Redaktor seçimi
    Mömünə Xatun türbəsi ətrafında yarımçıq tikili... - Naxçıvan İH-dən açıqlama
Xəbər lenti
Reklam
Həyat yoldaşının çiynində son mənzilə: Qubadlıda bayrağımızı ucaltdı, Laçında şəhid oldu…
 
Qubadlıda bayrağımızı dalğalandıran igid əsgərimizin fotosu ölkə mətbuatında, sosial şəbəkələrdə geniş yer almışdı. Müdafiə Nazirliyinin yayımladığı videogörüntülərdə düşmən bayrağını təpikləyib yerə salan, qürur və ehtiramla öz bayrağımızı azad edilmiş Qubadlıya sancan bu əsgərin görüntüləri hamımızı qürurlandırmışdı. Amma çox keçmədi ki, sarsıdıcı xəbər gəldi- igidimiz hərbi əməliyyatların dayandırılmasına cəmi bir neçə gün qalmış  Laçın uğrunda gedən döyüşlərdə şəhid olmuşdu…


Həmin hərbçimiz, əslən Gəncədən olan Röyal Cəfərov Gəncədəki N saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu olub. Ailəsi ilə birgə kirayədə yaşayıb. Müharibə başlanan gündən döyüşlərə göndərilib. Əvvəl Murovdağda döyüşüb, sonra Füzuli, Zəngilan, Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb. Həmişə ön cəbhədə olub.  Noyabrın 4-də düşmən gülləsinə tuş gələn Röyal döyüş meydanında şəhadətə qovuşub.

Şəhidimizin qüruru və mətanəti ilə ondan geri qalmayan həyat yoldaşının fotosu isə hər bir azərbaycanlını kövrəltdi. Qəhrəman igidimizin cənazəsini çiynində daşıyan bu qadın müharibənin simvollarından birinə çevrildi…


Qarabağın işğaldan azad edilməsi uğrundakı döyüşlərdə qəhrəmancasına həlak olan 30 yaşlı Rövşən Cəfərovun iki övladı var. Böyük qızı Yağmur 3 yaşındadır, oğlu Ruzgar isə cəmi üç aylıqdır. Yeni doğulan körpəsinin üzünü doyunca görə bilməyib. Ömür-gün yoldaşının cənazəsini öz çiynində son mənzilə yola salan Firuzə Cəfərova deyir ki, bu, onun Röyala son borcu olub:”Röyal mənim üçün həm ata-ana, bacı-qardaş, həm də dost-sirdaş idi. 2016-cı ildə ailə qurmuşduq. Çox dərdlərimizi birgə bölüşmüşük. Bu, mənim Röyalın qarşısında olan son borcum idi. Bunu etməli idim”.


F.Cəfərova həyat yoldaşı ilə qürur duyduğunu, onunla fəxr etdiyini deyir: “Röyal snayper idi. Çox vaxt əlaqə saxlaya bilmirdik. Onlara telefon işlətmək olmazdı. Cəbrayıldan sonra Qubadlıda döyüşüb. Sonra Laçın rayonu istiqamətinə yönləndirilib, orada vuruşub. Sonuncu dəfə noyabrın 3-də telefonla əlaqə saxladıq. Röyalın şəhid olmasından üç gün sonra xəbər tutduq. Qaynıma zəng vurub Füzuliyə çağırdılar. Əvvəl mənə dedilər ki, yaralıdır. Axşamtərəfi bayrağa bürünmüş nəşini gətirdilər, bir gecə evimizdə qaldı, qonağımız oldu”.


Döyüş meydanında ayağından yaralanan Röyalı yaxın dostu Süleyman Məmmədov sürüyərək çıxarmaq istəyib. Lakin düşmən aman verməyib, Röyalı yenidən hədəfə alıb, snayperlə vurub. Röyala dəyən güllə onun bədənindən çıxaraq dostu Süleymanı da yaralayıb. Süleyman onlara tərəf gələn səkkiz erməni əsgərini öldürüb, dostunun meyiti düşmənin əlinə keçməsin deyə yaralı vəziyyətdə özüylə 700 metr daşıyıb…

Şəhid atası Vaqif Cəfərov oğluyla qürur duyduğunu deyir: “Şəhidlik hər adama nəsib olmur. Vətənimiz sağ olsun. Mən oğlumla fəxr edirəm”. Dərdli ata başqa heç nə demir, danışmaq istəmir…

Şəhid Röyal Cəfərov noyabrın 7-də Gəncədəki Şəhidlər Xiyabanında dəfn edilib. \\Virtualaz





Tarix: 21 noyabr 2020
Baxış: 385

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş