Xəbər lenti
Reklam
Üç dəfə ailə quran, şahın yaxın qohumuna ərə gedən XALQ ARTİSTİ

Leyla Şərifova vəfat edib.
Onu kim xatırlayır?
...Mətbuatda oxudum ki, Azərbaycan SSR və Tacikistan SSR-nin Xalq artisti, müğənni Leyla Şərifova bu il fevral ayının 19-da, 94 yaşında Almaniyanın Düsseldorf şəhərində vəfat edib.
Leyla Şərifova 1930-cu il 22 yanvar tarixdə anadan olub. Bəzi sənədlərdə onun 1931-ci ildə doğulduğu qeyd olunub.
Zənnimcə, birinci tarix daha doğrudur. Çünki 85-ci ildə onun ad günüylə, yəni 55 illiyi ilə bağlı konsrt verdiyi çoxlarının yadında ola bilər.
Mən bu xanımı tanıyırdım... O, bir zamanlar çox şöhrətli idi. Ona “Şərq bülbülü” də deyirdilər...
Tacikistandan 1978-ci ildə Bakıya köçən müğənni 1980-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin aparıcı solisti işləyib. Leyla Şərifova Bakıda bir müddət məşhur aktrisa Münəvvər Kələntərlinin evində yaşayıb.
Leyla xanım Bakıya niyə gəlmişdi? O, Tacikistanda da nüfuz sahibi idi, oranın Xalq artisti idi. Xanım Şərifova çox zəhmətkeş və müəyyən qədər şöhrətpərəst idi. Bir neçə dil bilir və həmin dillərdə oxuyur, hətta şeir yazırdı. O, istəyirdi ki, Azərbaycanın da Xalq artisti adını alsın. Daha sonra SSRİ xalq artisti adını almaq asan idi. O, Azərbaycanın Xalq artisti oldu, amma sonra Bakını tərk etdi...
Yeri gəlmişkən onu da demək lazımdır ki, vaxtilə Tacikistanda yüksək vəzifədə işləmiş, Leyla xanımla qonşu olmuş, müğənninin sənətinin pərəstişkarı kimi tanınan bir şəxs, onun Bakıya gəlməsində əsaslı rol oynamışdı. Dediyimiz kimi, L.Şərivova Bakıya həm də karyerasının yüksəlişi üçün gəlmişdi...
Leyla Şərifova Adil Bağırovun rəhbərlik etdiyi "Xatirə" xalq çalqı alətləri ansamblının və Gülarə Əliyevanın rəhbəri olduğu "Dan ulduzu" instrumental ansamblının müşayiəti ilə çıxışlar edib.
Müğənninin repertuarında əsasən türk, əfqan, Azərbaycan, türkmən, ərəb, fars, özbək və ispan mahnıları mühüm yer tutub.
Bəs mən Leyla xanımı haradan tanıyırdım?..
Məsələ burasında idi ki, Leyla Şərifova Bakıda olarkən AzTV-də solist kimi çalışırdı. Onu tez-tez Ədəbi dram, Musiqi və Gənclik redaksiyalarında görərdim. O vaxtlar mən TV-də bir sıra verilişlərin aparıcısı və ssenari müəllifi idim. Onun maraqlı söhbətləri vardı. Tacik-fars və Azərbaycan dillərində şeirlər söyləyərdi. İnanclı idi.
Yadımdadır, Leyla xanım 80-lərin sonlarında Almaniyaya köçdü. Gedərkən Montindəki evlərinin mebellərini mənim yaxın bir şair dostuma satdı. Onlar hər ikisi kövrəlmişdi. O da yadımdadır ki, müğənni xanımın alma yanaqlarını göz yaşları islatmışdı...
Sonralar eşitdim ki, Almaniyaya köçən Leyla xanım orada da yaradcılıq fəaliyyətini davam etdirir.
O, üç dəfə rəsmi ailə qurmuşdu. Sonuncu əri milliyyətcə əfqan olub. Adını yuxarıda çəkmədiyim şair dostumun dediyinə görə həmin adam Əfqanıstan hökmdarı, kral Zahir şahın yaxın qohumlarından biri idi.
Səhv etmirəmsə, Leyla Şərifovanın bir qızı var ki, o da indiki İqtisadiyyat Universitetini bitirmişdi...
Allah rəhmət eləsin.


Firuz Mustafa

Tarix: 20 fevral 2024
Baxış: 124

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş