Xəbər lenti
Reklam
“Azərbaycanlı general”ın Xocavənddə İKİMƏRTƏBƏLİ EVİ ÜZƏ ÇIXDI - VİDEO

Bir qrup jurnalist Xocavənd rayonunun Edilli kəndinə səfər edib.
Gender.az-ın məlumatına görə, səfər zamanı "Report"u təmsil edən jurnalist İsmayıl Nəsibli xəbər verir ki, bu kənddə qondarma separatçı-terrorçu rejimin qanunsuz “milli təhlükəsizlik xidməti”nin keçmiş “rəisi” “general” Kamo Ağacanyanın da yaşadığı ev var.
İkimərtəbəli evdə Kamo Ağacanyan vaxtı ilə valideynləri ilə birgə yaşayıb. O, bu kənddə doğulub, bu kənddə böyüyüb, bu kəndin suyundan içib.
Qarabağ silsiləsinin cənub-şərq ətəyində yerləşən Edilli kəndi toponim qırğızların edilli tayfa adını özündə əks etdirir. Kənd Ermənistan silahlı birləşmələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilib. 15 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.


Edilli kəndi işğaldan azad edilənə qədər Kamo Ağacanyanın yaxınları həmin evdə yaşayıb. Kəndin yüksək hissəsində tikilmiş ev xarici görünüşünə görə ərazidəki digər evlərdən fərqlənir.
Xocavənd rayonunun Axullu kənd sakini Şaiq Aslanov “Report”un əməkdaşı ilə söhbət edən zaman deyib ki, Kamo Ağacanyanla Edillidəki beynəmiləl məktəbində eyni vaxtda təhsil alıb:

Şaiq Aslanov

Şaiq Aslanov
“Kamo Ağacanyanın atası Kərimov Əkbər İbad oğlu azərbaycanlıdır. Kamo məndən bir sinif aşağı oxuyub. Onun və digər qardaş-bacılarının soyadı 1987-ci ilədək sənəddə Kərimov idi. Kamonun anası ermənidir. Hadisələrin ilk başlanğıcında - 1987-ci ildə Kamo və qardaş-bacıları soyadını dəyişərək Ağacanyan, ata adını isə Əkbəroviç etdilər. Biz bunu idman yarışların birində bildik. Həmin yarışda Kamonun soyadını Ağacanıyan kimi təqdim etdilər. Onun soyadına güldük, hətta lağ da etdik. Çox aqressiv dığa idi. Bir sözlə hər kəs bilirdi ki, Kamonun atası azərbaycanlıdır və o, soyadını, ata adını dəyişdirib”.
Şaiq Aslanov bildirib ki, Birinci Qarabağ müharibəsinin ilk günlərində Kamo Ağacanyan erməni qruplarına rəhbərlik edib, azərbaycanlılara qarşı daha çox aktivliyi ilə seçilib:


“1992-ci ildən sonra bildik ki, Kamo quldur erməni ordusunun quldur dəstələrində rəhbər vəzifədə çalışır. Sonralar isə rus mətbuatında onun qondarma respublikada “yüksək vəzifə”lərdə çalışdığını, “general” rütbəsi aldığını bildik. Sosial şəbəkə və internet vasitəsi ilə işğal edilən ərazilərimizi izləyirdim. Həmin vaxtlar ermənilər qeyd edirdi ki, bu ərazilərdəki bağlar, əkin sahələri, mağazaların hamısı onun qardaşı və yaxın qohumlarının nəzarəti altında olub. Bu ev əvvəllər bir mərtəbədən ibarət acınacaqlı vəziyyətdə idi. Bizim ərazilərimizdən oğurladıqları ilə evini ikimərtəbə edib, özünə yaxşı şərait, mülk qurub”.
Şaiq Aslanovun sözlərinə görə, Kamo Ağacanyan məktəbdə oxuyan zaman azərbaycanlılara olan münasibətdə ermənilərin lideri kimi çıxış edirdi:

“Həm idman yarışlarında, həm də davalar zamanı o, ermənilərin tərəfini tuturdu. Qardaş və bacılarının da adları erməni adları idi - Vlad, Nune, Anna. Kamonun atasının azərbaycanlı olmasına baxmayaraq, azərbaycanlı uşaqları sevmirdi, onlara qarşı aqressivliyi ilə seçilirdi”.
Qeyd edək ki, Kamo Ağacanyan 1971-ci ildə Edilli kəndində doğulub. 1989-cu ildə həmin kəndin orta məktəbini bitirib, Sovet ordusu sıralarında xidmət edib. O, daha sonra ermənilərin Azərbaycan torpaqlarını işğal edən zaman düşmən tərəfindən Ordumuza qarşı vuruşub, “xidmətləri” sayəsində qondarma respublikada “yüksək vəzifələr”də çalışıb.
 

Tarix: 16 fevral 2021
Baxış: 226

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş