Redaktor seçimi
    Axşam bütün Ermənistan AzTv-yə baxacaq – Etiraf kadrları
Xəbər lenti
Reklam
“Luxe Home” vətəndaşı zorla mənzilindən çıxartmaqla hədələyir? - PREZİDENTİN ÇIXIŞINDAN DƏSR GÖTÜRMƏYƏN MƏMURLAR
                                         
"Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İradə xanımın qəbulunda olmuşam. Mənə dedi ki, bu şirkətin dedikləri ilə razılaşmasam, məni məhkəmə vasitəsilə zorla çıxaracaqlar. Məndən onlarla razılaşmağımı tələb edib"

Nərimanov rayonu, Vladimir Mayakovski küçəsi 7 ünvanında yaşayan Cəlil Rəşidov "Hurriyyet"ə müraciət edərək bildirir ki, iki ildən çoxdur ki, “Luxe Home” MMC tikinti şirkəti evin düz yanında hündürmətəbəli bina tikir. Şikayətçi bildirir ki, aparılan tikinti işləri ilə bağlı mənzilinin divarları zədələnib. Bu azmış kimi işçilərin söyüşləri və səs-küy də onu aidiyyatı qurumlara müraciət etməyə vadar edib:
"İki ildən çoxdur “Luxe Home” MMC evimin düz yanında hündürmərtəbəli bina tikir. Aramızda 1 metr məsafə var. Evimin divarlarını hər tərəfdən zədələyiblər, evimin dam örtüyü deşik-deşikdir, yağış, qar olan kimi su evimin içinə keçir. 2-ildir səs-küy, işçilərin söyüşləri, qalmaqalları olan şəraitdə yaşayırıq. Burda 30 ilə yaxındır ki, yaşayıram. 2006-cı ildə sərəncamla evimin üstünü artırmışam. Yaşayış sahəsi kiçik olduğuna görə, icra hakimiyyətinin sərəncamı ilə üç mərətəbəli və mansarlı mənzil tikmişəm. İki ildir ki, "Luxs home" MMC tikinti şirkəti ətrafımızdakı mənzilləri söküb, bizimlə heç bir razılığa gəlmədən mənzillərdə söküntü işləri aparıb. Sanki kimsə gəlib səni evindən zorla çıxarmağa çalışır. İstədikləri qiyməti verib, məni mənzilimdən çıxartmağa çalışırlar".

Cəlil Rəşidov qeyd edir ki, “Luxe Home” MMC mənzilin yaxınlığında qanunsuz tikinti işi aparmaqla yanaşı, onu da mənzilindən zorla çıxartmaqla hədələyir:
"Şirkət mənim iradəmə və qanunlara qarşı çıxaraq mənzili zorla satmağımı tələb edir.  Məni məhkəmə ilə təhdid edirlər. Daha sonra hədə-qorxu gələrək, kimlərinsə vasitəsilə mənzilimi məndən alacaqlarını deyirlər. Artıq iki ildir ki, çıxılmaz vəziyyətdəyik. Bütün aidiyyatı orqanlara məktub göndərmişəm. İllər əvvəl bu şirkətə tikilişlə bağlı sərəncam verilib. Ərazidə yaşayan insanları isə pis vəziyyətdə qoyublar. Şikayətimizə də baxmırlar. Bakı şəhər İcra Hakimiyyəti də bu şirkəti müdafiə edir.
Vətəndaşın sözlərinə görə, Nərimanov rayon İcra Hakimiyyətinin müavini İradə Muradova da ondan şirkətlə razılaşmağı tələb edib:

"Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İradə xanımın qəbulunda olmuşam. Mənə dedi ki, bu şirkətin dedikləri ilə razılaşmasam, məni məhkəmə vasitəsilə zorla çıxaracaqlar. Məndən onlarla razılaşmağımı tələb edib. Nərimanov rayon məhkəməsində də hiss etdim ki, şirkət məhkəməni ələ alıb. Məhkəmə vətəndaşın deyil, şirkətin müdafiəsinə qalxır. Nəticədə Nərimanov rayon məhkəməsi ədalətsiz olaraq, şirkətin xeyrinə qərar çıxartdı. Hazırda evimin yanında aparılan tikinti işləri səbəbindən dam örtüyümüz deşik-deşik olub. Nəticədə yağış yağanda evimi su basır. Evimin üstündə kran olması səbəbilə bir müddətdir ki, Fövqəladə Hallar Nazirliyinə zəng edirəm. Kranla iş yekunlaşandan bir müddət sonra baxış üçün gəldilər. Bu formada çox haqsızlıqlar baş verir. Cənab Prezident məmur özbaşınalığına son qoyulmasını deyib. İnsanların incidilməməsini çıxışlarında hər zaman deyib. Amma, ölkə başçısının sözləri məmurlara təsir etmir. Şirkət rəhbərliyinin qəbulunda olmuşam. Mənə dedi ki, kimə deyirsən denən xeyir yoxdur. Bildirdi ki, bütün aidiyyatı orqanların haqqını verib və məni mənzildən zorla kənarlaşdıracaqlar. Hətta məhkəməyə kimi tapşırdığını dedi. Əvvəl inanmırdım. Amma son baş verənlər bir daha sübut edir ki, dedikləri doğrudur. Mənim şikayətimə baxmırlarsa, demək onun edikləri həqiqətdir".
QEYD: Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib:

"Siz yaxşı bilirsiniz ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişəm. Mən daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin. İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin. Sizin, media nümayəndələrinin bu sahədə çox böyük rolunuz var. Deyə bilərəm ki, mən bəzən xoşagəlməz hallar haqqında sizdən öyrənirəm, sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir. Deyə bilərəm ki, bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir. Elə məlumatlar var ki, onlar qərəzli xarakter daşıyır. Amma məlumatların mütləq əksəriyyəti təsdiqlənir və dərhal ölçü götürülür. Ona görə dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir".
Ümid edirik ki, yazıda adı çəkilən və digər məmurlar Prezidentin çıxışından dərs götürəcək. Tezliklə vətəndaşın hüquqlarının bərpasına çalışacaqlarına ümid edirik.
Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 66.1. maddəsinə əsasən tikilib abadlaşdırılmış ərazilərdə tikintinin həyata keçirilməsi nəzərdə tutulduğu hallarda sifarişçi, layihəçi və podratçı bitişik və qonşu obyektlərdə, habelə həmin obyektlərin elementlərində deformasiya və zədələnmənin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməli və həmin obyektlərin normal fəaliyyət rejimini təmin etməlidirlər. 66.2. Tikilib abadlaşdırılmış ərazilərdə tikintinin aparılması üçün mühəndis-axtarış işləri yerinə yetirilərkən bitişik (yanaşı) və qonşu binaların yükdaşıyan konstruksiyaları ətraflı öyrənilməli, planlaşdırılan tikintinin mövcud obyektlərə potensial təsiri qiymətləndirilməli və sənədləşdirilməlidir. 66.3. Mühəndis-axtarış işlərinin nəticələrinə əsasən tikinti zamanı bitişik və qonşu obyektlərin texniki vəziyyətinə daimi müşahidə ilə bağlı tədbirlər tikinti layihəsində nəzərdə tutulmalıdır. Deformasiya (zədələnmə) aşkar edildikdə, podratçı tikinti işlərini dərhal dayandıraraq, bu barədə sifarişçiyə, layihəçiyə və müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir.
Vətəndaşın iddiaları ilə bağlı qarşı tərəflərin də fikirlərini dərc etməyə hazırıq.
YƏHYA


Gender.az
Tarix: 14 yanvar 2022
Baxış: 315

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş