorluqdan uzaq düşməyinə səbəb nədir?
- O sahədə çalışmamağımın səbəbi təbii proseslərlə bağlıdır. Bizim gəncliyimiz bir az ağır vaxtlara təsadüf etdi. İndi bizimlə bağlı 90-cı illərin gəncliyi ifadəsi işlənir. İkinci əsas səbəbsə o idi ki,  dediyim kimi, Allah mənə çox istedad bəxş etmişdi, bu yükü daşımaqsa çətindir. Misal üçün, uşaqlıqdan şeirlər yazırdım. İllər keçdi, böyüklərin nəsihətlərini dinlədim, sanki bəsirət gözüm açıldı və şeirlərimdən hansının zənndən, hansının  qəlbdən gədiyini görə bildim. Zənndən gələn şeirlərimin hamısını cırıb atdım.
19 yaşım olanda “Xudu Sənət Məktəbi”nin iştirakçıları ilə tanış oldum. Məsələ ondadır ki, ilk dəfə geologiya-mineralogiya elmləri doktoru, rəhmətlik  Xudu Məmmədov kristal maddənin tərkibini aşkar edib, sonradan baxıb görüb ki, həmin kristalların tərkibi  bizim xalça naxışlarında yer alıb. Bu məqam məni də maraqlandırdı, mən də Xudu müəllimin davamçıları sırasına qatıldım.
- Məni də Xudu Məmmədov ocağına apardın, həqiqətən çox maraqlı bir mühit vardı orda...
- Mənə ilham gözləmədiyim halda, vəyh kimi gəlir. Bu sahə ilə elə ilk tanışlığımda mənə ilham gəldi. Orxon-Yenisey abidələri ilə, əski əlifbamızla tanış oldum və anladım ki, molekulyar sistemin yaranma səbəblərindən biri də Orxon-Yenisey hərflərinin birləşərək, həmin konfiqurasiyanı yaratmasıdır. Bunu özüm üçün kəşf edəndən sonra 200-ə yaxın yeni birləşmə üzə çıxardım. Bu isə əslində ciddi bir dissertasiya işi idi. Araşdırmam böyük marağa səbəb oldu.  Çox gənc olduğumdan, əvvəlcə kiminsə köməyi və göstərişi ilə işlədiyimi düşündülər, amma sonda onları inandıra bildim və söylədim ki, bu işi mənə gördürən ilahi vəhydir, bu sahədə qalıb araşdırma aparmaq, naxış çəkmək fikrim yoxdur. Sonradan qeyd dəftərçəmi   Türkiyəyə apardılar və bir daha mənə qaytarmadılar.
Bir müddət sonra isə restoran sahəsində çalışmağa başladım,  bir ofisiant kimi ziyafət məclislərinin  idarə olunması ilə məşğul oldum. Bu sahə ən çox sevdiyim sahələrdən biri oldu, çünki mən həyata yaşam elmi kimi baxıram. Amalım daim insanlardan öyrənməkdir. Restoran sistemində qəbul olunmuş bir qayda var: nə olursa-olsun, qonaq həmişə haqlıdır. Yəni qonaq əsəbi, aqressiv, kobud, deyingən ola bilər, amma istənilən halda ona “haqsızsan” deyə bilməzsən. Bunun özü elə haqqa aparan bir yoldur.
- İşinlə bağlı müxtəlif xarakterli insanlarla, maraqlı tipajlarla qarşılaşırsan. Bunda da bir teatrallıq var əslində. Çünki hər bir obrazın həyatda bir prototipi var.
- Bəli, doğrudur. Həm də bu peşə insana öznəfsi ilə mübarizə aparmaqda kömək edir. Çünki insanlığa aparan yol insanların arasından keçir. Evdə oturub ibadət etməklə Yaradana qovuşmaq mümkün deyil, insan özünü yalnız insanların arasında tapa  bilər. İnsanların arasında özünü tapa bilməyəndə anlayırsan ki, oxuduqlarının hamısı xəyalmış, uçub gedib.
-İlahi sevgi sənin həyatının əsas hissəsini təşkil edir. Elə yaradıcılığın da İlahi sevgi üzərində qurulub. Yaradıcılığın isə çoxşaxəlidir. Həm şeir yazırsan, həm mahnı bəstələyirsən, həm klip çəkirsən. Sənin mərhum dayın Novruz Novruzlu da çox işıqlı, istedadlı, gözəlbir insan idi. Həm aktyor kimi, həm də ifaçı kimi sevilirdi. Onun ifa etdiyi ilahilər bu gün də yaddaşlarda və lent yazılarında yaşayır, onu da yaşadır. Çox guman, sənin bir şəxsiyyət kimi formalaşmanda dayının da özünəməxsus təsiri olub.     
- Bəli, əslində məni sənət dünyası ilə elə o, tanış etdi, amma mənim dünya yolum fərqli oldu. Əgər bir işi sevərək görürsənsə, həmin iş sənin üçün ibadətə çevrilir. İş ibadətə çevrilmirsə, sevgi yaranmır, niyyət gözəl olmur, bu da sonucda aqressiyaya gətirib çıxarır, insan heç bir şey əldə edə bilmir, bunun günahını isə özgələrində axtarmağa başlayır.
- Sən daxilində bir Dərviş yaşadırsan.
- Bəli, Dərviş elə daxildə olmalıdır. Çünki dışarıda olduğu zaman insan özünə forma verir, ətrafdakılar da sırf o formaya görə ona yaxınlaşır, onu aşırı tərifləyib şişirdir. O isə bunu hiss etmir və oyuna girir. Yəni Şeytan insanı ağlından çaşdırır. Yəni bir var, şeytan insanın nəfsindən çaşdırmağa çalışa, bir də var, ağlından çaşdıra. Nəfs ağıla tabedir. Ağlının gücü ilə nəfsinlə mübarizə aparırsan, bilirsən ki, bu yol səhvdir. Çünki Qurani-Kərimi oxumusan. Amma şeytan insanı ağlından çaşdırmağa çalışanda insan həmişə özünü haqlı sayır. Ona elə gəlir ki, o, hər mənada haqlıdır və getdikcə ətrafdakılar onun gözündə kiçilməyə başlayır. Özünü hamıdan yüksəkdə görən insan özünə mənlik verir. Məhz bu səbəbdən dərvişlik insanın zahirində deyil, batinində olmalıdır. Əks halda, bu, sadəcə bir göstəridir.
- İllər əvvəl demişdin ki, yaş heç nəyi həll etmir, mən daim gənc qalacağam, çünki bunun formulunu bilirəm. Bu gün bizim artıq bəlli bir yaşımız var. Amma sən, maşallah, doğrudan da kifayət qədər cavan görünürsən. Dediyin o gənclik  formulunun sirrini bizə açarsan?
- Əslində, mürəkkəb bir şey yoxdur. Diqqətin daim özündə olmalıdır. Elə olub, gün ərzində 16-17 saat işləmişəm, çox yorulmuşam, bununla belə hər səhər yuxudan oyananda güzgüdəki əksimə baxıb gülümsəmişəm və özümə təlqin etmişəm ki, insanların arasına gedirəm, neqativ ola bilmərəm. Bu qədər sadə. Amma insan yalnız özü, öz sağlamlığı üçün çalışırsa, bu da cahillikdir. Çünki əvvəl-axır onsuz da öləcəksən. Mən ona görə sağlam və yaraşıqlı olmağa çalışıram ki, insanlarla ünsiyyət zamanı onlara neqativ impulslar ötürməyim. Məhz buna görə illərdir Yoqa ilə məşğul oluram. Cəmi 6-10 hərəkətdir. Daim həmin hərəkətləri icra edirəm. Təkrarlanan hərəkətlər insanın gen yaddaşına çevrilir. Boş vaxtlarımda gözəlllik axtarışına çıxıram. Misal üçün, gül-çiçək əkib-becərirəm. Güllər məndə floristliyə maraq yaratdı. Çalışdığım “Four Seasons Hotel Baku”nun floristi İsmayıl bəy  yaratdığım kompozisiyaları çox bəyəndi və “Port Baku Residance Hotel Apartment”ə keçəndə məni də oraya florist kimi çalışmağa dəvət etdi. İki ay orada işlədim, birinci vitse-prezident Mehriban xanım Əliyevanın floristi idim.
- Florist sənətinin incəlikləri nələrdir?
- Florist üçün əsas olan estetik duyum və rəng duyumudur. Təbii ki, bunların da öz qanunauyğunluqları var. Misal üçün, gül çələngi hazırlayanda çiçəklərin bir-birindən eyni məsafədə olmasına fikir verməlisən, bu isə həndəsədir, yəni anlaşılan bu sənətin riyazi tərəfləri də var, amma artıq qeyd etdiyim kimi, əsas olan estetik duyumdur.
- Mehriban xanımın floristi kimi işin daha çox nədən ibarət idi?
- Biz müxtəlif ölçülü vazlar üçün müxtəlif çiçəklərdən ibarət rəngarəng kompozisiyalar hazırlayırdıq. Mehriban xanımın oradakı iş otağındakı çiçəklərlə də mən məşğul olurdum. O iş mənə uğur gətirəcəkdi, məni gözəl karyera gözləyirdi. Hətta İsmayıl bəy məni “Port Baku Residance Hotel Apartment”də açılan çox prestijli gül dükanına müdir təyin etmək istəyirdi, mənə çox güvənirdi. Amma mən servis işi üçün darıxdığımı, özümü məhz orada tapdığımı anladığım üçün İsmayıl bəyin ümidlərini doğrultmadım, öz rahat işimi qoyub köhnə iş yerimə, “Four Seasons Hotel Baku” ya qayıtdım...



Yaradıcı adam olduğum üçün 15 illdir otel sistemində çalışmağıma baxmayaraq, bu sahədə irəliləməyi düşünmürəm. Çünki işdən, vəzifədən asılı vəziyyətə düşmək istəmirəm. Belə olsa, fiziki, psixoloji cəhətdən yaradıcılığa gücüm çatmaz. Amma sadə ofisiant kimi çalışıb çörək pulumu qazanıram, bekar vaxtlarımda da yaradıcılıqla məşğul oluram. Hətta ofisiant kimi də heç yerdə ştatlı işçi olmamışam, indi də yalnız müqavilə ilə çalışıram.
- Görünür, bu da daxilindəki dərvişin istəyi, tələbidir. Yəni dərviş imkan vermir ki, kimdənsə asılı vəziyyətə düşəsən.  
- Bəli, elədir. İş yoldaşlarımın əksəriyyəti ştata düşməyə can atır. Çünki ştatlı işçinin müəyyən imtiyazları var, həm də ştatlı işçi olmaq onlara güvən verir. Odur ki, yaşca onlardan böyük olmağıma baxmayaraq, ştata düşmək istəməməyim onları təəccübləndirir. Amma mən çox rahatam, çünki daxilimdən gələn bir hiss sanki mənə deyir ki, Allah ruzini yetirəcək, təki sən düz yolda ol.
- Daxili azadlıq böyük nemətdir, amma indiki zamanda bu neməti dadmaq çox az insana nəsib olur. Sən də o xoşbəxt insanlardan birisən...
- Cəmiyyətdəki haqsızlıqların kökü də elə burdan gəlir. İşindən asılı olan insan daim işini itirmək qorxusu ilə yaşayır. Bu üzdən rəhbərliyin bütün yanlışlarına, haqsızlıqlarına göz yumur, etiraz səsini içində boğur. İmam Əlinin təbirincə desək, susan şeytan olacaq. Beləcə, haqsızlıq düz-dünyanı başına alıb gedir. Amma Allaha həqiqi bağlılığı olan insan haqsızlığı görməzdən gələ bilməz.
- Bir məsələ də var, sən evli deyilsən, övladın yoxdur. Subay, özündən başqa heç kəs qarşısında məsuliyyət daşımayan bir insan üçün daxili azadlığını qorumaq daha asandır, məncə. Külfət sahibləri isə təkcə özlərini düşünmür, çox vaxt ailə, övlad xatirinə kimdənsə söz götürməyə, haqsızlığa göz yummağa məcbur olurlar.
- Razıyam, əslində ailə şirin yükdür. Amma istəsən, ailəli ola-ola da daxili azadlığını qoruya bilərsən. Bunun üçün ailə quranda həyat yoldaşını düzgün seçməlisən. Əgər həyat yoldaşın səni anlayıb, sözün əsl mənasında sənə yoldaşlıq edirsə, birlikdə bütün maneələri asanlıqla aşa bilirsiniz. İki məna birləşib, daha böyük azadlıq əldə edir.
- İki məna birləşib azad ola bilər, amma ikisi olan yerdə üçüncü, dördüncü dünyaya gəlir və artıq onlara görə məsuliyyət daşımalı, onların tələbatlarını ödəməli  olursan.
- Söhbət ondan gedir ki, qadınlar düşüncə tərzinə görə materiyaya daha çox meylli olur. Qohumla, dostla, qonşu ilə bəhsə girən höcət qadın üçün mənim kimi insanla yaşamaq ağır bir yük olar. Amma səbrli, aza qane olmağı bacaran qadın sənə dayaq olur. O zaman, əksinə, yollar özü açılır. Odur ki, əsas qadındır. İki nəfər bir yerdə yaşamaq istəyirsə, formada deyil, mənada bir olmalıdır.
- Yəni o cür qadın tapmadığına görə bu günə qədər subaysan?
- Demirəm ki, elə qadın yoxdur. Sadəcə, ola bilsin, hələ mənə rast gəlməyib. Bu, ürək işidir. Gərək ürək istəsin. Mən əvvəlcədən plan qurmuram. Ürəyimin səsini dinləyirəm. Bir dəfə evli olub ayrılmışam. Bundan sonrası isə ya qismət.
- Belə aydın olur ki, sən heç nəyi əvvəlcədən planlaşdırmırsan...
- Xeyr, planlaşdırmıram. Amma bir dəfə buna cəhd etmişəm. Ətrafımdakı insanların planla yaşadığını görüb düşündüm ki, bəlkə mən yanlış yoldayam və onlar kimi hərəkət etməyə çalışdım. Amma çox geri düşdüm. Sanki Allah mənə dedi ki, yalnız daxilindən gələni et, qəlbinin səsini dinlə. Yəni Alllahın məndən tələbi budur. Bu vaxtadək yaşadıqlarım, qarşılaşdığım gözəlliklərin heç birini planlaşdırmamışam. Nə olubsa, Allah tərəfindən olub, özüm də şoka düşmüşəm. Yaradıcılığımla bağlı da belə olur. Hər şey bədahətən baş verir. Əgər mən materiyaya bağlı olsaydım, daxilimdəki gözəlliklərin heç biri üzə çıxmazdı, materialın özündə də kasıb olardım.
- Bilirəm ki, təbiətin vurğunusan. Əslində insan təbiətin bir hissəsidir. İnsan yalnız təbiətdə olduğu, təbiətlə vəhdət təşkil etdiyini hiss etdiyi zaman sözün əsl mənasında azad olur. Düşünürəm ki, sənin daxili azadlığının kökünü doğulub boya-başa çatdığın Ordubadın gözəl təbiətində aramaq lazımdır. Uzun illərdir Bakıda yaşamağına baxmayaraq, imkan düşən kimi doğma el-obana yollanırsan, orda gözəl kliplər, maarifləndirici videolar çəkib öz “Youtube” kanalında yayımlayırsan. Həqiqətən hərtərəfli istedad sahibisən. Həm rejissor, həm də müğənni və vokalçı kimi maraqlı işlərin, ifaların var. Üstəlik, aktyorluq qabiliyyətinə də sahibsən. Bir neçə hissədən ibarət video çəkmisən. Özünü erməni kimi təqdim edib, əslində, erməni xislətinin bütün eybəcərliklərini üzə çıxarırsan. İlk baxışda səni tanımayan hər kəs erməni olduğunu düşünür, yalnız sona yaxın məsələnin əsl mahiyyətini anlayır izləyicilərin, amma aralarında bu günədək səni erməni zənn edənlər də az deyil... 
- Nədən bəzi insanlar sözügedən video çıxışlarımdakı sətiraltı mənanı anlamır? Çünki insanların əksəriyyəti formaya meylli olduqlarına görə öz ağıllarına güvənirlər. Ağıl da eqo yaradır, insana mənlik verir. Qarşıdakı adamı gördükdə, “bu kimdir, mən ondan ağıllıyam” deyə düşünürlər. Əgər mən də onlar kimi gördüklərimi, müşahidə etdiklərimi analiz etmədən özümü hər kəsdən daha ağıllı və istedadlı hesab etsəydim, istedad qapısı üzümə bağlı olardı. Mənim çıxışlarımın mahiyyətini anlamaq üçün gərək təsəvvür edəsən ki, özün ermənisən. Misal üçün, Rusiyada, yaxud hansısa başqa xarici dövlətlərdən birində yaşayırsan və bir erməni kimi deyilənlərə qulaq asırsan. Mənim 6-7 dəqiqəlik video çıxışlarım elə hesablanıb ki, yalnız 4-cü, 5-ci dəqiqədə erməni anlayır ki, burada onu tərif etmirlər, əksinə iyrənc  xislətini ifşa edirlər. Bunu nə üçün etmişəm? Yəqin sosial şəbəkələrdə dəfələrlə ermənilərlə azərbaycanlıların söz davasına şahidlik etmisiniz. Bir-birini təhqir etməklə heç nəyə nail olmaq mümkün deyil, əksinə insan haqlı olduğu halda haqsız duruma düşür, bir növ alçalır. Başqa millətlərin nümayəndələri bu söz davasına kənardan baxanda heç bir tərəfə haqq qazandırmır, əksinə bu cür davranış qınaq obyektinə çevrilir. Qarşı tərəf də səni eşitmək istəmir, təhqirə təhqirlə cavab verib bloklayır. Vəssalam. Amma mən erməni kimi başlayıram söhbətə, ermənilərin tərəfini tuturam, bu da onların diqqətini cəlb edir, oturub həvəslə dinləyirlər, yalnız bir müddət sonra məsələnin mahiyyətini anlayırlar. Beləliklə, onlara və digər xalqların nümayəndələrinə sözümü çatdıra bilirəm. Bu videolar şüuraltı təsirə hesablanıb, bu yolla itkiləri azalda bilərik.
Müharibədə şəhid olmaq nə qədər qürurverici olsa da, ziyalılar elə bir sistem yaratmalıdır ki, mümkün qədər az itki verək. Ermənilərin həmin videonu şərh edərkən məni necə yana-yana söydüklərini görəndə istəyimə nail olduğumu anladım. Amma müasir dövrün haqsızlıqlarından biri də odur ki, mənim video-çıxışlarıma milyonlarla insan tamaşa edib, müxtəlif ölkələrdə yaşayan insanlar həmin videoları öz səhifələrində paylaşıb, Tacikistanda, Qazaxstanda yaşayan uzaq qohumlarım zəng vurub mənə deyir, burada hamı sənin videolarından danışır, amma mənim “Facebook” səhifəmdə bu videolara cəmi 470 baxış var. Çünki hamı videolarımı oğurlayıb öz videosu kimi paylaşır. Təsəvvür edin, əgər insanlar bu oğurluğu etməsələr, məni taq edib paylaşsalar, hamı məni tanıyar, kimliyimlə maraqlanar, mən də daha həvəslə çalışaram. Amma özümə qarşı haqsızlıq görəndə istər-istəməz ruhdan düşürəm, beynimdə yaşatdığım ideyaları həyata keçirməyə ərinirəm. Çünki görürəm ki, milyonlarla insanın baxdığı videoların “Youtube”  səhifəmdə cəmi 520 izləyicisi var.
- Sən 17 ildən çoxdur vokalla məşğul olursan, özü də ciddi məşğul olursan. Ofisiantlıqdan qazandığın məvacibin böyük hissəsini vokal sahəsindəki fəaliyyətinə sərf edirsən. Maraqlı kliplər çəkirsən, onlardan biri də Ordubada həsr etdiyin “Gedax Ordubada” adlı oynaq mahnının klipidir. Həmin klipin rejissoru da, sözlərinin müəllifi də, ifaçısı da özünsən...
- Qeyd etdiyim kimi, mənə ilham gözlənilmədən gəlir. “Gedax Ordubada” sadə, ritmik bir mahnıdır. Amma mənə görə həmin mahnının klipi mənim istedadımın pik nöqtəsidir. Səbəbini anladacağam. Əvvəla deyim ki, mən uzun müddət peşəkar bəstəkar Eldar Dadaşovla əməkdaşlıq etmişəm. Bilirsiniz ki, adətən sözlər yazılır və həmin sözlərə musiqi bəstələnir. Bizdə isə əksinə olurdu. Mən Eldar müəllimin musiqisinə söz yazırdım. Musiqi məni elə ilhamlandırırdı ki, bəzən 3 dəqiqəyə bir mahnının sözlərini yazırdım. Eldar Dadaşovla çox müştərək mahnımız var. Onunla əməkdaşlıqdan sonra məndə  ruhuma yaxın bir musiqi eşidəndə həmin musiqiyə bədahətən söz yazmaq vərdişi yarandı. İlk belə təcrübəm Naxşıvandakı əsgəri xidmətim dövrünə təsadüf edir. Özü də bunu hərbçi yoldaşımın xahişi ilə etmişəm. O, məndən dünyaşöhrətli bəstəkar Ennio Morrikonenin “Romeo və Cülyetta” filmi üçün yazdığı məşhur musiqi əsərinə söz yazmağı xahiş etmişdi. Aysız, şaxtalı bir gecə idi. Ətraf zülmətə bürünmüşdü. Bədahətən bu sözlər yarandı: “Aysız gecə, soyuq külək, Sənsiz necə dözsün ürək, dözsün ürək...” O zaman peşəkar vokal müəllimim vardı, bu parçanı qorxa-qorxa onun qarşısında ifa etdim, çünki klassikaya münasibət çox ciddi və həssasdı. Amma gözləmədiyim halda sözləri də, ifanı da çox bəyəndi və mənə dedi ki, sən bu mahnını yalnız Azərbaycan dilində ifa et. İllər sonra “Gedax Ordubada” mahnısı da məhz belə yarandı. Yəqin Murad Arifin “Gedək oppalara” mahnısını eşitmisiniz, sözügedən mahnımın sözləri həmin mahnının musiqinə yazılıb. Əslində bir az səhv etdim, gərək müəllifin halalığını alaydım, amma sağ olsun, bunu anlayışla qarşıladı. Mən də mahnımın Murad Arifin “Gedək oppalara” mahnısına məzhəkəli nəzirə olduğunu videonun üzərində  qeyd etdim. Bayaq həmin mahnımın klipini yaradıcılığımın pik nöqtəsi adlandırdım. Çünki mahnının sözləri, ifası mənə aiddi, klipin rejissorluğunu, operatorluğunu, prodüserliyini, sponsorluğunu  da özüm etdim, üstəlik 3 müxtəlif rolda çıxış etdim, özü də mobil telefonla çəkdiyim klipi elə mobil telefonla da montaj etdim. Sonra isə eyni qayda ilə klipin ikinci hissəsini çəkdim və orada artıq 7 rolda çıxış etdim. Çəkilişlər dağda aparılıb. Ordubad Mədəniyyət Sarayı mənə təmənnasız kömək etdi, qrim və  kostyumlar verdi. Onlar mənə çox dəyər verdi, buradan onlara təşəkkür edirəm. Həmin klipdəki 6 saniyəlik kadrı 10 saata işləmişəm. Klip hazır olandan sonra inanmırdım ki, onu mən çəkmişəm. Bu da yaradıcılığımda bir yenilik oldu. Bundan əvvəl isə ermənilərlə bağlı videomla əslində siyasi satira janrının əsasını qoymuşam.
- Çox nadir insanlardansan ki, illər səni dəyişə bilməyib. İnşallah, bundan sonra da dəyişməz. Sənin nikbinliyin, həyat eşqin, gənclik enerjin ətrafına da yansıyır və insanlara xoş əhval-ruhiyyə bəxş edir. Dedin ki, əvvəldən heç nəyi planlaşdırmırsan. Amma arzusuz insan yoxdur, təbii ki, sənin də arzuların var. Sənə arzularına çatmağı diləyirəm və maraqlı söhbətə görə təşəkkür edirəm.
- Minnətdaram.




Söhbətləşdi: Runa

Hürriyyət

Tarix: 30 noyabr 2021
Baxış: 327

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş