Redaktor seçimi
    Koçaryandan KRİTİK AÇIQLAMA: "Yeni müharibə, yeni ərazilər..."
Xəbər lenti
Reklam
Putin Ərdoğana güvənir: Minsk Qrupu "dəfn" olunacaq, ABŞ və Fransa qalxacaq, Türkiyə masaya oturacaq

 

Rusiya üçün Türkiyə önəmli hərbi-ticari və siyasi tərəfdaşdır… Hər iki superdövlətin ortaq beynəlxalq rəqibləri və önəmli maraqları var… Kremlin Ermənistan ucbatından Türkiyə kimi əhəmiyyətli hərbi-siyasi tərəfdaşla münasibətləri korlamağa həvəs göstərəcəyi qətiyyən inandırıcı deyil…

Cənubi Qafqaz regionunda geopolitik proseslər artıq həlledici mərhələyə qədəm qoyub. Artıq bir çox məsələlər aydınlaşmağa başlayıb. Və yəqin ki, tezliklə regional situasiyanın əsas iştirakçıları konkret mövqe ilə çıxış etmək məcburiyyətində qalacaqlar.
Hazırda isə hələlik Dağlıq Qarabağ uğrunda həllidici savaş gedir. Azərbaycan ordusu ölkəmizin ərazi bütövlüyünü tədricən bərpa etməkdə davam edir. Və hər ötən gün Azərbaycanı tarixi qələbəyə daha da yaxınlaşdırır.
Təbii ki, belə vəziyyətdə diplomatiya sahəsində atılan və atılacaq hər bir addım böyük əhəmiyyət daşıyır. Savaşın ilk günlərində bizi yalnız Türkiyə dəstəkləyirdi. Beynəlxalq informasiya məkanında blokada vəziyyətindəydik.
Ancaq son günlər bu istiqamətdə də vəziyyət ciddi şəkildə dəyişməyə başlayıb. Belə ki, Azərbaycanın intensiv diplomatik təmasları artıq öz müsbət nəticələrini verməkdədir. İndi artıq dünyanın nüfuzlu dövlətləri və beynəlxalq qurumları nəhayət ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin vacibliyindən danışmağa başlayıblar.
Bu, artıq böyük uğurdur. İndi Azərbaycan savaş meydanında olduğu kimi, beynəlxalq siyasi məkanda da üstünlüyü öz əlinə almağa başlayıb. Heç şübhəsiz ki, bu üstünlüyün qazanılmasında Azərbaycan diplomatiyasının məqsədyönlü addımları ilə yanaşı, Türkiyənin beynəlxalq siyasət məkanında rəsmi Bakıya verdiyi qətiyyətli və birmənalı dəstəyinin də böyük rolu var.
Məhz rəsmi Ankaranın bu dəstəyinin və  diplomatik fəallığının nəticəsində hazırda Rusiya savaş meydanında baş verənlərə imkan daxilində neytral qalmağa çalışır. Və bu məqam Azərbaycan üçün önəmli faktor rolunu oynayır.
Maraqlıdır ki, hazırda rəsmi Ankara İranın neytrallaşdırılması prosesinə start vermiş kimi görünür. Çünki İran Ermənistanın Rusiyadan sonra güvəndiyi ən ənəmli dövlətlərdən sayılırdı. Hətta bir müddət öncəyə qədər İran ərazisindən Ermənistana silah-sursat daşınması barədə iddialar da var idi.
Ancaq daha sonra İranın müxtəlif hərbi-siyasi dairələri Azərbaycan üçün böyük önəm daşıyan müsbət açıqlamalar verməyə başladılar. Və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyanladılar.
Bütün bunları nəzərə aldıqda, Türkiyə prezidenti Rəcəb Tayiib Ərdoğanın İran prezidenti Həsən Ruhaniyə zəng etməsi xüsusi önəm daşıyır. Çünki İran Türkiyə ilə olduğu kimi, Azərbaycanla da qonşu ölkədir. Regiona müəyyən təsir imkanlarına sahibdir.
Türkiyə prezidentinin iranlı həmkarı ilə telefon danışığında Dağlıq Qarabağ məsələsinin də müzakirə edilməsi rəsmi Ankaranın bu qonşu dövlətdən daha açıq mövqe gözləməsinin əlamətidir. Prezident R.T.Ərdoğanın İran prezidenti H.Ruhani ilə söhbətində” haqlı ilə haqsızın ayırd edilməsinin vacibliyi”ni vurğulaması da bu baxımdan, dəyərləndirilə bilər.
Belə anlaşılır ki, rəsmi Ankara İranın öz mövqeyini dəqiqləşdirməsində və onu açıq mətnlə bəyan etməsində birbaşa maraqlıdr. Türkiyə rəsmi Tehrana Dağlıq Qarabağ məsələsi ilə bağlı İrandan daha konkret mövqe gəzlədiyinin açıq mesajını verir.
Təbii ki, İranın belə bir mövqe ortaya qoyması Azərbaycan üçün də böyük əhəmiyyət daşıyır. Böyük ehtimalla rəsmi Tehran Türkiyənin bu mesajına həssas yanaşa bilər. Və yaxın günlərdə Dağlıq Qarabağ münaqişəsinə münasibətdə İranın rəsmi dairələrindən daha açıq mətli konkret mövqenin sərgilənə biləcəyini gözləmək qətiyyən yersiz deyil.
Bütün bunlar onu göstərir ki, Türkiyə Cənubi Qafqaz regionu üçün xüsusi söz sahibinə çevrilmiş dövlət statusu qazanıb. Və rəsmi Ankara bu fəaliyyətini daha da intensivləşdirmək niyyətində olduğunu qətiyyən gizlətmir.
Onu da qeyd etmək lazımdır ki, rəsmi Ankaranın bu fəallığı Cənubi Qafqazda maraqları olan bəzi supergücləri qətiyyən məmnun etmir. Çünki rəsmi Ankaranın qətiyyətli və birmənalı mövqeyi onların bu regiondakı geopolitik oyunlarını pozur.
Ancaq bununla belə, Türkiyənin Cənubi Qafqazdakı fəallığını məhdudlaşdırmaq imkanından məhrum olduqlarını da anlayırlar. Ona görə də rəsmi Ankaranın siyasi iradəsinə qarşı çıxmaqdan daha çox, Türkiyə ilə anlaşmağa üstünlük verirlər.
Paşinyan hakimiyyətinin vəziyyətini ağırlaşdıran faktorların sırasında bu amil də önəmli yer tutur. Çünki rəsmi Ankaranın Cənubi Qafqazda fəallaşması regionunda maraqları olan digər supergücləri daha ehtiyatlı davranmağa məcbur edir və bəzi önəmli geosiyasi faktorlara münasibətdə tərəddüdlü möcqeyə sövq edir. Və bununla da Ermənistan ətrafında çənbər daralır, Paşinyan hakimiyyətinin barbar hərbi-siyasi oyunlarını boşa çıxarır.
Digər tərəfdən, bəzi supergüclər artıq Türkiyənin həm yenidən dizayn edilməkdə olan Cənubi Qafqazın gələcək taleyində, həm də ümumiyyətlə, yeni dünya düzəninin şəkilləndirilməsində həlledici söz sahiblərindən biri olacağını qəbul etməyə başlayıblar. Bu səbəbdən də onlardan bəziləri Türkiyəni əngəlləməyə, bəziləri isə öz maraqlarına da uyğun olduğu üçün əməkdaşlıq etməyə üstünlük verirlər. Və bu baxımdan, Cənubi Qafqaz üçün həlledici mərhələnin artıq start götürdüyü qətiyyən şübhə doğurmamalıdır.
Təbii ki, bu mərhələdə Rusiyanın mövqeyi də olduqca böyük əhəmiyyət önəm daşıyır. Çünki bu region Kremlin də strateji maraqları çərçivəsində yer alır.
Maraqlıdır ki, son vaxtlara qədər bir çoxları Cənubi Qafqazın Rusiya və Türkiyə arasında “nifaq alması”na çevriləcəyini, bu iki superdövlətin bu regionda qarşıdurmadan yayına bilməyəcəyini iddia edirdilər. Ancaq onların bu iddiaları özünü qətiyyən özünü doğrultmadı, əksinə, hamısı puça çıxdı.
Məsələ ondadır ki, Rusiya prezidenti Vladimir Putinin son açıqlamalarında Kremlin Türkiyəyə münasibətinin tamamilə fərqli məzmun və keyfiyyətdə olduğunu birmənalı şəkildə təsdiqləndi. Belə ki, Kremlin Türkiyə ilə daha sıx tərəfdaşlıq münasibətlərində ciddi şəkildə maraqlı olduğu dəqiqləşdi.
Hər halda, Rusiya prezidenti Vladimir Putin bir çoxlarının gözlədiyini əksinə olaraq, Türkiyənin və onun prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında bir kəlmə belə, xoşagəlməz ifadə dilə gətirməsi.
Əksinə, Kreml sahibi bəzi məsələlərə münasibətdə fikir ayrılıqları olsa da, Türkiyə və onun prezidenti Rəcəb Tayyib Ərdoğanın etibarlı tərəfdaş olduğunu xüsusi olaraq, vurğuladı: “Türkiyə önəmli tərəfdaşımızdır. Bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan ilə əməkdaşlıq həm məmnunedici, həm də etibarlıdır. O, S-400 almaq istədiklərini dedi və aldı. Halbuki Türkiyəyə qarşı olduqca güclü xarici təzyiqlər var idi’.
Bu, məzmunca böyük önəm daşıyan açıqlandır. Çünki Kreml sahibi Rusiyanın Türkiyəyə güvəndiyini, onun prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə etibar etdiyini qətiyyən gizlətmir. Bu həm də üstüörtülü şəkildə Kremlin Ermənistana güvənmədiyinin ifadəsi kimi də anlaşıla bilər. Yəni Kremlin Ermənistana görə Türkiyə ilə tərəfdaşlıq münasibətlərindən vaz keçmək niyyəti yoxdur.
Onu da qeyd etmək lazımdır ki, Türkiyə və Rusiya hazırda beynəlxalq məkanda demək olar, eyni rəqiblərlə üz-üzə qalıblar. Hər iki dövlətin bu rəqiblərə qarşı ortaq hərəkət etməsi onlar üçün daha sərfəlidir.
Eyni zamanda, Türkiyə Rusiya ilə hərbi-ticari əməkdaşlığı davam etdirmək niyyətindədir və bu, Rusiyanın maraqlarına tamamilə cavab verir. Çünki bu əməkdaşlıq Rusiyaya onmilyardlarla dollar gəlir vəd edir.
Məsələ ondadır ki, Türkiyə ordusunun yeni nəsil hərbi təyyarələrə ehtiyacı var. Vaxtilə rəsmi Ankara bu ehtiyacı ABŞ-dan F-35 təyyarələri almaqla ödəməyə hazırlaşırdı. Ancaq Ağ Ev Türkiyənin Rusiyadan S-400 raket kompleksləri almasına etiraz olaraq, hətta pulunun belə, əvvəlcədən ödəndiyi müqaviləni birtərəfli qaydada pozdu.
Nəticədə rəsmi Ankara Türkiyənin Rusiyadan Su-57 savaş təyyarələrinin alınması barədə düşünəcəyini bəyanladı. Və bu, Kreml üçün Rusiyanın indiki ağır maliyyə-iqtisadi durumunda olduqca ümidverici açıqlamadır.
Göründüyü kimi, Rusiya və Türkiyə arasında qarşıdurmadan daha çox, məhz tərəfdaşlığa yol aça biləcək maraqlar var. Bu isə hər iki supergücün danışıqlar masası arxasında bir-birini daha yaxşı başa düşə biləcəyinin önəmli əlamətidir.
Əslində, Rusiya prezidenti Vladimir Putin son açıqlamasında belə bir ehtimalı qətiyyən istisna etməyib. O, bildirib ki, Minsk Qrupu həmsədrləri ilə bağlı sülh danışıqlarının formatı dəyişdirilə bilər. Bu isə Kremlin Türkiyəni danışıqlar masasında görməkdən narahat olmadığı anlamına gəlir.
Onu da qeyd edək ki, ABŞ, Fransa və Ermənistanın Türkiyənin danışıqlar masasına oturmasına razılı verəcəyi qətiyyən inandırıcı deyil. Halbuki, Türkiyəni danışıqlar masasından kənarda tutmağın da artıq mümkün olmayacağı inkaredilməz reallıqdır.
Bu baxımdan, ehtimal etmək olar ki, həmsədrlərin dövranı artıq bitib və yaxın vaxtlarda Minsk Qrupu “dəfn” olunacaq. Yəni iki dövlət – ABŞ və Fransa masadan qaldırılacaq, onların əvəzinə Türkiyə o masaya oturacaq.
Belə ki, sülh danışıqları yeni formatda – Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan arasında davam etdiriləcək. Bu isə Dağlıq Qarabağ probleminin birdəfəlik həll olunması üçün ən real və effektiv formatdır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
шаблоны для dle 11.2
Tarix: 24 oktyabr 2020
Baxış: 69

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş