Redaktor seçimi
    “Boş vaxtlarımda gözəllik axtarışına çıxıram...”
Xəbər lenti
Reklam
“Hər yerdə pul saxlayırdı, dolablarda, qab-qacağın içində…” – Qızı və mühafizəçisi Stalini belə xatırlayır
                                                         
70 il ərzində sovet ideologiyasının rəsmi təbliğatına görə SSRİ vətəndaşları bərabər hüquqa malik olublar, yəni sıravi vətəndaşdan tutmuş dövlət məmurlarına, siyasi birincilərə qədər hamı bərabər olub. Bəli, milyonlarla insan istehsal müəssisələrində, zavod və fabriklərdə, təhsil, mədəniyyət, səhiyyə ocaqlarında işləyərək zəhmətləri ilə qazandıqları halal pulla sosial rifahlarını normallaşdırıblar.

Bəs kommunist rejiminin rəhbərləri necə? Əmək haqqı cədvəlindəki məbləğlər onların zəngin həyatına bəs edibmi?
“SAVAŞ” sfera.az-a istinadla sovet liderlərinin, SSRİ-nin yüksək ranqlı dövlət məmurlarının xərclərindən, xərclədikləri pullardan bəhs edən silsilə yazıları təqdim etməyə başlayır. İlk yazıda SSRİ-yə 30 il rəhbərlik etmiş İosif Stalinin xərclərindən bəhs edəcəyik.

Qeyd edək ki, Stalin hakimiyyətə gələndə onun maaşı 225 rubl olub. Bu məbləğ 1935-ci ildə 500 rubla qaldırılıb. Daha sonra ölkəni idarə etməyinə görə Stalin maaş cədvəlində 1200 rubla qol çəkib.

Uzun illər Stalin sadə həyat tərzi sürən lider kimi təqdim olunub. Əslində isə sovet lideri kifayət qədər zəngin həyat tərzi sürüb. Belə ki, avropalı həmkarlarından heç də fərqlənməyən Stalin ən bahalı maşınlarda gəzib, Kremldə səkkiz otaqlı mənzilə sahib olub. Onun üçün Moskvada və SSRİ-nin ən səfalı yerlərində 21 bağ evi tikilib.
Məlum olduğu kimi, Stalin həftədə ən azı iki-üç dəfə yaşadığı bağ evində silahdaşları üçün ziyafət təşkil edib. Həmin ziyafətlərdə süfrəyə düzülən təamlar və içkilər sıravi vətəndaşlar üçün əlçatmaz sayılıb. Təbii ki, bu süfrələr maaş hesabına təşkil edilməyib.

Ümumiyyətlə, Stalinin bütün xərcləri dövlət hesabına qarşılanıb. Ərzaq, geyim, yanacaq, mənzil və bağ evində təmir işləri, tibbi xidmət və digər xərcləri dövlət ödəyib. Əslində, bu qanuna uyğun olub. Mərkəzi Komitənin İşlər İdarəsində dövlət başçısının xərcləri üçün müəyyən olunmuş vəsait ayrılıb. Qanuna uyğun olmayan o olub ki, Stalinə qanuni ayrılmış puldan 10-15 dəfə artıq pul xərclənib. Əlavə xərclənən pullar isə kiminsə ayağına yazılıb.

İstər Moskvada olanda, istərsə də səfərlərə çıxanda Stalin heç vaxt cibində pul gəzdirməyib. Daha doğrusu buna ehtiyac olmayıb. Qəfil pul lazım olanda isə mühafizəçilərindən götürüb. Təbii ki, qaytarmaq şərtilə. Bu haqda mühafizəçisi Aleksey Rıbin xatirələrində də yazıb: 

“Stalinin üstündə heç vaxt pul olmazdı. Təcili pul lazım olduqda isə bizdən götürərdi. Belə hadisələr əsasən səfərlərdə olurdu. Yaxşı xatırlayıram, Soçidə olarkən Stalin parkın yanında maşını saxlatdırıb düşdü. Onu görcək ətrafdakılar başına yığışdı. Uşaqlar daha çox idi. Stalin Vlasikə (mühafizə rəisi) göstəriş verdi ki, uşaqları konfetə qonaq etsin. Yaxınlıqda şirniyyat köşkü var idi. Satıcısı da gürcü idi. Vlasik həmin köşkdən iki iri qutu konfet gətirib uşaqlara payladı. Bir azdan biz geri döndük. Axşamüstü Stalin Vlasikdən soruşdu:

Sən o satıcının pulunu ödədinmi?
Xeyr, yoldaş Stalin, imkan tapa bilmədim.
Təcili get, satıcı ilə hesablaş.

Vlasik elə həmin andaca köşkə gedib konfetlərin pulunu ödəmişdi. Ancaq Stalin onu pul ödəməyə göndərəndə pul verməmişdi. Çünki üstündə pulu yox idi”.
Cibində pul gəzdirməsə də, Stalinin bağında həmişə böyük məbləğlər olub. Qızı Svetlana Alliluyeva öz xatirələrində bu haqda yazıb:

“Atamın yaşadığı bağda bütün dolablarda, yazı masasının siyirtmələrində, hətta qab-qacaq servantında da içində pul olan zərflər olurdu. Atamın o pulların məbləğindən xəbəri olmurdu və heç vaxt həmin pullardan götürüb cibinə qoymurdu. Ümumiyyətlə, atamın pula münasibəti fərqli idi. Mən Jdanovlar ailəsindən ayrıldıqdan sonra atam mənə qarşı çox qəzəbli idi. Bir dəfə əsəbi vaxtında mənə dedi ki, havayı və hər şeyin hazırına yaşayırsan. Amma sonra biləndə ki, yeməkxanadan gətizdiriyim yeməklərin pulunu ödəyirəm, bir az sakitləşdi. O, mənim Kremldəki mənzildə yaşamağımı istəmirdi. Nəhayət, bir gün bu məsələni də həll etdik. Mənə şəhərdə ev verdilər. Mən azadlıq, insanlarla ünsiyyət haqqı qazandım. Kremldə bu mümkün deyildi. Köçəndə mənə dedi ki, belə daha yaxşıdır, ində sən nə dövlət maşınından, nə dövlət evindən, nə də dövlət bağından istifadə edəcəksən. Biz az-az görüşürdük. Görüşəndə mənə pul verirdi. Amma atam, xüsusilə 1947-ci ildəki pul islahatından sonra qiymətləri çox da ayrıd etmirdi. Onun yaddaşında inqilabdan əvvəlki pullar daha çox qalmışdı. 100 rubl, bu onun üçün ən böyük pul idi. Bir dəfə 3-4 min rubl verdi mənə, elə düşünürdü ki, bu milyon deməkdir. Hər şeyi köhnə pulla hesablayırdı…”

Sadə həyat tərzi ilə “fərqlənən” Stalin qızına və hər iki oğluna Moskvanın  mərkəzində, ən prestijli binalarda mənzillər verib, onlar xarici maşınlarda gəziblər. Elm və mədəniyyət xadimləri, ölkədə böyük xidməti olanlar mənzil şəraitindən əziyyət çəkdikləri bir vaxtda sovet lideri ailə üzvlərini daha üstün sayıb.

Stalin haqqında yaradılan miflərdən biri də onun vəfatından sonra bağ evindən çıxan əşyalarla bağlı olub. Belə ki, sovet lideri vəfat edəndən sonra bağ evindəki əşyalar rəsmiləşdirilib: 6 kitel, 10 şalvar, 4 şinel, 4 furajka (hərbi baş geyimi), 900 rubl saxlanılan əmanət kitabçası.

Maraqlıdır, nəyə görə Stalinin Kremldəki mənzilindən tapılan pullar haqda ictimaiyyətə həmin vaxt məlumat verilməyib. Sovet liderinin Kremldəki mənzilindən nəğd şəkildə 3 milyon 763 min rubl, bir neçə bağlama xarici valyuta tapılması haqqında əks olunan sənədlər bu gün də arxivdə saxlanılır. Amma həmin pulların taleyi, kimə qismət olması haqda heç bir məlumat yoxdur. Bu məqamda məşhur bir ifadə yada düşür: “Kim qazana, kim yeyə…”/ Sfera.az

Gender.az
Tarix: 24 noyabr 2021
Baxış: 116

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}

[an error occurred while processing the directive]